Azərbaycan idmançısı Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində növbəti döyüşünü keçirib.
Federasiyanın Mətbuat xidmətindən Diaspor info-ya verilən məlumata görə, 48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşıb.
İlk görüşündə türkiyəli Telet Yağlını mübarizədən kənarlaşdıran boksçu ikinci döyüşündə də qələbə qazanıb. Babayev rəqibinə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
Azərbaycan çempionu bu qələbə sayəsində yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı da təmin edib. O, aprelin 20-də yarımfinal qarşılaşmasında irlandiyalı Tedi Coysla münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışda Azərbaycanın daha 2 boksçusu 1/4 final döyüşünə çıxacaq.