ƏGƏR MƏNİM ÖMRÜM YETMƏSƏ, ÖVLADLARIM ATA YURDUNDA İMARƏT UCALDACAQLAR. --FATMA NURİYEVA
Kiyev şəhəri, “Borispol” aeroportundaydım. Gözləmə zalında gözümə nurani bir nənə sataşdı. Onu xeyli süzdüm, bəlkə də, hardasa onu öz rəhmətlik anama oxşadırdım, ona görə də, onu belə diqqətlə süzürdüm. İş elə gətirdi ki, həmin nurani nənə, təyyarədə məhz mənim yanımda əyləşdi. Demək ki, qismət beləymiş və biz hökmən tanış olmalıyıq. Dedim ay nənə, bəs siz tək-tənha bu yolu necə gedirsiniz?, rus dilində necə danışırsınız? Fatma nənə dedi ki, oğlum, kökümü sudan çıxarıram. Elə gülərüz nənəydi, adam istəyirdi ki, saatlarca oturub yalnız onu dinləsin. Beləliklə, biz onunla yaxından tanış olduq. Fatma nənə Zəngilan rayonu Mincivan qəsəbəsindənəm deyən kimi, mən söhbətə öz xatirələrimlə müdaxilə etdim. Bəli, məhz həmin qəsəbənin dəmir yol vağzalında axşam qatar dayanar və uzaqda da, balaca lampa közərərdi. Onun işığı altında isə su krantı varıydı, gecə yarı yuxulu duran Naxçıvanlı kişilər, adətən mayka ilə düşüb su gətirməyə gedərdi. Gecə yarısı olduğuna görə vağzalda heç kim olmazdı, ancaq su krantının yanında bir neçə cavan oğlan dayanaraq, niyə mayka ilə düşmüsən deyə soruşar və dava da, oradan başlardı.
Fatma nənə xeyli güldü və dedi ki, indinin cavanları daha dava etməzlər. Söhbət zamanı bu nurani nənənin dediyi bir söz mənə yaman təsir etdi. Fatma Nuriyeva mənə dedi ki, oğlum, əgər ömür mənə vəfa etsə, köçüb gedəcəyəm ata yurdumuza, Mincivana. Yox əgər mən yaşamasam iki oğlum var, onlar gedib ata yurdunda imarət tikəcəklər. Dedi ki, oğlum Soltan Nuriyev Dneprdə yaşamasına baxmayaraq, o da, Mincivanda ev tikməyə hazırlaşır: ”Bəs necə oğlum, baxmayaraq ki, təkcə torpaqdan başqa hər şeyi ermənilər söküb aparıb, biz öz ata yurdumuzda əvvəlkilərdən də, yaxşı evlər tikməliyik. Bu torpağı bizə bəxş edən Şəhid, qazi və əsgərlərimizin xətrinə çalışmalıyıq ki, hər şey daha da, yaxşı olsun. Şəhidlərin ruhu həmin torpaqlarda gəzir, onlar yeni tikilən evləri görüb daha da, şad olacaqdır. Biz o torpaqlara qayıtmasaq, bizə binamus kimi baxarlar. Oğlum bizim ata yurdumuz elə də, köhnə deyildi, yəni yenidən tikilmiş, gözəl bir ev idi. Erməni faşistləri söküb aparıblar. Mən Müzəffər ordunun Ali Baş komandanı İlham Əliyevə zəngilanlı bir ağbirçək olaraq, bizə bu sevinci yaşatdığına görə öz minnətdarlığımı bildirirəm. Şəhidlərimizə hər gün Allahdan rəhmət diləyir, qazilərimizə şəfa tapmaları üçün dua edirəm.
Onlar bu xoşbəxtliyi bizə yaşatdılar. Baxmayaraq ki, ailə başçısını itirmişik və paytaxtda evimiz də, var, ancaq biz hamıdan əvvəl Mincivana getməyə hazırlaşırıq. Ata yurdumuz üçün burnumuzun ucu göynəyir, elə torpaqlarımız da, əsil sahibləri üçün darıxıblar. Oğlum, eşitmişəm ki, Zəngilandan keçməklə Naxçıvana da, yeni avtomobil yolu salırlar. Bilirsən necə gözəl olacaq? Əvvəlkindən yüz dəfə yaxşı olacaq. Allah Prezidentimizi qorusun, inşallah tezliklə siz də, evinizə quru yolla gedərsiniz.”
Fatma Nuriyeva sadə Azərbaycan qadını, Ana və ən nəhayət nurani bir nənədir. Onun arzuları da, özü kimi xoş niyyətlidir. Fatma nənə, inşaallah Mincivandan keçməklə Naxçıvana quru yolla gedən zaman sizlərin hökmən qonağı olacağam. Və bu arada unutmuşdum deyəm ki, Sizə ən azı yüz yaş arzulayıram, həm də, bax indiki kimi gümrah, cavan və nurani qalmağı arzulayıram.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyiniz Üzvü.