"Bu gün biz Azərbaycanın qətiyyətli mövqeyini Ermənistanın isə təxribatçı, aqressiv, terrorçu siyasətini gizlətməməsini nəzərə alsaq, düşünürəm ki, sülhə çağırışlar artıq gülünc səslənir. Çünki zaman da göstərdi ki, sülh danışıqlarına getmək o qədər də asan deyil". Bunu Diaspor info-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Deputatın sözlərinə görə, sülhə çağırışlar adətən münaqişədən bir neçə il ötəndən sonra mümkün ola bilər: "Bu illər ərzində sülh danışıqları aparan zaman biz görürük ki, Ermənistan tamamilə sülhə qarşı çıxış edir. Onların terrorçu, işğalçı siyasəti İrəvanın rəsmilərinin bəyanatlarında, eyni zamanda siyasi rəhbərliyin atdığı addımlarda açıq-aşkar nümayiş olunur. Bu vəziyyətdə hansısa sülhdən danışmaq mümkün deyil. Bəli, bu gün biz yenə də sülh tərəfdarıyıq. Ona görə ki, biz istəyirik həm regionda sülh bərqərar olunsun, həm də cənab Prezident İlham Əliyev dəfələrlə demişkən biz əməkdaşlığa da hazırıq, həmçinin onlara bizim təşəbbüskar olduğumuz regional layihələrdəki iştirakına da imkan verəcəyik. Biz tamamilə o fikirdəyik ki, regionda sülh bərqərar olunsun, həmçinin regionda vəziyyət hamı üçün yaxşı olsun. Lakin, bu ancaq o zaman mümkündür ki, Azərbaycanın torpaqları işğaldan azad olunsun, Ermənistan hakimiyyəti tam məsuliyyətini dərk etsin və bütün atdığı addımların, cinayətlərin məsuliyyətini öz üzərinə götürsün. Hər bir cinayət, günah cəzalandırılmalıdır. Burada xüsusilə Gəncə hadisələrindən danışmaq lazımdır.
Ölkə başçısı dəfələrlə söyləyir ki, biz müharibəmiz Ermənistan xalqı ilə deyil, bizim müharibəmiz yalnız və yalnız öz torpaqlarımızın işğaldan azad olunması məqsədini daşıyır. Biz öz torpağımızda öz xalqımızı müdafiə edirik və öz torpağımızı işğaldan azad edirik. Erməni xalqı ilə heç bir işimiz və ərazi iddialarımız da yoxdur. Lakin Gəncə hadisələri baş verir və dinc əhali raket atəşinə tutulur, uşaqlar yaralanır, qadınlar həlak olur. Biz bu vəziyyətdə işğalçı və faşistlərlə hansı sülhdən danışa bilərik? Düşünürəm ki, bu istiqamətdə beynəlxalq təşkilatların üzərinə çox böyük məsuliyyət düşür. Həmçinin düşünürəm ki, belə bir məsuliyyət hələ bu vaxta qədər olmayıb. Əgər beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət buna susursa, onda Azərbaycan susmayacaq. Bu gün Ermənistan elə bir vəziyyət yaradıb ki, Azərbaycan hərbi yolla öz torpaqlarını müdafiə etsin və öz torpaqlarını işğaldan azad etsin”.