YAZIÇILAR BİRLİYİNİN ZAQATALA BÖLMƏSİ HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLƏN İNŞA YAZI MÜSABİQƏSİ QALİBLƏRİNİ TƏLTİF EDİB.
Məlum olduğu kimi 2023-cü il, Azərbaycanda Heydər Əliyev ili elan olunub. Ümummilli Lider Heydər Əliyevin “100” illiyi Azərbaycanda və onun hüdudlarından kənarda da, soydaşlarımız tərəfindən böyük təntənə ilə qeyd edilir.
Azərbaycanda elə bir sahə yoxdur ki, Ulu öndərin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilməsin. Belə tədbirlərdən biri də, Azərbaycan Yazıçılar Birliyinin Zaqatala bölməsi tərəfindən təşkil olunub.
Belə ki, AYB-nin Zaqatala bölməsi və Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala regional təhsil idarəsinin birgə təşkilatçılığı ilə Qax, Zaqatala və Balakən rayon məktəbliləri arasında Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev haqqında mənim düşüncələrim” adlı inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin hər rayon üzrə qalibləri elan olunduqdan sonra “Zona” üzrə də qaliblər seçilmişdir.
Bu günlərdə ilk olaraq Qax rayon üzrə qalibləri mükafatlandırılmışdır. 26-12-2023-cü ildə isə Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbində Balakən məktəbliləri arasında qalib olanların təltifolunma mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Zaqatala bölməsinin sədri yazıçı-jurnalist Əlmaniz Ələkbərli, Balakən rayon icra hakimiyyəti humanitar məsələlər şöbəsinin əməkdaşı Hacı Muradov, Şəki-Zaqatala regional təhsil idarəsi Balakən rayon təhsil sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova və sektorun əməkdaşı tanınmış pedaqoq Aşənnə Mehdiyeva, Balakən rayon təhsil işçiləri həmkarlar komitəsinin nümayəndəsi, Şəki-Zaqatala regional mədəniyyət idarəsinin Balakən rayonu üzrə nümayəndəsi Şəfəq Hacıyeva, Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva və bir çox məktəb direktorları, müəllimlər və digər sahələrdə çalışan ziyalılar da iştirak ediblər.
Tədbiri giriş sözü ilə AYB Zaqatala bölməsinin sədri yazıçı-jurnalist Əlmaniz Ələkbərli açaraq belə müsabiqələrin keçirilməsinin şagirdlər üçün çox əhəmiyyətli olduğunu vurğulayıb:”Bilirsinizmi bizim yaşımızda olan insanlar Ümummilli liderimiz haqqında yetərli məlumatlara sahibdirlər. Bu günün şagirdləri gələcəyin gənc nəsli və aparıcı vətəndaşları olacaqlar.
Odur ki, Ümummilli liderimiz haqqında onların hələ orta məktəbdə oxuduğu zamanlarda necə düşündükləri, nə qədər bilgiyə sahib olduqları yaradıcı insanlar kimi bizim üçün çox maraqlı idi. Bizlərdən fərqli olaraq onlar Ulu öndərimizlə eyni vaxtda yaşaya bilməyiblər. Bu dahi şəxsiyyət haqqında yalnız KİV-dən, kitablardan məlumat ala bilirlər. Mən Naxçıvanda tələbə olduğum vaxtlarda dahi şəxsiyyətlə iki dəfə görüşmək şərəfinə nail olmuşam.
Həmin vaxtı müəllimim mənə deyirdi ki, vaxt gələcək Siz onunla ünsiyyətdə olduğunuz üçün bununla qürur duyacaq və fəxr edəcəksiniz. Bəli bu həqiqətən də, belədir. Ümummilli Lider Heydər Əliyevlə bir neçə dəqiqəlik söhbətimizi heç vaxt unuda bilmərəm və bununla qürur duyuram. Ədalətli olmaq üçün “Heydər Əliyev haqqında mənim düşüncələrim” adlı inşa yazı müsabiqəsinin qalibləri ilə şəxsən, ayrı-ayrılıqda görüşüb, onlarla səmimi söhbət etdikdən sonra tam qərara gəldim və bəzi qaliblərin yerlərini belə dəyişdim.”
