Prezident İlham Əliyev: “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr barədə danışarkən deyib: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır!”.
Vətən Müharibəsinin 8 günü - QƏLƏBƏLƏR bunun sübutudur...
Vətən Müharibəsinin 7-8-ci günü – oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Madagizin erməni işğalından azad olunduğunu elan etdi: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”. Dövlətimizin başçısının Tvitter səhifəsində etdiyi bu paylaşımdan bir qədər sonra isə Madagizin tarixi adını bərpa etdiyini bildirdi: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır”.
Gözümüz aydın xalqımız, adın mübarək – SUQOVUŞAN! Bu gün mənliyimiz, kimliyimiz, qeyrətimiz, birliyimiz, qürur mənbəyimiz olan üç rəngli bayrağımız Suqovuşanda dalğalanır. Bu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev siyasətinin, Güclü Azərbaycan Ordusunun və rəşadətli əsgərlərimizin, xalqımızın birliyinin qələbəsidir!.
“Cəbrayıl rayonunun böyük hissəsi işğaldan azad olunub. Uzun müddətdən sonra Cəbrayıl işğaldan azad olundu. Cəbrayıl bizimdir”
Hər gün, hər saat ardıcıl olaraq qələbə sorağını eşitmək və bu sevinci xalqımıza bəxş edən ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Cənabları ilə, Güclü Azərbaycan Ordusu və rəşadətli, qəhrəman əsgərlərimizlə Azərbaycan xalqı qürur və fəxr edir. Və bu gün növbəti qələbə sorağı 1993-cü ildən təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Cəbrayılımız və 9 kəndimiz işğaldan azad olundu. Bundan böyük sevinc olar? Qələbə münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də xalqa müraciət edərək bildirib: “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bu gün cəbrayıllılar, bütün Azərbaycan xalqı sevinc içindədirlər: “Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu gün Azərbaycan xalqı Cəbrayıl və 9 kəndinin işğaldan azad olması sevincini yaşayır və bu qələbə sevincini xalqımız bütün torpaqlarımız azad olduqca yaşayacaqlar: “Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi. Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə!”, - deyə dövlətimizin başçısı bildirib.
Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb
Elə oktyabrın 4-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Artıq həmin postda Azərbaycan Bayrağı dalğalanır!
Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənablarının uğurlu siyasəti, budur, Güclü Ordumuz və rəşadətli əsgərlərimizin gücü, qeyrəti, xalqına, Vətəninə, torpağına məhəbbəti! Xalqımız bu tarixi anları yaşamazdan bir qədər əvvəl Ermənistanın baş naziri diaspor təşkilatlarına müraciət edərək çarəsiz halda yardım dilənirdi. Belə olan halda xalqımız öz RƏHBƏRİ, PREZİDENTİ, Ali Baş Komandanı İlham Əliyev Cənabları ilə, Güclü Ordusu, məğlub olmaz əsgərləri ilə fəxr və qürur duymağa haqqı var! Şanlı tariximizə qızıl hərflərlə yazılan bu gün həm də tarixə Paşinyanın məğlubiyyətlərinin etirafı kimi yazılacaq. Ermənistanın baş naziri müraciətində çoxlu sayda qüvvə və hərbi texnika itirdiklərini dilə gətirdi və erməni diasporundan imdad dilədi. Bəli, artıq bütün sahələrdə böyük uğurlara imza atan Silahlı Qüvvələrimiz tarixi ədaləti, öz ərazi bütövlüyümüzü təmin edir. Azərbaycan xalqı qələbələrə sevinir, ermənilər isə məğlubiyyətə düçar olurlar. Bu gün şanlı Ordumuzun düşmənə endirdiyi zərbələrdən qorxuya düşən ermənilər artıq Xankəndidən, Laçından Yerevana köç edirlər. Bütün cəbhə boyunca ağır itkilər verən düşmən geri çəkilir.
Qeyd edək ki, Tərtər rayonunun strateji əhəmiyyətli ərazisi olan Suqovuşan 1994-cü ildə düşmən tərəfindən işğal edilmişdi. Bu ərazinin işğaldan azad olunması ilə Ordumuz mühüm yüksəkliklərə yiyələnmiş oldu. Bu yaşayış məntəqəsi keçmiş Ağdərə rayonu ilə Kəlbəcər rayonu arasındakı şimal yolunun üzərində yerləşir. Buraya yaxın ərazidə ermənilərin əsas hərbi bazalarından biri də yerləşirdi. Suqovuşanın azad edilməsi Ordumuzun əks-hücum əməliyyatlarını daha da genişləndirməyə imkan verəcək.
“Biz öz torpaqlarımıza qayıdacağıq, bu, bizim üçün tarixi vəzifədir”
“İşğal olunmuş həmin ərazilərdən güclə çıxarılmış insanlarımız demək olar ki, 30 ildir bir arzu ilə, bir amalla yaşayır – geri qayıtmaq”. Prezident İlham Əliyev bu fikri “Əl-Cəzirə” telekanalına müsahibəsində səsləndirib. “Mən sizə 2016-cı ilin aprelində yenə də erməni təcavüzü nəticəsində əks-hücuma keçməklə ərazilərimizin bir hissəsini azad etməyimizlə bağlı əyani bir nümunə göstərə bilərəm. Kəndlərimizdən biri ermənilər tərəfindən dağıdılmışdı və azərbaycanlılar geri qayıda bilmirdilər, çünki ermənilərin mövqeləri dağlarda idi. Biz qaçqınlar üçün yeni kənd tikdik və hətta heç vaxt o torpağı görməyənlər, ondan sonra dünyaya gələnlər belə hamısı Cocuq Mərcanlıya qayıtdı. Mən demişdim ki, Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir. Mən demişdim ki, qayıdışımız indi başlayır. Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq",-deyən dövlət başçısı “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bildirib: "Biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu, bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq”.
Azərbaycan Prezidenti, Ali Baş Komandan bütün çıxışlarında da , xalqa müraciətində də dönə-dönə bildirib ki, haqq yolunda apardığımız mübirizədə qalib olacağıq və bu zəfərdə də Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində bildirib ki, bu gün Azərbaycan bütün məsələləri özü həll edir və Güclü Ordumuzun, mərd əsgərlərimizin şücaəti ilə erməniləri iti qovan kimi qovur və işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır: “Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!
“Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır!”,- deyərək dövlət başçımız bildirib: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Bəli, bu gün hər birimiz o tarixi anları yaşayırıq. Hər an şad xəbər gözləyirik. Hər bir Azərbaycan vətəndaşı üçün qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Əminliklə düşmənin müzəffər Azərbaycan Ordusundan aldığı cavabı uzun müddət unutmayacağını və çox tezliklə Azərbaycan bayrağının Qarabağımızın hər bir guşəsində dalğalanacağını görəcəyik! Qələbə bizimlədir! Güclü Ordumuz, rəşadətli əsgərlərimiz, növbəti QƏLƏBƏ SORAĞI İLƏ, Ulu Tanrı dayağınız olsun!!!