Su-bataqlıq bitkiləri faydalı xüsusiyyətlərinə görə qruplara ayrılmışdır: yem bitkiləri, dərman bitkiləri, efir yağlı bitkilər, yeyilən qida bitkiləri, bal verən bitkilər, vitaminli bitkilər, piyli-yağlı bitkilər, aşı maddəli bitkilər, boyaq bitkiləri, bəzək bitkiləri, yaşıllaşdırma və abadlıq bitkiləri, kitrəli, sodalı, qətranlı, potaşlı və b. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, faydalı xüsusiyyətlərinə görə 324 növ (96,12%) su-bataqlıq bitkisi 12 qrupa daxil edilmişdir. Qalan 13 növ (3,88%) kitrəli, sodalı, qətranlı, potaşlı, texnik və b. qrup bitkilərini birləşdirir. Əsas faydalı qruplarda yem bitkiləri - 80 növlə (23,74%) birinci, dərman bitkiləri - 60 növlə (17,80%) ikinci və efir yağlı bitkilər 40 növlə (11,87%) üçüncü yerləri tuturlar. Qalan 157 növ (46,59%) 9 qrupa mənsubdur (1).Naxçıvan MR-in su-bataqlıq florasının tərkibində də aşı maddələri ilə zəngin olan bitki növləri az deyildir. Perspektiv növlərinə üçerkəkcikli söyüd-14,9% (qabığı), kütyarpaq əvəlik - 12,0-20,0% (kökü), şəhər çınqılotu - 38,0-40,0% (kökü), yulğun növləri-16,0-20,0% (qabıq, yarpaq) və digərləri misal ola bilər. Bataqlıqlaşmış yerlərdə yayılan su yarpızının Mentha aquatica L. tərkibində 0,8% efir yağı vardır ki, bu yağın da əsasını karvon təşkil edir. Dəniz lığvəri - Bolboschoenus maritimus (L.) Pall. düzən sahələrdən ortadağ qurşağına qədər bataqlıqlaşmış yerlərdə cəngəllik əmələ gətirir. Kürəşəkilli kökyumrucuqları nişasta ilə zəngindir. Tibb və farmaseptika praktikasında müxtəlif xəstəliklərin müalicəsində xüsusilə şəkərli diabet xəstəliyində işlədilən ən vacib bioloji fəal maddə insulindir. Floramızda tərkibində insulin olan bitkilərin müəyyən edilməsi çox əhəmiyyətlidir. Su-bataqlıq bitkiləri arasında da belə bitkilər vardır. Ən çox insulin uca andızda - 41-44%, iri at pıtrağında -14%, keçətüklü at pıtrağında - 27%, dərman acıqovuğunda - 40%, adi kasnının kökündə 52-60% olur.Su-bataqlıq bitkilərinin əksəriyyəti dərman bitkiləridir. Belə su-bataqlıq bitkilərinə çöl qatırquyruğunun yerüstü hissəsi - Herba equisetum arvense, quşəppəyi - Herba capsella bursa pastoris, gicitkanın yarpağı - Folium urtica dioica, bağayarpağının yarpağı - Folium plantaqo, Dazıotu-Herba hypericum perforatum, onunla eyni tərkibə və farmakoloji təsirə malik olan, istifadəsinə icazə verilmiş kələkötür dazıotunun (birinciyə nisbətən ehtiyatı daha boldur)- Herba hypericum scabrum, xəşənbül - Herba melilotis officinalis və başqaları aiddir.
At əvəliyi - Rumex confertus Willd (Polygonaceae Juss.). Payızın son ayında bitkinin köklərini toplayır, başqa hissələri kəsilib atılır, sonra soyuq su ilə təmiz yuyulur, tez qurutmaq üçün uzununa nazik kəsib, açıq günəşli havada və ya xüsusi quruducuda 40 - 45 dərəcə tempeaturda qurudurlar. Qurudulmuş köklər qonurvə ya çəhrayı-qara rəngdə olur.
Kimyəvi tərkibi:Büzüşdürücü xassəyə malikdir. Bundan əlavə əvəliyin köklərində pirokatexin və piroqallon qruplu aşı maddələr də vardır. Odur ki, kiçik dozada əvəliyin preparatlarından ishala qarşı istifadə edilir. Son illər bu bitkinin tərkibində K vitamini də tapılmışdır.
Tibbi əhəmiyyəti:Xalq təbabətində atəvəliyinin köklərindən və meyvələrindən dəmləmə və üyüdülmüş halda dizenteriya xəstəliyinin müalicəsində istifadə olunur. Elmi təbabətdə atəvəliyi kökündən mədə-bağırsaq xəstəliklərindəistifadə olunur. Naxçıvan MR-da əvəlik bitkilərinin bir neçə növü vardır. Onlardan “qıvrımbaş” əvəlikdən yerli əhali daha çox istifadə edirlər. Belə ki, çiçək açan dövrdə onun çiçəkli baş hissələrini yığıb qurudur, sonra ondan “əvəlik aşı” bişirib mədə-bağırsaq xəstəliyinə tutulanlara verilir (1).
