Türkiyənin Arvin vilayətində uçqun nəticəsində dünyasını dəyişən Azərbaycan Respublikası vətəndaşı Şahmar Kərimovun cənazəsinin ən qısa zamanda Vətənə göndərilməsi üçün bütün tədbirlər görülür.
Diaspor info xəbər verir ki, bu məlumatı Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulu Nuru Quliyev bildirib.
Baş konsul deyib ki, hazırda mərhumun yaxın qohumları ilə əlaqə saxlanılıb. Cənazənin daha münasib istiqamətdən ölkəmizə göndərilməsi üçün aidiyyəti qaydada işlər aparılır.
Xatırladaq ki, Artvin vilayətinin Qara dəniz sahil yolunda yerləşəm Hopa-Kamalpaşa şosesinin 25-ci kilometrliyində uçqun nəticəsində nəhəng qayalar 4 ağır tonnajlı maşının üstünə düşüb. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.
Hazırda təbii fəlakət bölgəsində nəqliyyatın hərəkəti dayandırılıb. Bərpa işləri üçün əraziyə qüvvələr cəlb olunub.