"Elə gün olmur ki, işğal altındakı torpaqlarımızla bağlı qanqaraldıcı xəbərlər almayaq. Gah xəbər tuturuq ki, düşmənlər nəzarət edə bilmədiyimiz ərazilərimizdəki yeraltı, yerüstü sərvətlərimizi daşıyıb aparırlar. Gah eşidirik ki,ermənilər həmin bölgələrimizdəki tarixi, mədəni irsimizi, məscidlərimizi məhv edir, şəhər və kəndlərimizi məskunlaşdırır, süni şəkildə demoqrafik vəziyyəti öz xeyirlərinə dəyişir, infrastruktur layihələr həyata keçirir, yeni hərbi bazalar, istehkamlar tikir...".Bunu Diaspor info-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Onun sözlərinə görə, son günlər Livandan gətirilmiş erməni ailələrinin Şuşada yerləşdirilməsi hər bir azərbaycanlının əsəblərini lap tarıma çəkib: "Şuşa bizim üçün təkcə tarixi yurdumuz, milli, mədəni, mənəvi əhəmiyyətə malik şəhərimiz deyil. Şuşa xalqımız üçün namus, qeyrət məsələsidir. Ermənistanın zəbt etdiyi torpaqlarımızdakı hər bir addımı hərbi cinayətdir, əslində,müharibəyə səbəb olacaq faktorlardır. Müharibə uzaqda deyil. Hərçənd ki, biz savaşa çoxdan hazırıq. Qlobal və regional şəraitə uyğun olaraq qəfildən düşmənin ürəyindən vuracağıq.
Əlbəttə ki, bu, əlimizi, qolumuzu sallayaraq həmin anı gözləmək anlamına gəlməməlidir. Təcili görüləsi işlərimiz var. Qeyd etdiyim kimi, Ermənistanın ərazilərimizdəki bütün əməlləri - etnik təmizləmə, soyqırımlar, tarixi izlərimizi məhv etmələri, qanunsuz məskunlaşdırmalar və s.insanlığa qarşı cinayətlərdir. Bu işlərə baxan xüsusi qurumlar var. Gəlin, onlara müraciət edək.Tələb edək ki, bu məsələləri öyrənib, hüquqi qiymət versinlər. Beynəlxalq kriminal məhkəməsi var. İnsanlığa qarşı cinayətlərlə mübarizə təşkilatları var. Niyə biz onların qapılarını döymürük? Kim buna mane olur? Düşünürəm ki, bu yöndə böyük nəticələr əldə etmək, Ermənistana ciddi hüquqi zərbə vurmaq imkanlarımız mövcuddur.
Xarici İşlər nazirliyinin, yaxud hansısa başqa dövlət qurumunun Ermənistanın yeni - yeni cinayətləri ilə bağlı verdikləri şablon bəyanatlardan əl çəkmək lazımdır. Çünki onların heç bir hüquqi, siyasi nəticəsi yoxdur. Belə dişsiz açıqlamaların əvəzinə, beynəlxalq məhkəmələrə, BMT tərkibindəki ixtisaslaşmış təşkilatlara rəsmi müraciətlər ünvanlamaq lazımdır.
Bir məsələni də xüsusi ilə vurğulamaq istəyirəm. 30 ildir ki, ölkəmizin ərazisinin 20% - i Ermənistan tərəfindən zəbt olunsa da, Milli Məclis hələ də işğal faktı ilə bağlı qanun qəbul etməmişdir. Əraziləri Rusiya tərəfindən işğal olunmuş qonşu Gürcüstanda, Ukraynada belə qanunlar çoxdan mövcuddur. Hər dəfə anons verirlər ki, bizim parlamentdə də sözügedən normativ hüquqi akt hazırlanır. Fəqət ortada heç nə yoxdur. İşğala aid xüsusi qanun bizə ermənilərin antiinsani cinayətlərinin beynəlxalq məhkəmələrdə, digər instansiyalarda ifşa edilməsi və hüquqi qiymət alması üçün vacibdir. Həmin normativ hüquqi sənəddə bütün faktorlar - qaçqın və köçkünlərin vəziyyətindən tutmuş, qətlə yetirilmiş, əlil olmuş dinc sakinlər, xidmət borclarını yerinə yetirərkən şəhid olmuş, yaralanmış hərbçilərlə bağlı və s.məsələlər öz əksini tapmalıdır".