Sərtkənar baldırğan-Heracleum trachyloma Fisch. & C.A.Mey.
Gövdəsi budaqlanan, yarpaqların üzəri çılpaq, alt hissəsi boz yumşaq tükcüklü, lələkvari və 2-3 cüt seqmentli olub, aşağıdakı seqmentlər qısa saplaqlıdır. Son seqmenti dərin üçər bölümlüdür. Çətiri çoxşüalıdır. Çiçəkləri ağdır. Orta və subalp qurşağın meşə və çəmənlərində, su kənarlarında yayılmışdır. Ç. və m. VI,VII-VII,VIII. Subalp qurşaqlarda dağ çəmənliklərində, sulu dərələrdə və meşələrdə yayılmışdır. Bitki nümunələri və toxumları Dərəboğaz, Batabat, Havuş ərazilərindən toplanılmışdır.
Kimyəvi tərkibi. Bitkinin tərkibində efir yağları və onların tərkibində etilbutirat, metilkapronat, heksilbutirat, heksilasetat, heksanol, kumarinlərdən umbelliferon, sfondin, berqapten, ksantotoksin, izopimpinellin, pimpinellin, fellopterin və digərləri vardır.
Tibbi əhəmiyyəti. Toxumlarındakı efir yağları antibakterisid və funksid aktivliyə malikdir. Qədim zamanlardan bu bitkinin gövdə, yarpaq və köklərindən xalq təbabətində iştah artırmaqda, sinir xəstəliklərinin müalicəsində istifadə edirmişlər. Böyük təbib İbn Sina bitkinin şirəsi ilə irinli yaraları və xoraları müalicə edirmiş. Avropa ölkələrində təzə bitki zoğları və yarpaqları qastrit, enterit əleyhinə dəmləmə şəklində tətbiq edilir. Quru yarpaqlarından alınan toz ilə dəridə olan yaraları və dəmrovu müalicə etmək mümkündür. Elmi təbabətdə bitkinin yaşıl hissələrindən alınan ekstrakt bəlğəmgətirici kimi işlədilir. Bitkinin kökündən alınan kumarin maddələrindən bir sıra preparatlar hazırlanır ki, ondan da qaraciyər, bronxit və bronxial astma xəstəliklərində istifadə olunur. Xalq təbabətində baldırğanın yarpaqlarından və meyvələrindən sulu dəmləmə və ya bişirmə hazırlanıb mədə - bağırsaq xəstəliklərində iltihabı aradan qaldıran, eləcə də əsəb xəstəliklərində xüsusən epilepsiya xəstəliyinin müalicəsində istifadə edillər. Sinir sisteminin sakitləşdirici dərman bitkilərinə aiddir (1).
Uzunyarpaq yarpız - Mentha longifolia L. (Lamiaceae Lindl.).
Tibbi əhəmiyyəti:Uzunyarpaq yarpız: qan təzyiqinin aşağı salınmasında effektli dərman kimi işlədilir. Xoş ətirli təmverici maddə kimi xörəklərdə və çay dəmləməsində istifadə olunur. Hazırlanması və istifadə qaydası: 1 xörək qaşığı 2 stəkan qaynar suda çay kimi dəmə qoyulur. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan içmək tövsiyyə olunur(1,2).
Bataqlıq kaltası-Caltha palustris L.
Çoxillik bitki olub, kökləri qaytanşəkillidir. Gövdəsi düz, sadə və ya bəzən yuxarıda budaqlanandır. Aşağıdakı yarpaqları uzun saplaqlı, yuxarıdakılar oturaq, ürəkvari girdədən böyrəkvari girdəyə qədər dəyişən, kənarları kələ-kötür və ya tamkənarlıdır. Çiçəkləri iri olub, qızılı-sarı rəngdə və çiçəkyanlığı 5 yarpaqcıqlıdır. Sütuncuğuyana əyilibdir. Ləçkləri iri və əyri buruncuqludur. Toxumu uzunsov və qaradır. Subalp və orta dağ qurşağının sulu və bataqlıq sahələrində yayılmışdır. Qiymətli dərman vəqida bitkisidir. Bitki aprel-iyun ayları çiçəkləyib toxum verir.
