Diaspor.info-nun AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Qazaxıstan qara və əlvan metalların tullantılarının ixracına qadağa qoyur.
Qazaxıstan ölkədən qara və əlvan metalların tullantılarının və qırıntılarının ixracına altı ay müddətinə qadağa qoyur.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi məlumat verib.
Qazaxıstan ərazisindən bütün növ nəqliyyat vasitələri ilə qara metal qırıntıları və tullantılarının, habelə istifadədə olan boruların, dəmir yolu elementlərinin (təmir üçün respublika ərazisinə gətirilən və geriyə aparılan işlənmiş vaqon elementləri istisna olmaqla) ixracına altı ay müddətində qadağa qoyulur.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sərəncam bu il mayın 6-dan qüvvəyə minir. Qərar Qazaxıstan metallurgiya müəssisələrini qara və əlvan metalların qırıntıları və tullantıları şəklində xammalla təmin etmək məqsədi ilə tətbiq edilir.
Qeyd edək ki, Qazaxıstan artıq 2020 və 2021-ci illərdə qara və əlvan metal qırıntılarının və tullantılarının ixracına oxşar müvəqqəti qadağalar tətbiq etmişdi.