"İki ay içərisində yeni sponsorla bağlı yenilik ola bilər. Hələlik bu yöndə danışıqlar gedir. Təbii ki, Azərbaycan Qran-Prisinin sponsorunun olması çox vacib məsələdir". SİA-nın məlumatına görə, bunu bu gün, Bakı Şəhər Halqasının keçirdiyi tədbirdə qurumun Kommersiya şöbəsinin rəhbəri Bülənt Özerdim deyib.
“81 faiz bilet ölkə xaricinə satılıb. Ötən illərlə müqayisədə, daha erkən bilet satılıb. Baxmayaraq ki, hələ yarışın başlamasına beş ay vaxt var. Yarışa tələbat satışa çıxarılmış bilet sayından çox olacağı halda, yeni tamaşaçı yerlərinin qurulması və həmin yerlərə bilet satışının həyata keçirilməsi mümkündür”, - deyə Bülənt Özərdim deyib.
Formula 1 yarışları indiyədək Azərbaycana 500 milyon dollardan çox gəlir gətirib.
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai mətbuat konfransında bildirib ki, Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri ildən ilə azalır.
Nigar Arpadarai qeyd edib ki, yarış ilk dəfə keçirilən zaman inftastrukturun qurulmasına, o cümlədən asfalt örtüyünün çəkilməsinə, reklam işinin aparılmasına xərclər çəkilirdi. Lakin artıq bu xərclər azalıb: "Yarışların keçirilməsi üçün infrastruktur artıq qurulub, reklam işinə o qədər də çox vəsait xərclənmir. Çünki artıq Azərbaycan dünyada kifayət qədər tanınır".
“PricewaterhouseCoopers (PwC) beynəlxalq audit apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda 2016-2019-cu illər ərzində keçirilən Formula 1 yarışları ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə faydalı olub.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda baş tutmuş Formula 1 yarışlarının iqtisadiyyata göstərdiyi təsirlərə dair aparılmış araşdırmanın nəticələrini böyük məmnuniyyətlə ictimaiyyata təqdim edir. Araşdırmanın nəticələrinə dair hazırlanmış hesabatda qeyd olunur ki, indiyədək Bakıda keçirilmiş Formula 1 yarışları ölkə iqtisadiyyatına ümumilikdə 506.3 milyon dollar gəlir gətirib.
Bu hesabat Bakıda 2016-cı ilin iyununda baş tutmuş ilk Formula 1 yarışında bu günə qədər olan müddət ərzində Formula 1 Qran Pri yarışına evsahibliyi etməyin ölkəyə qazandırdığı faydaların iqtisadi qiymətləndirilməsini özündə əks etdirir.
Hesabatda 506.3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışları ərəfəsində Formula 1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasıya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.
Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur ki, Bakıda baş tutmuş dörd Qran Pri ərzində qeydə alınmış birbaşa gəlirlərin 73.8 milyon dollar məhz bu sektorların payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 300.6 milyon dollar təşkil edib ki, bu göstəriciyə Formula 1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərə birbaşa digər gəlirlər daxildir.
İndiyədək Bakıda keçirilmiş dörd Qran Pri ərəfəsində qeydə alınmış dolayı gəlirlər isə ümumilikdə 205.7 milyon dollar təşkil edib. Hesbatda qeyd olunmuş dolayı gəlirlərə Bakıda keçirilmiş Formula 1 Qran Pri yarışlarının təşkilatçılığında birbaşa yer alan təchizatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən şirkətlərin və digər əlaqədar biznes qurumların əldə etdiyi gəlirlər daxildir.
Bu gəlirlər sözügedən illər ərzində yerli bizneslərdə xüsusən yarışa yaxın aylarda çox sayda müvəqqəti iş yerlərinin açılmasını stimullaşdırıb. Hesablamalara görə, 2016 və 2017-ci illər ərzində 5-10 min arasında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7.5 min təşkil edib.
Ölkəmizin beynəlxalq miqyasda daha genuş auditoriyaya tanıdılmasında da Formula 1 yarışlarının rolu böyük olub. Belə ki, 2018-ci ildə baş tutmuş Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10% artaraq 90.2 milyon nəfər təşkil edib.
BŞH-nin icraçı direktoru Arif Rəhimov beynəlxalq audit şirkətinin araşdırmanın nəticələrinə belə münasibət bildirib: “Biz hər zaman qeyd etmişik ki, Bakıda baş tutan Formula 1 yarışları ölkəyə özlüyündə əyləncədən və yarışdan daha artığını verir. Bu yarışlar ilk növbədə paytaxda yaşayan və işləyən hər bir kəsə yeni iqtisadi, sosial və mədəni qazanc imkanları təqdim edir. Aparılan son araşdırmanın nəticələri göstəriri ki, biz bu baxımdan qarşımıza qoyduğumuz bütün məqsədləri aşmışıq. Ötən il Formula 1 şirkəti ilə imzaladığımız müqavilə əsasında artıq biz azı 2023-cü ilədək Azərbaycan Qran Prisini keçirə biləcəyik və indidən böyük əminlik həm də inamla çalışırıq ki, növbəti illərdə də möhtəşəm Formula 1 yarışlarına ən yüksək səviyyədə evsahibliyi etməklə ölkəmiz üçün maksimum qazancı təmin edə bilək”.
Bu il 5-7 iyun tarixində Formula 1-in ən sürətli şəhər trekində baş tutacaq sayca beşinci yarışa biletlər satışdadır. Bu yarışı yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com
Media nümayəndələri daha ətraflı məlumat üçün əlaqədar qurumla [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.