ZAQATALA MEŞƏLƏRİ REGİONA XÜSUSİ GÖZƏLLİK VERİR.
ZAQATALA MEŞƏLƏRİ AZƏRBAYCANIN ƏN GÖZƏL MEŞƏLƏRİNDƏNDİR-ONLARI
QORUMAQ HƏR BİR VƏTƏNDAŞIN BORCUDUR
“Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin” direktoru
SƏRXAN ƏLİYEV
17 iyun 2021 –ci il tarixində “Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin” direktoru Sərxan Əliyev başda olmaqla Car meşəbəyliyinin “7” saylı dolayında qanuni ağac kəsimi ilə bağlı tədbir keçirilib. Tədbirdə Meşə dolaylarına yaxın ərazi vahidliyində yaşayan bir neçə ağsaqqal, ərazi idarəetmə orqanlarının işçiləri və ziyalılar da iştirak edirdi. Çıxış edən baş meşəçilər qırıntı üçün
seçmə qaydada, möhürlənmiş, xüsusən də, boy inkişafından geri qalan, xəstə və s. ağacların ayrılan qırma sahələrinin əsasını təşkil etdiyini vurğuladılar. Kənd camaatının orada iştirak etməsi bir çox məsələlərə aydınlıq da, gətirdi. Belə ki, artıq meşələrin ciddi şəkildə qorunduğu və hər bir halda, o cümlədən oduncaq üçün “Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinə” müraciət olunmalı olduqlarını tam dərk etdilər.
Oduncaq materialının kəsilməsinə icazə verilən zaman müəyyən bir vəsaiti yalnız bank vasitəsilə ödəniləcəyi də, sakinlərə ayrıca bildirildi. Sakinlərə açıq-aşkar izah edildi ki, dövlətin malını oğurlamaq olmaz, əgər oduncaq lazımdırsa, pulunu banka ödəməklə onu əldə etmək mümkündür. “Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin” direktoru kənd camaatı ilə səmimi olduğu kimi tədbirdə iştirak edən jurnalistlərlə, ziyalılarla da, səmimi danışdı: “Bu gün meşələrin qorunması Dövlətin, ETSN-nin diqqət mərkəzindədir. Biz maksimum çalışmışıq ki, meşələrin ətrafını bağlayaq, həm mal-heyvanların kütləvi sahələrimizə daxil olmasının qarşısını alırıq, həm də, oğurluq hallarına nəzarəti daha da, gücləndiririk. Biz bütün tədbirlərimizi, xüsusən də, qırıntıyla bağlı tədbirləri yerli insanların iştirakı ilə və video lentə almaqla edirik. Şəxsən özüm də, bir rəhbər olaraq gördüyünüz kimi bütün görüşlərdə iştirak edirəm. İnsanlar başa düşməlidirlər ki, artıq çox kəndlərimiz qazlaşdırılıb. Bu gün meşələri oduncaq adı altında qırmaq qəti qadağandır. Əslində bu bizim yerli sakinlərin özləri üçün də, çox təhlükəlidir. Meşələrin seyrəlməsi ekologiyada dizbalans yaradır və gələcəkdə bir çox kəndlərimizdə ciddi su problemi yarana bilər. Buna görə də, hesab edirik ki, hamılıqla bir olmalı meşələrimizi göz bəbəyi kimi qorumalıyıq. Bir də, ehtiyacı olmayanların oduncaq üçün müraciəti başa düşülən deyil, nə qədər oduna ehtiyacı olanlarımız var.
Şəhid ailələrimiz, Qazilərimiz həmişə dövlətimizin diqqət mərkəzində olub. Biz ilk növbədə bu kimi ailələrin müraciətini təmin etməliyik.
Cənab nazirimiz də, həmişə belə məsələlərdə çox həssasdır və əsas tapşırıq təbiətimizi göz bəbəyi kimi qorumaqdır. Bu bizim ən başlıca vəzifəmizdir.”
Daha sonra kənd ağsaqqalları və bir neçə qonaq da, tədbirdə öz ürək sözlərini dedilər. O da, xüsusi vurğulandı ki, yay fəsli gəldiyi üçün rayona xeyli qonaqlar gəlir və bəzən meşə qıraqlarında istirahət edirlər. Meşələri təmiz saxlayaq şüarları, yerində asılmış şüarlardır. Biz kənd camaatı qonaqpərvərik, ancaq gələn qonaqlar həmin şüarları gördükdən sonra meşə kənarlarına zibil də, tullamırlar.
Bəli, bu gün meşələrdə qanuni qırıntıya start verildi desək, yanılmarıq. Yetər ki, sadə camaat bundan sui-istifadə etməsinlər, Zaqatala-Balakənə xüsusi gözəllik verən meşələrimizə qarşı dost münasibəti bəsləsinlər. “Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin ” bütün meşə dolayları və sahələrində keçirdiyi görüşlərin videolarından bir neçəsini xahiş edərək əldə etdik. Və sözügedən videoları olduğu kimi oxucularımıza təqdim edirik.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər
Və Yazıçılar Birliyinin Üzvü