Düşmən qəbul edilən bütün konvensiyaları pozur, beynəlxalq aləm isə susur!
Sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələri ilə qondarma “dqr” hərbi birləşmələrinin Qarabağ cəbhəsində törətdikləri silahlı təxribatlarının ardınca, Azərbaycan Ordusu düşmənə layiqli və sarsıdıcı cavablar verməkdə davam edir. Uğurlu əks-hücum əməliyyatları sayəsində 30 ildir işğal altındakı torpaqlarımız, kəndlərimiz və qəsəbələrimiz, rayonların bir hissəsi tədricən düşmən tapdağından azad edilməkdədir.
Xain hücumlar nəticəsində onlarla insanımız həyatlarını itirib, yaralanıb, uşaqlar valideynlərini itirib
Məhz Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşündən və aldıqları ardıcıl məğlubiyyətlərindən hiddətlənən düşmən artıq ümumdünya səviyyəsində qəbul edilmiş bütün konvensiyaları pozmaqla vəhşilik, faşizm və dövlət terroru siyasətini həyata keçirməyə başlayıb. Buna sübut isə Gəncə, Mingəçevir, Naftalan və s. cəbhədən kilometrlərcə uzaq olan şəhərlərimizin, dinc sakinlərimizin raket zərbələrinə məruz qoyulmalarıdır. Bu xain hücumlar nəticəsində onlarla insanımız həyatlarını itirib, yaralanıb, uşaqlar valideynlərini itirib. Bu barədə dünyanın bir çox nüfuzlu media qurumları informasiya verməkdə davam edirlər.
Lakin təəssüf ki, tərəfləri “atəşkəsə” çağıran bir sıra beynəlxalq təşkilatlar nədənsə, əsl səbəbkarı – işğalçını törətdiyi çirkin, mənfur əməllərinə görə qınamırlar, Ermənistana qarşı hər hansı tələb olunan sanksiyaların qəbul olunması üçün bəyanatlar səsləndirmirlər. Halbuki bu gün Ermənistan Azərbaycan xalqına qarşı yeni Xocalı, Bağanıs Ayrım və s. kimi soyqırımlarını həyata kekirmək məqsədini daşımaqdadır. Bütün bu kimi danılmaz faktların yerinə isə, elələri də tapılır ki, əllərinə düşən ən kiçik fürsətdən yararlanaraq, Azərbaycanın haqlı, ədalətli mübarizəsinə qara yaxmağa çalışırlar, bununla da erməni çörəyi ilə bəsləndiklərini açıq-aşkar etiraf edirlər.
Düşmənin işlətdiyi daha bir qadağan olunmuş silah isə kaset bombalarıdır
Amma məsələnin daha bir tərəfi barədə də bir sıra qeydlərimizi aparmaq istərdik. Misal üçün, erməni tərəfi hazırkı müharibədə Fizuli rayonu ərazisinə fosfor tərkibli qadağan olunmuş raket atmışdı. Xoşbəxtlikdən həmin raket də bir çoxları tərəfindən zay çıxaraq partlamamışdı. Ancaq həmin raket partlasaydı, söz yox ki, çox sayda mülki əhalimiz bunun ağır nəticələrini yaşaya bilərdi.
Düşmənin işlətdiyi daha bir qadağan olunmuş silah isə kaset bombalarıdır. Bu sursat hərbi aviasiya, artilleriya və raket qurğuları vasitəsi ilə istifadə olunur. Tərkibi canlı qüvvəni məhv etmək üçün metal elementlərdən ibarətdir. Partlayış uçuş zamanı baş verir və konteynerlər dağılaraq böyük ərazini əhatə edir. Bir kaset bombasında 600-ə qədər konteyner ola bilər. Hazırda kaset bombasından 107 ölkə imtina edib. Bu barədə konvensiya 2008-ci ilin 30 may tarixində qəbul edilib.
Maraqlıdır, təcavüzkar Ermənistanın dinc əhalimizə qarşı konvensiya ilə qadağan olunmuş kaset bombaları tətbiq etməsinə də göz yuman bir sıra beynəlxalq qurumlar “atəşkəsə gəlin” deməklə niyə bu qədər riyakarlığa, korluğa qapılırlar? İnanaq və ümid edək ki, artıq beynəlxalq aləm də erməni xainliyinin, xislətinin gerçək tərəfini anlayacaq və onların vəhşiliklərinə terror siyasətlərinə “dur” deyəcək.