Sülhyaratmada Türkiyənin iştirakı Rusiya üçün də əlverişlidir - ŞƏRH ÖZƏL
"Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsə dair üçtərəfli razılaşmaya Qərbin, ilk növbədə digər həmsədrlər Amerika və Fransanın reaksiyası ayrıca bir mərhələ olacaq.Təbii ki, Fransanın hansı münasibətdə olacağının Azərbaycan üçün heç bir mənası olmadığı bu başdan bəllidir. Fransa daha çox mane olacaqsa, bir o qədər bu regionda öz mənafelərinə ziyan vurmuş olacaq. Ən azı onun Azərbaycanda böyük iqtisadi maraqları var və Azərbaycan onunla bəzi müqavilələrə yenidən baxmaq imkanına malikdir". Bunu DİASPOR.İNFO-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspertin sözlərinə görə, bütün hallarda Qarabağın tənzimlənməsi kontekstində gedən son proseslər Qərbli həmsədrlərin ürəyincə deyil: "Baxmayaraq ki , NATO üzrə onların mühüm müttəfiqi olan Türkiyə prosesdə mühüm iştirak payı alıb və bu pay gedərək genişlənmək imkanlarına malikdir. Ancaq maraqlıdır ki, Türkiyənin burada fəal iştirakı Qərbi qıcıqlandıran bir amilə çevrilib, Rusiyanın sülhyaratmada üstün iştirakı ikinci amildir, digər həmsədrlərin faktiki kənardan qalmaları isə üçüncü qıcıqlandırıcı amildir. Bu amillər Qərbi müəyyən maneələr yaratmağa, prosesi yavaşıdıcı vasitələrə əl atmağa vadar edəcək. Onlar bunu birbaşa və erməni lobbisinin təsiri altında edəcəklər. Baydenin prezident seçilməsi Qarabağ sülh prosesinə ABŞ-ın daha çox iradlar tutmasına əsas verir. ABŞ Azərbaycanın qələbələrinə yox, Rusiyanın sülhyaratmada üstün iştirakına qarşı çıxacaq. Fransa isə həm sülh prosesinin özünə, həm Rusiyanın üstün iştirakına, həm də Ermənistanın məğlubiyyətinə müqavimət göstərməyə çalışacaq".
Siyasi şərhçi bildirib ki, artıq hər iki ölkənin mövqeyini göstərən əlamətlər var: "Sülhməramlıların ruslardan ibarət olmasına qarşı artıq Qərbdən fikirlər səslənib, Naxçıvana dəhlizin açılması ilə Türkiyənin Orta Asiyaya yolunun açılması əleyhinə qısqanc fikirlər artıq deyilib, məğlubiyyət prosesini Paşinyanınn hakimiyyətdən devrilməsinə yönəltmək səylərinə qarşı artıq fikir deyiblər və s. Onlar Paşinyanın hakimiyyətdən getməyini istəmirlər.Yəqin ki, çox yaxınlarda sülhməramlı qüvvələrin tərkibi barədə rəsmi etirazlar edəcəklər və erməni lobbisinin təzyiqi ilə Qarabağın statusu məsələsi ətrafında vurnuxmalarını artıracaqlar".
A.Quliyev vurğulayıb ki, bunların tam nəticələrini dəqiq demək mümkün olmasa da, Qərb sülh prosesini poza bilməyəcək: "Bütün hallarda qardaş Türkiyənin sülhyaratmada iştirak payının mümkün qədər genişləndirilməsinə çalışmalıyıq. Bu Rusiyanın özünə də faydalıdır. Çünki Rusiya Qərbin sülh prosesinə mane olmaq cəhdlərini Türkiyənin daha geniş iştirak şərti çərçivəsində daha səmərəli ala bilər".
Müəllif: Aysel Məmmədova