"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adı ilə tarixdə qalacaq hadisələr haqqında danışarkən ilk növbədə ermənilərin Azərbaycanda məskunlaşdırılması məsələsinə diqqət yetirmək zərurəti yaranır. Ümumiyyətlə tarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda ermənilər yaşamamışdır. XIX əsrdə bütün Şərqi Avropada, o cümlədən Rusiyada cərəyan edən hadisələr (Rusiya-Türkiyə, Rusiya-İran müharibələri) Azərbaycanın şimal qonşusunun regionda mövqelərinin getdikcə zəifləməsinə gətirib çıxarırdı. Rusiya cənub sərhədində müsəlman və türk ölkəsinin mövcudluğundan da ciddi narahatlıq keçirirdi və elə buna görə də Şimali Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını reallığa çevirməyə başladı. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazisində yerləşdirildi. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam etdi və burada erməni vilayəti yaradıldı. Doğrudur, sonralar, 1846-cı ildə bu vilayət ləğv edildi, bununla belə, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoydu". Bunu Diaspor info-ya tarix üzrə fəlsəfə doktoru, hüquqşünas Zaur Adıgözəlov deyib.
Onun sözlərinə görə, təxminən 200 il əvvəl Rusiya çarı bir qisim erməni əhalisinin Dərbənd və Qubaya köçürülməsi barədə fərman imzalamışdır. "Dərbənd və Müşkir ermənilərinin imtiyazları və sərbəst hərəkət etmək hüququ haqqında" adlanan bu fərmanda ermənilərə kifayət qədər geniş hüquqlar verilmiş və onların həyat şəraitinin yaxşılaşdırılması üçün münbit torpaqlara köçürülmələrinin vacibliyi qeyd olunmuşdu: "1723-cü ildə isə Rusiya çarı I Pyotr 12 sentyabr tarixli müqavilə əsasında Bakı, Dərbənd və Quba ərazilərinə ermənilərin köçürülməsi üçün xüsusi yerlər ayrılması barədə fərman imzalamışdır. 1726-cı ildə II Yekaterina ermənilərə xüsusi mərhəmət göstərməyin və onları himayə etməyin zəruriliyini ifadə edən fərman vermişdir. 1729-cu ildə Rusiya çarının fərmanı ilə bir qrup erməni məliyi Rusiya təbəəliyinə qəbul olunmuşdur. 1799-cu ildə çar I Pavel ermənilərin Qazax ərazisində məskunlaşdırılmasına kömək üçün Kartli-Kaxetiya çarlığına xüsusi göstəriş vermişdir. Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəinki ayrı-ayrı fərmanlarda və göstərişlərdə, hətta dövlətlərarası sazişlərdə belə öz əksini tapırdı. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsində belə bir maddə də öz əksini tapmışdı ki, İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiya ərazisinə keçmək hüququ verilir. Bununla da əslində ermənilərin Azərbaycan ərazilərinə köçməsi üçün zəmin yaradılırdı. Çünki Rusiya əraziləri dedikdə məhz İrana daha yaxın olan Azərbaycan nəzərdə tutulurdu.
1828-1829-cu illərdə baş vermiş Türkiyə-Rusiya müharibəsindən sonra Türkiyədəki ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi barədə razılıq əldə olunmuşdu. Bunun reallaşdırılmasını sürətləndirmək məqsədilə Rusiyada xüsusi komitə yaradılmış və 12 maddəni əhatə edən ümumi qaydalar müəyyənləşdirilmişdi. Pyotrun vəsiyyətlərinə istinad edən bu siyasətin əsas məqsədi Azərbaycan ərazisini etnik baxımdan parçalamaq və burada xristian xalqlarının yerləşdirilməsini həyata keçirməklə cənubdan gələ biləcək təhlükələrə qarşı sipər yaratmaqdan ibarət olmuşdur. Beləliklə də ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilir, onlar üçün burada yaxşı şərait yaradılır və münbit torpaqlar ayrılırdı. Məşhur rus statistiki İ. Şopenin hesablamalarına görə, XIX əsrin əvvəllərində təkcə İrəvan şəhərində 2400 azərbaycanlı ailəsi, 12 min nəfər azərbaycanlı yaşayırdı. Şəhər ruslar tərəfindən alınandan sonra əhalinin bir qisminin İrana köçməsinə baxmayaraq, yenə də azərbaycanlılar şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Belə ki, 1829-cu ilin məlumatına görə, təkcə İrəvan şəhərində əhalinin beşdə dördünü və yaxud 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında birinci dəfə keçirilən əhalinin siyahıyaalınmasına görə, 1897-ci ildə Qərbi Azərbaycanda - İrəvan quberniyasında 313.178 nəfər azərbaycanlı yaşamışdır. Lakin bir neçə il sonra bu rəqəmlər tamamilə dəyişmişdi. Ermənilər ərazilərimizdə məskunlaşdıqdan sonra öz dövlətlərini yaratmaq haqqında düşünməyə başladılar. Elə bunun nəticəsi idi ki, 1905-1906-cı illərdə Azərbaycanda ermənilər tərəfindən kütləvi soyqırımı aktları həyata keçirilmişdir. Bu illər ərzində onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlıları məhv etmiş, dəhşətli cinayətlər törətmişdilər.
