"Mən Qarabağda atəşkəs rejimin pozulmasından çox narahatam". Diaspor info xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Cozef Bayden deyib.
“Pilotsuz uçan aparatlar, minaatanlar və uzaq məsafəli artilleriya hər iki tərəfdən yüzlərlə həyatı alır. Son gərginlik dönəmi ərzində Tramp administrasiyasının prosesə cəlb edilməməsi və passivliyi anlaşılmazdır. Hərbi fəaliyyətlərin 27 sentyabrda yenilənməsindən sonra nə Prezident Tramp, nə dövlət katibi Pompeo Ermənistan və Azərbaycan rəhbərlərinə zəng etməyib”, deyə Bayden bildirib.
Baydenin sözlərinə görə, ABŞ Moskvanın diplomatiya aparmasına izn vermək yerinə özü maksimal şəkildə prosesə cəlb olunmalı, savaşın deeskalasiyasına çalışmalı idi.
“Tramp administrasiyası bəyan etməlidir ki, konfliktin hərbi yolla məcburi həllinə yol vermək olmaz. Ermənistan anlamalıdır ki, Dağlıq Qarabağ ətrafındakı rayonları əbədiyyən işğal altında saxlaya bilməz və atəşkəsin imzalanmasından konfliktin həlli ətrafında etibarlı danışıqlar başlanmalıdır”, deyə ABŞ prezidentliyinə namizəd Cozef Bayden bəyan edib.