Növbəti Qələbə xəbəri. “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı Qələbə müjdəsini xalqımızla paylaşıb. “Ermənistanın planı bu təxribatı törədərək Azərbaycan torpaqlarını işğal etməkdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğal ilə hədələməyə çalışırdı. Bu gün Ermənistan Hərbi siyasi rəhbərliyinin məqsədi budur”. Bu sözləri Prezident İlham Əliyev xalqa müraciət edərkən deyib. Ölkə başçısı bildirib ki, Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi təxribatın digər səbəbi Ermənistanın çox ciddi iqtisadi-sosial məsələlərdir: “Onlar ölkə əhalisinin diqqətini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Digər səbəb isə Ermənistan cəhd edir ki, danışıqlar prosesi pozulsun. Mən deyə bilərəm ki, onlar buna nail olub. Riyakar, qeyri-konstruktiv və yalançı siyasətləri nəticəsində hazırda danışıqlar dayanıb. Növbəti təxribatın törədilməsi də budur. İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi və öz ərazi bütövlüyünü qorudu. Ordumuz bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq. Əfsuslar olsun ki, bu Ermənistana dərs olmadı. Onlar avqust ayında yeni təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdi. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır. Hazırda onun ifadələri də göstərir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlib. Terror aktları mülki əhali və hərbçilərimizə qarşı yönəlmişdir”.
Növbəti- sentyabrın 27-də, onunu ardınca humanitar atəşkəsi pozmaqla özlərini bir dəfəlik məhv olmağa sürüklədilər. Dövlət başçısı söyləyib ki, Ermənistan tərəfi növbəti təxribatı isə bu gün törədilib: “Onlar bu dəfə də layiqli cavablarını alıblar və alacaqlar”
Prezident İlham Əliyev: “Bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir”
“Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür”.Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı səsləndirib. Dövlətimizin başçısı deyib: “Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”.
“Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz”
Bəli, qətiyyətli Lideri olan ölkənin Güclü Ordusunun da rəşadətli əsgəri olar. Belə olan halda heç bir qüvvə Azərbaycan əsgərinin, Azərbaycan xalqının qarşısında ancaq və ancaq məclubiyyətə düçar olmalıdır. Dövlət başçımız çıxışında da bildirib ki, bu qələbələr Azərbaycan xalqının, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin qələbəsidir: “Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bəli, inanırıq ki, hər gün Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliye cənablarından Qələbə müjdələrini eşidəcəyik. Hər bir Azərbaycan vətəndaşı üçün qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Və əminliklə düşmənin müzəffər Azərbaycan Ordusundan aldığı cavabı uzun müddət unutmayacağını və çox tezliklə Azərbaycan bayrağının Qarabağımızın hər bir güşəsində dalğalanacağını görəcəyik! Qələbə bizimlədir! Ulu Tanrı Prezidentimizin, Güclü Ordumuz, rəşadətli əsgərlərimiz dayağı olsun! Növbəti Qələbə sorağı ilə!