Kimyəvi tərkibi. Bitkinin tərkibi alkoloidlərlə, azotlu birləşmələrlə, saponinlərlə, flavonoidlərlə, vitamin C və karotinlə zəngindir. Bitkinin tərkibində triterpenoidlərdən palistrolid, kaltolid, epikaltolid, hederagen turşusu, steroidlərdən sitosterin, karotinoidlərdən 3-epilutein, kumarinlərdən skopoletin və umbelliferon vardır. Çiçəklərində flavonoidlərdən kempferol, kversetin, 7-ramnozid, 3-qlükozid və 3-qlükozido-7-ramnozid kempferol vardır.
Tibbi əhəmiyyəti.Triterpenoid və kumarinlər aortanın aterosklerotik zədələnməsini zəiflədir, aorta və qara ciyərdə xolesterin və triqliseridləri əvəz edir. Keçi qəzili ilə təpitməsi köhnə irinli yaraların və irinli şişlərin sağaldılmasında istifadə olunur.
Qırmızıbaş subibəri-Persicaria hydropiper (L.) Spach
Birillik, gövdəsi düz və ya əsasından əyilib qalxan 30-90 sm hündürlükdə budaqlı bitkidir. Yarpaqaltlığı borusu silindrik, qırmızı-qonur, yuxarı kənarı tükcüklü, aşağısı çılpaqdır. Yarpaqları qısa saplaqlı, uzunsov–neştərvari, sivri və ya küt, əsasən ləkəli, əsası pazşəkillidir. Çiçək qrupu qırıq-qırıq, dar əyilən sünbüldə yerləşir. Çiçəkyanlığı adətən 4 bölümlü, çəhrayımtıl-qırmızı və ya yaşılımtıl, oturaq, qızılı-sarı vəzilidir. Erkəkcikləri 6-8 ədəd, toxumunun bir tərəfi şişkin, digər tərəfi yastı və qaradır. Ç. və m.VII-VIII. Orta qurşağa qədər su və bataqlıq kənarlarında yayılmışdır.
Kimyəvi tərkibi. Su qırmızıbaşı bitkisinin tərkibində flavonoidlərdən(2-2,5%) ramnazin, izoramnetin, rutin, kversitrin, kversetin, hiperozid, kempferol, efir yağı, K, C, A, E vitaminləri, valerian turşusu, qarışqa və asetat turşusu,aşı maddələri, bundan başqa, poliqopiperin qlikozidi, manqan, maqnezium, titan və gümüş duzları vardır.
Tibbi əhəmiyyəti. Xalq təbabətində babasil, podaqra, revmatizm, endokrin sistemi xəstəliklərində dəmləmə və həlim şəklində təyin olunur.
Bataqlıq ürəkotu-Cardamine uligunosa Bieb.
Çoxillik bitkidir. Köküsovu sürünəndir.Gövdəsi çılpaq, düz, şırımlı, sadə və ya yuxarıda budaqlanandır. Yarpaqları lələkvari və 4-9 cüt yarpaqcıqlıdır. Yarpaqcıqları tamkənarlı, aşağı yarpaqlardakılar yumurtaşəkilli və ya girdə, yuxarı yarpaqcıq yandakılardan böyük və ya hamısı eynidir.Ləçəkləri ağ, solğun sarı və ya çəhrayıdır. Buynuz meyvəsi düz, çılpaq və dikdurandır. Ç. V- VI (VIII), m. VI-VIII (IX). Orta və yüksək dağ qurşağının bataqlıq ərazilərində və su kənarlarında yayılmışdır.
Tibbi əhəmiyyəti. Skorbut əleyhinə ən gözəl dərman kimi işlədilir.. Alternativ təbabət tamamlayıcı tibb kimi tanınır. Alternativ təbabətin müalicəsi ümumiyyətlə bitki mənşəli məhsullarla aparılmağa çalışılır. Müasir tibbin diaqnostika, profilaktika və müalicə prosesində qeyri-kafi olduğu xəstəliklər adətən xroniki olur.
İnsanların sağlamlığını bərpa etmək üçün alternativ təbabət üsullarından səmərəli istifadə etdikdə bir çox xəstəliklər müalicə olunur. Ancaq bəzi insanların alternativ təbabətdən sui-istifadə etmək cəhdləri bu prosesə mənfi təsir göstərir. Nəticə olaraq: insanların öz xəstəliklərinin müalicə üsulunu ilk növbədə müasir tibbdə axtarması daha doğrudur. Daha sonra ehtiyac olarsa alternativ təbabətə üstünlük verilməlidir. Alternativ təbabət məhsulları istifadə olunacaqsa, onlar bu məhsulun təhlükəsizliyi haqqında məlumat almalıdırlar. Axı hər iki dərman növünün əsas məqsədi insanların sağlamlığıdır (6).
Naxçıvan Dövlət Universiteti
Biologiya kafedrasınınn müəllimi
İbrahimova Aynur Məsim qızı,b.ü.f.d.