“Bəlkə də yerüstü piyada keçidinin açılışı sadə bir şey kimi görünə bilər, amma əslinə qalanda bu, sadə bir şey deyil. Ona görə ki, birincisi, 20-30 il bundan öncə Azərbaycanda indiki zənginlik yox idi, ikincisi, yollarımız bu qədər abad deyildi, üçüncüsü, yollarda bu qədər intensiv nəqliyyat hərəkəti yox idi, dördüncüsü, piyadaların bu qədər intensiv hərəkət zərurəti yox idi. Təbiidir ki, o illərdə, tutaq ki, 30 il öncə belə bir piyada keçidi açmağa bu qədər zərurət yox idi. Amma indi Azərbaycanda nə baş verir? Əsasən də, ölkənin sosial-iqtisadi inkişafı müxtəlif sahələrdə yeniləmələrin gətirilməsini zəruri edir. O cümlədən, yollarda hərəkətin təşkili ilə bağlı yeni qaydalar, standartlar, təbiidir ki, yeni imkanlar tələb olunur.” Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçi qeyd edib ki, bu baxımdan, Prezidentin sözügedən yol hissəsində, Mərdəkan-Zuğulba avtomobil yolundakı piyada keçidinin açılışında iştirakı əlbəttə, təqdirəlayiqdir, diqqət çəkəndir.
“Azərbaycan bu gün elə bir səviyyəyə gəlib çatıb ki, doğrudan da yollarımız yüksək sürət üçün əlverişlidir. Eyni zamanda, yeni salınmış, təmir edilmiş, yaxud bərpa edilmiş yollarımızda yüksək sürətli hərəkət qaçılmazdır. Yəni, artıq Azərbaycan avtomobillərin yavaş sürətlə hərəkət edə biləcəyi bir ölkə deyildir. O baxımdan da hərəkətin uyğunlaşdırılması və hərəkət imkanlarının uyğunlaşdırılması zərurəti mütləqdir. Bax, Cənab Prezident də bu zərurəti yaxşı anladığı üçün ölkənin müxtəlif bölgələrində, özəlliklə də Bakı kimi ən böyük şəhərimizdə, insanların və nəqliyyatın intensiv hərəkət etdiyi şəhərimizdə yerüstü keçidlərin tikilməsinə ayrıca diqqət yetirir. Yəni, bu, Azərbaycanın həm də iqtisadi inkişafının, insanların rifah halının yüksəlməsinin daha bir göstəricisidir. Qeyd etdiyimiz kimi, buna bir zərurət yaranmışdır və o zərurətin ödənilməsi əlbəttə ki, yerinə yetirilməsi vacibdir. Məhz buna görə də Cənab Prezident bu cür məsələlərə xüsusi diqqət ayırır. Əlbəttə, ola bilərdi ki, Azərbaycanda, özəlliklə də yol, nəqliyyat infrastrukturunda bu qədər inkişaf olmazdı. Yəni avtomobillər seyrək olardı və o cür yollardan keçmək problem olmazdı. Bəli, onda yerüstü, yaxud yeraltı keçidlərin tikilməsinə zərurət olmazdı. Amma bu gün elə bir həddə çatmışıq ki, hətta bəzən bir ailədə bir deyil, bir neçə avtomobil var. Bu da təbii ki, təsadüfi deyil. Bu da eyni zamanda, onun göstəricisidir ki, əksəriyyət vətəndaşların rifah halı kifayət qədər yüksəkdir və ona görə də bir ailə özünə bir deyil, bir neçə avtomobil alma imkanına sahibdir. Yəni biz yenə də müqayisə etsək, 25, 30 il bundan öncə ümumiyyətlə, hətta Bakının müxtəlif məhəllələrində həyətə girəndə 3-5 avtomobilə güclə rast gəlirdik. Amma bu gün hətta Bakı şəhərinin ucqar məhəllələrində həyətə girəndə maşın saxlamağa yer tapa bilmirik. Piyadaların normal hərəkət etməsi və uşaqların oynaması üçün yer tapa bilmirik. Niyə? Ona görə ki, avtomobillərin sayı həddən artıq çoxdur. Bu çoxluq da onu zəruri edir ki, yollarda hərəkətin optimallaşdırılması üçün müxtəlif vasitələr, qurğular tikilsin, istifadəyə verilsin. Bax, yerüstü və yeraltı keçidlərin də tikilməsi məhz bu amildən qaynaqlanır. Təbiidir ki, bütün bunlar insanların xidməti üçündür. İnsanlar bundan istifadə edəcəklər, etməlidirlər və dövlət də o zərurəti həmişə nəzərə alır”, deyə Azər Həsrət bildirib.