"Bu gün Ermənistan hər vəchlə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə üçüncü tərəf kimi Rusiyanı cəlb etsin. Sentyabr ayının 27-dən bu günə kimi Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə düz 5 dəfə zəng vurub. Əgər sənin gücün bu idisə niyə axı Rusiya, ABŞ, Fransa prezidentinin ayağına düşüb yalvarırsan? Əgər sən bu gücün sahibisənsə, gəl, kişi kimi mübarizə apar. Ümumiyyətlə, ləyaqəti olan baş nazir buna getməz. Amma görünür onlarda ləyaqət deyilən şey yoxdur və buna gedirlər. Təbii ki, onlar buna nail ola bilmədikdən sonra artıq ruh düşkünlüyü daha da aşağı düşdü. Çünki onlar Rusiya prezidentindən istədikləri cavabı ala bilmədilər". Bunu Diaspor info-ya Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədrinin sözlərinə görə, Putin çox ağıllı bir dövlət başçısıdır. O bilir ki, Ermənistanın ərazisində müharibə getmir: "Müharibə Azərbaycanın ərazisində gedir. Təbii ki, Azərbaycan da öz torpağını işğaldan azad edir. Bura Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nə aidiyyatı var? KTMT Ermənistanla, Rusiya və digər dövlət arasında işləyir. Axı Rusiya bura nə adla daxil olmalıdır və səbəb nədir? Bu gün Rusiyanın Azərbaycanla çox gözəl münasibətləri var. Axı niyə bu münasibətləri pozmalıdır. Rusiya dövləti çalışır ki, neytrallığı saxlasın. Hərçənd mən bunu Rusiyanın bəzi telekanallarına münasibətdə deyə bilmərəm. Digər bir tərəfdən onların başqa çıxış yolu qalmadığına görə sivil vətəndaşlarımızı hədəfə aldılar və itkilərimiz oldu. Sevindirici hal o idi ki, əhalimiz təşvişə və panikaya düşmədi. Buradan sual ortaya çıxır. Axı sən Gəncəni, Xızını və s. bölgələrimizi niyə vurmaq istəyirsən? İndi də TANAP borusunu vurmaq istəyirlər. Axı TANAP-ın müharibəyə nə dəxli var? Yəni onların xisləti tamamilə başqadır. Onlar istəyirlər bütün dünyanı bura töksünlər və Azərbaycana istədikləri qədər ziyan vursunlar. Bunlar istəyirlər ki, Azərbaycana nə qədər ziyan vursalar, bu, onların bir o qədər də xeyrinədir. Amma onlar birmənalı bilməlidir ki, mülki, sivil əhaliyə qarşı etdikləri hamısı çəkilir, yazılır və beynəlxalq məhkəmədə masaya yatırılacaq. Paşinyan bu hərbi cinayətlərə görə cavab verməli olacaq. Biz həm işğala, həm terrorçuluğa, həm də qanunsuz hərbi birləşmələrə qarşı mübarizə aparırıq. Burada hər üç cinayətin tərkibi var".
Z.Əsgərov Ermənistanın Azərbaycanı "İsgəndər" raket kompleksi ilə vurmaqla hədələməsi məsələsinə də münasibət bildirərək deyib ki, əgər onlar bu yola getsələr, bir daha sübut olunacaq ki, müharibəni aparan Dağlıq Qarabağ deyil, Ermənistan özüdür: "Onsuz da biz bu gün Ermənistanla döyüşümüzü davam etdiririk. İndi də onlar iddia edir ki, guya bizim raketlər Ermənistan tərəfdən gəlmir əksinə Dağlıq Qarabağdan gəlir. Biz bilirik ki, "İsgəndər" raket kompleksi Ermənistanda yerləşdirilib. İkincisi, onlar qulaqlarını açıb eşitsilər ki, "İsgəndər" raket kompleksinə qarşı "İsgəndər"dən də dəfələrlə yüksək hərbi keyfiyyətlərə malik olan bizim silahımız var. Qoy atsınlar və biz də onlara cavabını verəcəyik".