Tarixi qaynaqlarda təsdiqlənir ki, ermənilər həmin hadisələr zamanı Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl ərazilərində 75 Azərbaycan kəndini tamamilə yerlə yeksan etmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsini dağıtmışdılar. "Paytaxtsız" respublika yarandığı gündən erməni şovinistləri əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Loru-Pəmbək və Şörəyel qəzalarında, Zəngəzurda, Göyçədə və digər yerlərdə kütləvi qırğınlar törətdilər. Faktlar göstərir ki, Ermənistan Respublikasında qatı millətçilərin hökmranlıq etdiyi 1918-1920-ci illərdə onlar "Türksüz ermənistan" şüarını həyata keçirməyə xeyli dərəcədə nail ola bilmişdilər. Həmin dövrdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlının 565 mini öldürülmüş və ya zorla öz yurdlarından qovulub çıxarılmışdı. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Qarabağın dağlıq ərazilərində yerləşən 150-dən çox kənd yerlə yeksan edilmişdir. Bu kəndlərdə ermənilərin keçirdikləri əməliyyatlar faciəvi miqyasına görə dünya tarixinin ən amansız hadisələrindən olmuşdur. Zəngəzur qəzasında da eyni üsullarla 115 kəndi vəhşicəsinə darmadağın edən ermənilər İrəvan quberniyasında 211, Qarsda 92 kəndi talan edərək yandırmışlar. 70 illik sovet hakimiyyəti dövründə Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirən ermənilərin bu istiqamətdə iddiaları get-gedə daha da artdı. Moskvada dövlət idarə aparatında yuva salmış erməni lobbisinin bu yolda həyata keçirməyə nail olduğu mənfur niyyətlərindən biri də müharibədən sonra xaricdən gələn ermənilərin yerləşdirilməsini bəhanə edərək İ. Stalinin xeyir-duası ilə dövlət səviyyəsində azərbaycanlılara qarşı həyata keçirilən deportasiya siyasəti olmuşdur.
1920-ci ildə Azərbaycanın Zəngəzur bölgəsinə sahib olan ermənilər 1921-ci ildə Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istədilər. 1923-cü ilin iyulunda Dağlıq Qarabağa muxtariyyət verilməsinə nail ola bildilər. Bununla belə, onlar Dağlıq Qarabağa yiyələnə bilmək iddiasından əl çəkmir, dəfələrlə bu barədə məsələ qaldırırdılar. Göründüyü kimi, hətta Sovet İttifaqının tərkibində yaşadıqları dövrdə belə Azərbaycan və Ermənistana münasibətdə ayrıseçkilik açıq şəkildə müşahidə olunurdu. Sovet imperiyasının rəhbərliyi sələflərinin vəsiyyətlərinə sadiq qalaraq erməniləri məzlum və fağır bir xalq kimi təqdim edir, onların dirçəlməsinə, Ermənistanın iqtisadi və siyasi inkişafına ciddi dəstək verir, Azərbaycan ərazilərinin bu respublikaya birləşdirilməsi istiqamətində səy göstərirdilər. Bu, həm Leninin, həm də Stalinin hakimiyyəti illərində Sovetlərin Cənubi Qafqaz siyasətində əsas yerlərdən birini tutmuşdur. 1945-ci ilin noyabrında Ermənistan KP MSK-nın birinci katibi Q. Arutyunov İ. Stalinə məktubla müraciət edərək Dağlıq Qarabağın Ermənistan SSR-lə həmsərhəd olduğunu, iqtisadiyyatı ilə guya sıx bağlılığını nəzərə alaraq onun Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırır. Həmin məktubu İ. Stalin K. Malenkova ünvanlayır. O isə, öz növbəsində, cavab üçün sənədi Azərbaycan SSR rəhbərliyinə göndərir.
