VƏTƏN MÜHARİBƏSİNDƏ ŞƏHİD TURAN ƏSGƏROVUN DA QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala şəhər sakini Əsgərov Turan Nadir oğludur.
[/center]
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala şəhərinə yollandıq.
Və Turanın nənəsi Sahibət, anası Lalə və bacısı Zöhrə xanımla görüşüb xeyli söhbətləşdik:
Əsgərov Turan Nadir oğlu 1989-cu il 29-u iyun Zaqatala şəhərində doğulub.
1996-cı ildə Özbəkistanda Daşkənt şəhərində 1-ci sinifə gedib. 7-ci sinifi bitirdikdən sonra, Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsilini davam etdirib. 11-ci sinifi 2007-ci ildə bitirən kimi AAHM-ə qəbul olub. 2012-ci ildə Ağcabədidə Leytenant kimi xidmətə başlayıb.
2013 -cü il fevral ayının 5-də, səngərdə ermənilərin atdığı snayper gülləsindən başından aldığı zərbədən şəhid olub. Turan Zaqatala şəhər qəbristanlığında dəfn olunub.
Nənəsi Sahibət deyir ki, o mənim İlk nəvəm idi, ən böyük nəvəm, onu hamıdan çox istəyirdim.
Anası Lalə xanım oğlu haqqında daha geniş danışdı: iki övladım olub bir oğlan bir qız, Turan evin böyüyü olub. Bacısı Zöhrə isə evin kiçiyidir. Ataları Nadir rəhmətə gedib.
Nadir Daşkənddə Ali Təhsil aldığı və sonradan orada işlədiyinə görə, biz ailəvi olaraq, bir müddət orada yaşadıq. Sonradan uşaqların gələcəyini düşünərək, geriyə öz doğma el-obamıza qayıtdıq.
Turan Özbək, Rus, Azərbaycan dillərini mükəmməl bilirdi, İngilis, Türk dillərini də, yaxşı bilirdi. Baxmayaraq ki, Rus dilində təhsil alıb AAHM-ə qəbulda Azərbaycan dilində imtahanı yaxşı verdi.
Turan uşaqlıqdan çox dəcəl idi, böyüdü oldu tamamilə başqa bir adam. Çox tərbiyəli idi. Ancaq uşaqlıqdan deyirdi ki, mən hökmən cəbhə bölgəsində xidmət edəcəyəm. Həm də, şəhid olması barəsində də, danışırdı. Sanki ürəyinə dammışdı ki, şəhid olacaqdır.
Uşaq vaxtı futbola marağı daha çox idi, hətta Daşkənddə futbol komandasında da, oynuyurdu.Texnikaya da, marağı çox böyük olub. Hətta cəbhədə müşahidə quraşdırılmasında da, onun xidmətləri olub.
AAHM-də, oxuyanda evin bir oğlu olduğu üçün biz valideynləri də, onun arxasınca Bakı şəhərinə köçdük. Bazar günləri onunla rahat görüşmək üçün belə bir addım atdıq. Ana-bala kimi çox bağlıydım ona, iş yerimə gəlirdi kursant formasında çox ciddi idi. Elə ki, formasını dəyişirdi olurdu gülərüz bir insan.
Hələ məktəb vaxtlarında evdə heç vaxt dərs oxumazdı. Müəllim nə danışırdısa ondan öyrənirdi qulaq asmaqla bütün dərsi qavrayırdı.
Uşaqlıqda dəcəl olsa da, AAHM-də oxuyan vaxtlarda çox sakit, heç kimin xətrinə dəymədiyinə görə ona quru ləqəbi vermişdilər. Yuxusunda şəhidləri gördüyünə görə, onlarla nə danışmışdısa deyirdi ki, mən hökmən şəhid olacağam.
Bir ana kimi mənim narahat olmağımı heç istəməzdi. Odur ki, cəbhəyə gedəndə də, mənə dedi ki, mən Beyləqana ingilis dili kursuna getmişəm. Şəhid xəbərini eşidəndə bildimki, oğlum cəbhə bölgəsində xidmət edib. Deyirdi ki, ana mən heç vaxt evlənməyəcəm. Çünki sənə bir şey olarsa mən onsuzda yaşamayacağam. Bəs mənim övladlarım yetim qalar axı.
Turanın adını nəvəmizə, şəhidin bacısı Zöhrənin oğluna verdik.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Turan Əsgərovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
407