YAP Qax rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Qax şəhərində mini futbol üzrə rayon birinciliyinə start verilib. Mini futbol üzrə birincilikdə rayonda fəaliyyət göstərən müəssisə və təşkilatları, bələdiyyələri təmsil edən 15 komanda mübarizə aparır.
Aprelin 26-da Qax şəhər stadionunda birinciliyin rəsmi açılış mərasimi olub. Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov, Qax bələdiyyəsinin sədri Eyvaz Orucov və rayon icra hakimiyyətinin əməkdaşı Fərid Muradov çıxış edərək, Ümummilli lider Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmanın inkişafına da böyük diqqət yetirdiyini bildirib, hazırda ölkəmizdə bu sahənin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, mini futbol üzrə birinciliyin keçirilməsində məqsəd Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan marağını artırmaqdır.