Dağlıq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olduğu haqqında geniş məlumat verən M. C. Bağırov məktubunun sonunda bildirir ki, Şuşa rayonunu çıxmaq şərti ilə Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər də Azərbaycana qaytarılsın. Belə olduqda ermənilər Ermənistanda yaşayan və əsasən Azərbaycanla həmsərhəd rayonlardakı azərbaycanlıları köçürmək üçün başqa hiyləyə əl atırlar. Azərbaycanın Muğan-Mil düzlərində pambıq əkilən rayonları işçi qüvvəsi ilə təmin etmək bəhanəsiylə Ermənistan ərazisində olan azərbaycanlıları köçürmək və onların yerində xaricdən gələn erməniləri yerləşdirmək təklifini irəli atır və buna müvəffəq olurlar. Siyasi Partiyalar arxivində bu məsələ ilə əlaqədar 1947-ci ilin dekabrında M. C. Bağırovun və Q. Arutyunovun birlikdə imzaladığı və Stalinə göndərilmiş məktubun surəti qorunub saxlanılır. Məktubda məhz yuxanda deyilən məsələlərlə bağlı konkret təkliflər irəli sürülmüşdür. Nəticədə SSRİ Nazirlər Soveti 1947-ci il dekabr ayının 23-də "Ermənistan SSR-dən kolxozçuların və digər Azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar qəbul edir. Şəxsən İ. Stalinin imzaladığı və heç bir girişi olmadan bilavasitə onun qərar hissəsindən başlanan bu sənəd, məzmunundan da göründüyü kimi, çox tələsik hazırlanmışdı.
Təsadüfi deyildir ki, 1948-ci il martın 10-da SSRİ Nazirlər Soveti həmin qərara əlavə olaraq ikinci bir qərar da qəbul etməli olur. Özü də 1947-ci il 23 dekabr tarixli qərara əlavə qeydi olan və İ. Stalinin imzaladığı bu ikinci qərarda azərbaycanlıların köçürülməsi ilə əlaqədar tədbirlər planı özünün geniş əksini tapmışdı. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından sürgün olunmuşdu. Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli fərmanının ilk cümlələri belə başlayır: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir". Tarixi faktlar belə şəksiz həqiqəti tamamilə təsdiq edir ki, indiki Ermənistan adlanan ərazi XIX əsrə qədər xalis türk yurdu - azərbaycanlıların yaşadıqları ərazi olmuşdur.
Məlum olduğu kimi, 1918-ci il mayın 27-də "Ermənistan Respublikası" elan edildiyi zaman bu qondarma dövlətin paytaxtı belə yox idi və Azərbaycan Milli Şurası 1918-ci il 29 may tarixli iclasında səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan Respublikasının paytaxtı kimi tanımışdır. Vaxtilə əhalisi başlıca olaraq azərbaycanlılardan ibarət olan Qərbi Azərbaycan əyalətlərində - Zəngibasar, Vedibasar, Zəngəzur, Göyçə, Ağbaba, Dərəçiçək, Sisyan, Qafan, Qəmərli, Qaraqoyunlu, Qırxbulaq, Şərur, Sürməli, Seyidli, Sərdarabad, Abaran, Gərnibasar və başqa yurdlarımızda bir nəfər belə azərbaycanlı qalmasa da, tarixin yaddaşına həmin vilayətlər qədim azəri yurdları kimi həkk olunmuşdur. Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə birləşdirilməsi məsələsi hətta Kremlin özündə və Siyasi Büroda müzakirə edilən məsələlərdən birinə çevrilmişdi. Öz himayədarlarının köməyilə ermənilər Azərbaycan ərazilərini Ermənistana birləşdirmək səylərini davam etdirirdilər. 1969-cu ilin mayında Qazax və bir neçə başqa rayonun ərazisində yerləşən bəzi kəndlərin Ermənistana birləşdirilməsi barəsində bu ölkənin Ali Soveti qərar qəbul etdi. Bu qərar SSRİ Ali Soveti tərəfindən də təsdiq olundu.
