Bu gün Azərbaycanda gömrükçülərin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi.
Diaspor info xəbər verir ki, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Ulu Öndərin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.
Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir.
Prezident İlham Əliyev tərəfindən ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması, xarici ticarətin dəstəklənməsi və təşviqi, sahibkarlar üçün asan, əlçatan xidmətlərin formalaşdırılması, gömrük işinin səmərəli və müasir çağırışlara uyğun şəkildə həyata keçirilməsi üzrə strateji hədəflər müəyyənləşdirilib. Gömrük orqanları qarşısında qoyulan tapşırıqların uğurla icrası məqsədilə Gömrük Xidmətinin Fəaliyyət Proqramı tərtib edilib və orada şəffaflıq, məmnunluq və rəqəmsallaşmanın artırılması, gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, güvənli hüquq-mühafizə tədbirləri DGK-nın strateji hədəfləri olaraq əksini tapıb.Aparılan islahatların tərkib hissəsi olaraq Azərbaycan ilə İran arasında sərhəddə hər iki dövlət rəsmilərinin iştirakı ilə Astaraçay üzərində yeni körpünün və modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin açılışı olub. Gələcəkdə Azərbaycan ilə İran arasında Zəngilan rayonu ərazisində, eləcə də Gürcüstan ilə Azərbaycan arasında Ağstafa rayonu ərazisində yeni gömrük-keçid məntəqələrinin yaradılması nəzərdə tutulub.