27 sentyabr - Anım Günü ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Qələbəmizin ruhu naminə” adlı sərgi təşkil edilib. Diaspor info xəbər verir ki, sərgidə şəhidlərimizin şəkillərinin dərc olunduğu jurnallar, vətənpərvərlik, müstəqillik haqqında kitablar, eləcə də Mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işləri nümayiş olunur.
Sərgi noyabrın 8-dək davam edəcək.
Xatırladaq ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Vətən müharibəsinə başlamışdır.
İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!