Lakin Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi bu qərarın həyata keçməsinə imkan vermədi. SSRİ kimi nəhəng bir dövlətdə qanunverici orqanın qərarının yerinə yetirilməməsinin nə demək olduğunu başa düşmək çətin deyil. Lakin Heydər Əliyev öz xalqının milli maraqları naminə böyük riskə gedərək Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsinin qarşısını aldı. Buna baxmayaraq, 1986-cı ildə Azərbaycan rəhbərliyinin etinasız münasibəti ucbatından həmin qərarda nəzərdə tutulan bəzi ərazilər Ermənistana birləşdirildi. 1977-ci ildə Sovetlər İttifaqının yeni Konstitusiyasını işləyib hazırlayan komissiya Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə birləşdirilməsini təklif etdi. Respublikanı komissiyada təmsil edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin sərt reaksiyası və bu təklifi qəti şəkildə rədd etməsi onun həyata keçirilməsinin qarşısını aldı. Ümummilli Liderimiz 2001-ci ildə Azərbaycan parlamentində aparılan müzakirələrdə bu məsələyə toxunaraq deyirdi: "1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu. Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma qarşısını almaq da çətin idi. Amma aldım. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım". 1985-ci ildə Sov. İKP MK-nın Baş katibi vəzifəsinə seçilən Mixail Qorbaçov bu mənfur niyyətin gerçəkləşdirilməsi üçün əlindən gələni etdi.
M. Qorbaçovun hakimiyyətə gəlməsi ilə ermənilər ölkənin birinci şəxsinin timsalında siyasi himayədar qazanmışdılar və bu fürsətdən maksimum istifadə etməyə çalışırdılar. 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini postundan uzaqlaşdırılması məhz bu cəhdlərin məntiqi sonluğu kimi qiymətləndirilə bilər. Artıq 1988-ci ildən ermənilər artıq Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəvidə həyata keçirməyə başladılar. Qarabağda iki azərbaycanlının qətlə yetirilməsi, Topxana meşəsinin məhv edilməsi ilə daha da qızışan və sonradan hərbi əməliyyatlar müstəvisində davam etdirilən münaqişə problemin nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Konfliktin coğrafiyası isə günü-gündən genişləndi və 1989-cu ildə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi haqqında heç bir hüquqi əsası olmayan qərar qəbul etdi. Bu, faktiki, Azərbaycan ərazilərinin ilhaqı anlamına gəlirdi. Ermənilər artıq mübarizə taktikasını hərbi təcavüz müstəvisinə keçirmişdilər və Azərbaycanda isə siyasi hakimiyyətin zəifliyi və kütləvi etiraz aksiyaları proseslərin inkişaf istiqamətini dəyişmək qüdrətində olmadı.
Beləliklə, 1988-1991 və 1991-1993- cü illərdə Azərbaycanda siyasi hakimiyyətin zəifliyi, hakimiyyət uğrunda mübarizələr nəticəsində ölkə daxilində yaranan xaos-boşluqdan bəhrələnən Ermənistan, havadarları vasitəsilə BMT tərəfindən ərazi bütövlüyü de-yure tanınan ölkəmizin ərazisinin 20 faizini işğal etmişdir. Münaqişə nəticəsində Ermənistan və Qarabağdan bir milyondan artıq azərbaycanlı qaşqın və məcburi köçkün olmuşdur. Ermənistanı silahlı qüvvələrinin başladığı müharibə 1994-cü ilin mayında atəşkəs əldə olunmaqla nəticələnmişdir. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır. Ancaq 30 ildən artıq bir dövrdə dəfələrlə atəşkəs rejimini pozan erməni silahlı qüvvələri Azərbaycanın mülki əhali olan yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutması nəticəsində yüzlərlə dinc əhali vəfat etmişdir. Və nəhayət 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri atəşəsi növbəti dəfə pozaraq Azərbaycana qarşı hücuma keçib və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə almıçdır. Bu beynəlxalq hüququn ayaqlar altına atılması və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülhə və regionun təhlükəsizliyinə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilmişdir.
Təəssüf ki, 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonuna hərbi təcavüzünə işğalçı Ermənistanın silahlı hücumuna, qanunsuz əməllərinə beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Human Right Watch, Amnesty İnternational, Freedom House və digərləri tərəfindən adekvat qiymət verilsəyidi və təcavüzkar cəzalandırılsaydı, indi biz Ermənistanın növbəti təcavüzünün şahidi olmazdıq. Buna görə də, biz, xarici dövlət başçılarını, beynəlxalq təşkilatlarını Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq. Ermənistanın müharibə cinayətlərinin davam etməsinə, Azərbaycana qarşı başladığı yeni hərbi təcavüzə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Beynəlxalq hüquq ərazi işğal edən dövləti həmin ərazidə beynəlxalq hüquq normalarının pozulmasına görə tam məsul görür. Bu cinayətin cəzasız qalması isə beynəlxal təşkilatların məsuliyyəti olacaqdır. Ancaq əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun şücaiyəti nəticəsində Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusu yaxın zamanda reallığa çeviriləcək və dövlətimiz öz ərazi bütövlüyünü bərpa edəcəkdir".