Diaspor.info-nun AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Ağdamda Vətən müharibəsi şəhidi Elgün Sadıqovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin kollektivi Sarıçoban kənd sakini şəhid Sadıqov Elgün Heydər oğlunun doğum günü münasibətilə onun ailəsini ziyarət edib. Görüş zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, işğal altında olan torpaqlarımızın Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində azad edilməsindən, şəhid Elgün Sadıqovun həyat və döyüş yolundan danışılıb. Bildirilib ki, Elgün Sadıqov 44 günlük müharibədə minaatan batareyasının sürücüsü kimi ön cəbhədə yerləşən hissələrimizin silah-sursat və ərzaqla təmin olunmasında iştirak edib. Vətən müharibəsinin 27-ci günü şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Muzeyin kollektivi şəhid Elgün Sadıqovun şəkilləri və şəxsi əşyaları ilə tanış olub, sonra Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında məzarı üzərinə gül dəstələri qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının ruhuna dua oxuyublar