Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərindən sonra qurulacaq hökumətdə baş nazir vəzifəsinə namizədini açıqlayıb.
Diaspor info xəbər verir ki, partiya seçkilərdə qalib gələcəyi təqdirdə baş nazir vəzifəsinə hazırkı hökumət başçısı Giorgi Qaxarianın namizədliyini irəli sürüb. Gürcüstan parlamentinin sədri vəzifəsinə isə hazırki sədr Arçıl Talakvadzenin namizədliyi göstərilib.
Partiyanın proporsional seçki siyahısının ilk iyirmiliyində yer alan şəxslərin də adları açıqlanıb. Partiyanın majoritar seçki siyahısında azərbaycanlılardan Marneuli şəhərinin meri Zaur Darğallının namizədliyi irəli sürülüb. Proporsional siyahıda isə hələlik heç bir azərbaycanlı namizədin adı açıqlanmır.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.
Giorgi Qaxaria jurnalistlərə açlqlamasında deyib ki, seçkilərdən sonra ölkədə koalision hökumətə ehtiyac olmayacaq. “Ona görə ki, “Gürcü arzusu” partiyası seçkilərdə parlaq qələbə qazanacaq” – deyə, Qaxaria vurğulayıb.