Diaspor info xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2022-ci ilin birinci yarımilində görülən işlər və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrlə bağlı keçirilən kollegiya iclasında ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov bildirib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında tapşırılıb ki, Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrasına və bələdiyyələrin fəaliyyətinə nəzarəti gücləndirməli, metodiki köməklik göstərilməlidir.
Nazir diqqətə çatdırıb ki, ötən dövr ərzində penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi, məhkumların hüquq və azadlıqlarının təmin olunması, saxlanma şəraitinin və məhkumların gündəlik təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər həyata keçirilib, onların sağlamlığının qorunması və tibbi təminatı diqqət mərkəzində saxlanılıb. Məhkəmə Ekspertizası Mərkəzində müxtəlif sahələr üzrə 179 ekspertiza işinin tədqiqatı aparılıb və bu ekspertizalar üzrə ümumilikdə 142 rəy, 24 ekspert arayışı verilib, 6 iş icrasız geri göndərilib, 1 işin icraatı vəsatət verildiyindən müvəqqəti dayandırılıb, 6 ekspertiza işinin icrası isə hazırda davam etdirilir.
Qeyd edilib ki, hesabat dövrü məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunması məqsədilə yerli icra və probasiya qurumlarında icrası çətinlik törədən işlərin həllinə köməklik göstərilməsi davam etdirilib. İlin birinci yarısında yerli icra və probasiya qurumlarının icraatına 2 min 214 icra sənədi daxil olub, bunlardan 728 iş tam icra olunub, 1324 iş icraya yönəlib, 60 iş geri qaytarılıb, 102 iş ərazi aidiyyəti üzrə göndərilib, 404 nəfər borclu barəsində axtarış qərarı verilib, 302 nəfər borclu barəsində verilən axtarış qərarları icra edilib.
Nazir bildirib ki, bələdiyyə fəaliyyəti ilə əlaqədar aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq edilib, birlikdə aktual mövzularda seminarlar təşkil edilib. Hesabat dövründə nazirliyin hamiliyinə verilmiş müvafiq ixtisasların tələbələri ilə müxtəlif tədbirlər reallaşdırılıb, muxtar respublikanın ali təhsil müəssisələrində müxtəlif mövzularda seminarlar və təlimlər keçirilib. Həmçinin Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə tələbələrin nazirlikdə, tabe qurumlarda, eləcə də bələdiyyə orqanlarında istehsalat təcrübəsi keçmələri təmin edilib.
Daşqın Rəhimov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış yeddinci sessiyasında icra və bələdiyyə fəaliyyəti ilə bağlı nazirliyin qarşısında qoyulan tapşırıqlar ilin ikinci yarısında da əsas vəzifələr olmaqla icrası təmin olunacaqdır. İclasda işdə buraxılmış nöqsanlar müzakirə edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.
Sonra Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərovun, İcra və probasiya şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emin Kazımovun, Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanovun məruzə ətrafındakı çıxışları dinlənilib və nazirliyin kollegiya qərarı təsdiq edilib.
Mahmud Hüseynov