Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi ilə əlaqədar ASAN Xidmət mərkəzlərində qeyri-iş günü olacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, həmin gün mərkəzlərdə yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək.
ASAN Kommunal mərkəzlərində isə bazar günü qeyri-iş günüdür.
Hazırda Azərbaycanda 16 ASAN Xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 ASAN Kommunal mərkəzi fəaliyyətdədir.