Azərbaycan! İllərin sınağından qürurla keçən, düşmən qarşısında həmişə vüqarla, əzəmətlə dayanan qədim diyar! Tarix boyu qüdrətli hökmdarların vətəni olan, neçə-neçə döyüşlərə şahidlik edən, əsrlərin sınağından alnıaçıq, üzüağ çıxan böyük Vətən! Səninlə fəxr edirik. Fəxr edirik ki, mərd oğul və qızların var, hər qarışın uğrunda canlarını fəda edən, hər daşına, torpağına məhəbbətlə bağlı olan övladların var. Şimallı, Cənublu bütöv məmləkətim! Sənin sevgin, sənin həsrətin illərdir misralara tökülərək qəlbimizi riqqətə gətirir. Vətəninə, elinə, obasına bağlı olan şair və yazıçılarımız cənub həsrəti ilə bağlı dəyərli əsərlər yaradır, torpağımızın hər qarışını dərin məhəbbətlə vəsf edirlər. Yaradıcılığı ilə dərin oxucu rəğbətini qazanmış şair, dramaturq Həsənalı Eyvazlı qələmindən süzülüb gələn, insan qəlbini vətənpərvərlik hissi ilə ovsunlayan, iliklərimizə qədər işləyən kəlmələr də Cənub həsrətinin ifadəsidir:
Haqsızlığa üsyan edən,
Nehrə dönüb qoca Tehran.
Üsyan edir ulu Təbriz,
Ulu Qəzvin, ulu Zəncan.
Haqq-ədalət boğularaq,
Çırpınır quş qəfəsində.
Diktatura döyüşür son nəfəsində.
Haqq-ədalət boğulubdu
al qanıyla.
Haqq-ədalət edam olur,
quduzların divanıyla.
Öz haqqını tələb edir
insan oğlu,
Haqsızlığa üsyan edir
insan oğlu.
repressiyanı, güclü siyasi təzyiqləri bir daha xatırlatmış, Nizami, Füzuli, Nəsimi, Xətayi dilinə olan riyakarlıq və xəbisliyin real təsvirini vermişdir. Bu şeir illərdir ədəbiyyatımızı, mədəniyyətimizi mənimsəməyə çalışan mənfurlara qarşı ən yaxşı, ən dürüst cavabdır.
Neçə ildir Şəhriyarım
ağı deyir,
Savalana, Şah dağına.
Neçə ildir həsrət qalıb
Vətənimin bir parçası,
Üçrəngli
Azərbaycan bayrağına!
Bəli, biz vətən həsrətini Şəhriyar qələminin qüdrətindən süzülüb gələn misralarda görürük. Şəhriyar həsrətinin, mənəviyyatının ucalığı isə Həsənalı Eyvazlı qələminin ecazkar misralarında öz əksini tapır. Şair üsyankar bir ruhda yazır:
Niyə axı sənin evin
Sənin olsun,
Onun evi onun olsun.
Mənim evim,
Mənim yurdum parçalansın?
Kim veribdi bu qərarı,
Kim yazıbdı bu fərmanı?
Bu gün əgər,
Ayrılanlar birləşirsə,
Vətənimin, millətimin
Haqqı hanı?
Qoy səsimiz, harayımız
Millətlərin qulağına
çatsın daha.
O tay, bu tay
Ayrılığın zəncirini,
Sındıraraq atsın daha.
– misraları ilə bütün dünyaya səs salan şair haqq səsimizi yüksəklərə ucaldır. İllərdir böyük güclərin döyüş meydanına çevrilmiş qədim Azərbaycan torpağının göz işləyən gözəlliyini tərənnüm edərək iki xalqı bir-birindən ayıran zalımlara qarşı nifrətini bildirir. Şair Həsənalı Eyvazlı eyni zamanda gələcəklə bağlı ülvi hisslərini də dilə gətirərək bütöv görmək istədiyi Azərbaycan arzusunu, artıq həsrət çayı kimi görməyə dözə bilmədiyi xan Arazı məhəbbətlə təsvir edir:
Xan Araza, bundan belə,
Həsrət çayı deyilməsin.
Düşməninə baş əyməyən
Məğrur xalqım,
Kimsələrə əyilməsin.
Yuxarıdakı misralardan bəlli olur ki, illərin həsrəti artıq qəlblərdə dolub-daşaraq şair qəlbini riqqətə gətirir.
O tayın da, bu tayın da
keşiyində,
birgə durmaq istəyirik.
Dövlətlərin cərgəsində,
Azərbaycan dövlətini
Bütöv görmək istəyirik!
“Bütöv görmək istəyirik” şeiri sanki bütöv Azərbaycanın azadlıq himnidir. Şair Həsənalı Eyvazlının yaradıcılıq məhsulu olan hər iki şeir sanki güclü, qüdrətli, əsrlərin sınağından qürurla çıxan böyük Azərbaycanın müstəqillik məbədi təsirini bağışlayır. Şeirlərin hər ikisində, azadlıq ideyasının təbliğini, zülm və haqsızlığa sinə gərmiş xalqın əzəmətini, bu qədər çətinliklərə baxmayaraq əzm və dəyanətini qoruyub saxlamasını, dilimizə qarşı aparılan mənfur təbliğata qarşı mübarizəni şairin cənub həsrətinin dərin ifadəsi kimi görürük.
Bəli, dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, bizi müqəddəs bir ad birləşdirir - azərbaycanlı! Bu şərəfli adın ətrafında milyonlarla insan cəmləşib. Bu gün qalib sərkərdəsi olan qalib dövlətin azad vətəndaşları olaraq bütöv Azərbaycanın carçılarıyıq. Var olsun, yaşasın Azərbaycan!
Xumar Məmmədova
Naxçıvan Müəllimlər İnstitutu
Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti