İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ məsələsinə toxunub. Diaspor info xəbər verir ki, bu barədə Türkiyə XİN-in “Twitter” hesabında video yayımlanıb.
Çavuşoğlu Ermənistanın mülki şəxslərə hücumu barədə danışıb və qeyd edib ki, indiyə qədər danışıqların nəticəsiz qalması Ermənistanı ürəkləndirib.
“Moskvada humanitar atəşkəslə bağlı danışıqlarından sonra da Ermənistan azərbaycanlı mülki şəxsləri hədəf aldı. Çox sayda dinc sakin öldürüldü. ATƏT-in Minsk qrupu həmsədrləri bu zamana qədər konkret addımlar atmadılar. Minsk qrupu olaraq görüş təşkil etməliyik. Minsk qrupu həmsədrləri indiyə kimi görülən işlər barədə hesabat təqdim etməlidirlər. Bu problemin tək yolunun Ermənistanın Azərbaycan torpaqlarından çıxması olduğunu dəfələrlə vurğulamışıq. Biz bütün şərtlərdə Azərbaycanın verdiyi qərarları dəstəkləyirik”, deyə Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlu xüsusilə vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistana “Azərbaycan torpaqlarından çıx” deməlidir.