Daha sonra tədbirdə Balakən RİH Humanitar məsələlər şöbəsinin əməkdaşı Vətən Müharibəsi qazisi Hacı Muradov çıxış edərək Balakən RİH başçısı İslam Rzayevin salamlarını tədbir iştirakçılarına çatdırıb və belə müsabiqələrin keçirilməsinin çox əhəmiyyətli olmasından danışıb:” Mən müharibə iştirakçısı və qazisi kimi dünya şöhrətli siyasətçi Heydər Əliyevin xidmətlərini, onun uzaqgörən siyasətini 44 gün davam edən müharibədə gördüm.
Heydər Əliyev dühası haqqında saatlarla, günlərlə danışsaq yenə də, onun Azərbaycan üçün etdiyi xidmətlərin kiçik bir hissəsini söyləmiş olarıq. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, həmin sahədə Ulu öndərin izi olmasın. O böyük şəxsiyyət təkcə Müstəqil Azərbaycanı xilas etmədi, bununla yanaşı qüdrətli Dövlət olmağımız üçün uzaqgörən siyasəti sayəsində böyük iqtisadi və hərbi gücə malik bir Dövlət qurdu. Və özündən sonra siyasi varisini də elan edərək, yarımçıq qalmış layihələrini də, məhz onun vasitəsilə yerinə yetirdi. Buna 44 gün davam edən Vətən Müharibəsində hər birimiz şahid olduq. Azərbaycan otuz il dünyanın görmək istəmədiyi çox böyük bir bəladan özü öz gücüylə xilas oldu və işğal altında olan vətən torpaqlarını yağı düşməndən azad etdi. Odur ki, belə inşa yazı müsabiqəsinin keçirilməsi təqdirə layiqdir, çünki Heydər Əliyev haqqında şagirdlər daha çox bilgiyə sahib ola bilirlər”
Daha sonra tədbirdə Şəki-Zaqatala regional təhsil idarəsi Balakən rayon təhsil sektorunun müdiri səlahiyyətlərini icra edən Sevinc İbadova çıxış edərək, belə inşa yazı müsabiqələrinin keçirilməsini təqdirə layiq olduğunu bildirdi:” Bütün müsabiqələr şagirdləri daha məsuliyyətli olmağa və öz üzərlərində daha çox işləməyə vadar edir. AYB-nin Zaqatala bölməsi və Şəki-Zaqatala regional təhsil idarəsinin birgə təşkilatçılığı ilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri arasında Balakən məktəblilərinin olması təqdirəlayiqdir, buna görə hər bir qalibi ürəkdən təbrik edirəm və onlara uğurlar arzulayıram”.
Daha sonra tədbirdə Şəki-Zaqatala regional təhsil idarəsi Balakən rayon təhsil sektorunun əməkdaşı Aşənnə Mehdiyeva çıxış edərək Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışdı və belə inşa yazı müsabiqələrinin keçirilməsinin, şagirdlərin düşündüklərini kağıza köçürmələrini çox yüksək qiymətləndirdi.
Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva da çıxış edərək keçirilən inşa yazı müsabiqəsinin əhəmiyyətindən və dahi şəxsiyyət Heydər Əliyevin xalqımız üçün etdiyi misilsiz xidmətlərdən danışıb. Şəfiqə xanım bildirib ki, neçə ki, Azərbaycan var, xalqımız yaşayır deməli Heydər Əliyev də qəlblərdə yaşayır.
Sonra tədbirdə adı qaliblərin siyahısında olan Balakən şəhər Nizami adına bir saylı tam orta məktəbin şagirdi Xəzrin Yunisli çıxış edərək inşa yazı müsabiqəsini təşkil edənlərə təşəkkür edib və qalib olduğu üçün çox sevincli olduğunu bildirib.
Tədbirin sonunda qaliblər AYB Zaqatala Bölməsinin təsis etdiyi “Diplom” və qiymətli hədiyyələrlə təltif edilib.
DİASPOR.İNFO
Balakən.