Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Müasir dövrdə ölkələrin qarşısında duran əsas vəzifələrdən biri də sahibkarlığın inkişafıdır. Bu amilin vacibliyini daim ön planda saxlayan ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Sahibkarlığın inkişafı yeni iş yerləri yaradır, istehlak bazarına yeni məhsul növü çıxarır, vergi ödəyicilərinin sayını artırır, iqtisadi islahatların sosial bazası kimi əhalinin orta təbəqəsini formalaşdırır”. Ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı yeni mərhələyə yüksəlmişdir. Yaradılan əlverişli investisiya mühiti və göstərilən dövlət dəstəyi sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmış, ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötmüşdür. Hazırda muxtar respublikada məşğul əhalinin 84 faizə yaxını özəl sektorda çalışır. Sənaye məhsulunun 95, tikintidə görülən işlərin 85, kənd təsərrüfatının isə 98 faizi özəl bölmənin payına düşür.
Ali Məclisin Sədri deyib: Ailə təsərrüfatları kiçik və orta sahibkarlığın ilkin formasıdır. Ona görə də ötən il Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatı ili” elan olunmuş, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilmiş, ailə təsərrüfatlarına dövlət maliyyə dəstəyi artırılmış, 87 ailə təsərrüfatına 820 min manata yaxın güzəştli şərtlərlə kreditlər verilmişdir. Aydın məsələdir ki, dövlət maliyyə dəstəyi olmadan özəl sektorun inkişafı mümkün deyil. Muxtar respublikada sahibkarların maliyyə resurslarına çıxış imkanlarının əlçatan olması, xüsusilə də kreditlər üzrə düzgün biznes qiymətləndirilməsinin aparılması və aşağı faiz dərəcələrinin tətbiqi hər il yeni istehsal sahələrinin yaranmasına imkan verir. Ötən il muxtar respublikada sahibkarlara 29 milyon manatdan artıq kredit verilmiş, 84 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır. Artan turizm potensialı muxtar respublikada sahibkarlığın bu istiqamətdə də inkişafına təkan vermişdir. Bütün yaşayış məntəqələrində müasir infrastrukturun yaradılması, yolların yenidən qurulması, sürətli internet təminatı, sabitlik, aparılan ekoloji tədbirlər, zəngin tarixi-mədəni irs turizm sahəsində sahibkarlıq fəaliyyətinə geniş imkanlar açib.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın təmin olunmasında və özəl bölmədə uğurlu nəticələrin qazanılmasında əməyi olanlara, eləcə də bütün sahibkarlara təşəkkürünü bildirirək demişdir ki, muxtar respublikada sahibkarlığın inkişafı üçün bütün tədbirlər görülmüşdür. Qalır yaradılan imkanlardan səmərəli istifadə etmək. Aid dövlət qurumları yerli xammala əsaslanan və tələbatı ödəyən istehsal sahələrinin yaradılması istiqamətindəki səylərini artırmalı, biznes-planlar düzgün hazırlanmalı, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə yol verilməməlidir. Sahibkarlar da onlar üçün yaradılmış işgüzar mühitdən səmərəli istifadə etməli, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsal olunmalıdır.
"2020-ci il muxtar respublikamızda "İxrac ili" olduğu üçün çalışıb ona nail olmalıyıq ki, sahibkarlıq müəssisələrinin fəaliyyəti daha da genişlənsin, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın, istehsalın və ixracın həcmi artsın” - deyən Ali Məclisin Sədri çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Sahibkarlar təbəqəsi güclənməlidir. Çünki bu, ölkəmizin gələcəyidir" - fikirləri ilə tamamlamışdır.
Sonra Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olmuşdur. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 oktyabr və 25 dekabr tarixli Sərəncamları ilə muxtar respublikanın kənd təsərrüfatı işçilərindən biri Azərbaycan Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı, biri 1-ci dərəcəli “Əmək” ordeni, ikisi 2-ci dərəcəli “Əmək” ordeni, ikisi 3-cü dərəcəli “Əmək” ordeni, dördü isə “Tərəqqi” medalı ilə təltif olunmuşlar. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 26 dekabr tarixli Sərəncamı ilə 3 nəfər Naxçıvan Muxtar Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı, 5 nəfər isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşlar.
Ali Məclisin Sədri orden, medal və fəxri adları, eləcə də "Rəşadətli əməyə görə" nişanını təqdim etmişdir.
Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 12 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Bu kreditlər ətlik istiqamətində heyvandarlıq, damazlıq arıçılıq və balın emalı sahələrinin, eləcə də arıçılıq məhsullarının qablaşdırılmasına və bağçılıq təsərrüfatının yaradılmasına sərf olunacaqdır.
Tədbirdə 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən filmə baxış olmuşdur.