VƏTƏN
Bu torpaq göyərdib, böyüdüb məni,
Bunun üçün mən Vətənə borcluyam.
De, necə sevməyim bəs bu Vətəni?
Vətən mənim, mən Vətənin oğluyam.
Vətəni sevmək azdır, qəlbində göyərdəsən.
Təkcə göyərtmək azdır, göyərdib böyüdəsən.
Böyüdüb qoruyasan, fərəhlə öyünəsən,
Sənindir bu torpağın hər daşı, hər qayası,
Vətənpərvərlik olsun ömrümüzün mayası.
Vətəni sevməyəndən vətəndaş ola bilməz.
İnsan vətənsiz olsa o, yurddaş ola bilməz.
Kim unutsa vətəni bir sirdaş ola bilməz,
Quranda ayələr var nə qədər çox sayası,
Vətənpərvərlik olsun ömrümüzün mayası.
Ordusuz Vətən olmaz, Vətənsiz ordu olmaz,
Güclü ordu olanın bir çiçəyi də solmaz.
Qorusaq canımızla analar saçın yolmaz,
Yaşasın ürəklərdə anaların laylası,
Vətənpərvərlik olsun ömrümüzün mayası.
QƏZƏLLƏR
Alışıb yanar hər gecə o can səndən bixəbər,
Qurumuz gözlərin yaşı hər an səndən bixəbər.
Yandırma o gül üzlü nigarı, etməsin fəğan,
İtirərsən olarsan peşman, səndən bixəbər.
Ömür varkən vaxt itirmə, fürsəti vermə əldən,
Keçər dövran, gələr əcəl, zaman səndən bixəbər.
Çiçək bitməz dağlarda, dəyişər fəsil daima,
Bir gün olar dağ başında duman səndən bixəbər.
Yandırma, yanarsan, qazanarsan çox böyük günah,
Demə heç kəs bilməz, bilər Quran səndən bixəbər.
Qəm yemə, Şakir müəllim, dünya belə də qalmaz,
Hər kəs səhvin düşər başa, inan səndən bixəbər.
* * *
Gözüm sərv boy gözəlin eşqilə gülşana düşüb,
O ala gözlərdəki bir zülfü-pərişana düşüb.
Elə bil ki, mənlə həmahəngdir arzu-diləyi,
İlahi, necə də yaraşan yara şana düşüb.
Xoşbəxtliyim odur ki, məni hər işdə bağışlar,
Könlümə könül bağlar, bir sevgi əfşana düşüb.
Taleyin qismətindən necə razı olmayım mən,
Səma kimi aydın, ülvi bir gözəl rüvşana düşüb.
Səndən başqa yoxdur kimsə könlümə həmdəm olsun,
Füzuli demiş yanar şama pərvanə düşüb.
Gündə yüz dəfə sükr edirəm Yaradanıma,
Şakir, sənə bir gözəl Leyli şərəf şana düşüb.
DÜNYA DÜZƏLƏCƏK
Dünya düzələrmi deyən bəxtəvər,
Dünya düzələcək biz düzələndə.
Dodaq büzürüksə düz sözümüzə,
Düz baxa bilmirik öz gözümüzə,
Qənim kəsilmişik öz-özümüzə,
Dünya düzələcək biz düzələndə.
Qönçətək gözəllər çürüməsəydi,
Oğrular doğrunu sürüməsəydi,
Haqsızlıq dünyanı bürüməsəydi,
Dünya düzələcək biz düzələndə.
Niyə gileylənək, umaq özgədən?
Gəlin başlamayaq özgə bölgədən,
Öz içimizdəndir bəla, döz, bədən,
Dünya düzələcək biz düzələndə.
Namərdlər mərdlərə möhtac qalarsa,
Hardasa haqsızın canın alarsa,
Hardasa ədalət zəfər çalarsa,
Dünya düzələcək biz düzələndə.
* * *
Kim geymişsə özünə ədəbdən bir arxalıq,
Onda daima olar dostluq və xeyirxahlıq.
Pislərin öz pisliyi özlərinə bəs edər,
Kim gülünü qurudub yerində tikan əkər?
Ağıllılar həmişə az danışar, dinləyər,
Məhsul bol olan zaman ağac başını əyər.
Dolu sünbüllərə sən bir nəzər yetirginən,
Başlarını onlarla müqayisə etginən.
Çox danışan çox bilməz, çox axtaran çox bilər,
Həqiqət işığına ancaq onlar söykənər.
Sənin üçün can verər canı istəsən əgər,
Əsil həqiqət üçün onlar canından keçər.
Şakirdən istəsən can, sənə canını verər,
Unutma ki, canını can verib, alan bilər.
Özgədə eyib axtaranın eybi başından aşar,
Öz gözündəki tiri özgənin kimi sanar.
Düşünüb keçmişini yadına salsa əgər,
Özgədə çöp axtarmaq ona çox eyib gələr.
Ondakı o üz var ondan nə desən çıxar,
Onun üzündən nur yox, çirkab suları axar.
Üzdə mələk görünər, qəlbində şeytan yatar,
Məqsədə çatmaq üçün şeytanlığa əl atar.
Maskanı çox sevərlər, tülkü donu geyənlər,
İnsana rişxənd edər hər yetənə gülənlər.
* * *
Qədrini bil gəncliyinin, boş keçirmə sən günləri,
Qızldan da qiymətlidir ömrün gənclik illəri.
Ötən gənclik çağlarını bir də kim qaytara bilər,
Olan oldu, karvan getdi, danışmağın daha hədər.
Nə etsək də, nə görsək də bircə ömür – pay düşəcək,
Qiymətini, qədrini bil, ömür geri dönməyəcək.
Qiymətsizdi, bənzərsizdi şad keçirsə ömrün əgər,
Qəm içində ömrün keçsə sənə fayda verər məgər?
Bağbanı ol bu dünyanın olsun qismət gözəl yara,
Gəl. Ey Şakir, bel bağlama, giley etmə hər əğyara.
QƏZƏL
Gözəlim, səni görmək əlbət mənə bəsdir,
Ləbindən süzülən şərbət mənə bəsdir.
Dünyanın malında gözüm yox, sözüm çoxdur,
Dünyada bir eşq, bir məhəbbət mənə bəsdir.
Vəfası, etibarı, ehtiqadı olan
Ömür sirdaşımla səadər mənə bəsdir.
Mən dünyada şanı, şöhrəti neyləyirəm,
O mavi baxışlardakı sərvət mənə bəsdir.
Kimlərsə mənə necə rişğənd edir etsin,
Nizami Məcnundakı qeyrət mənə bəsdir.
Ay Şakir, gəl eyləmə qəm, səni çürüdər,
Bülbüli-şeydadakı heyrət mənə bəsdir.
* * *
Musirinin bədənə necə məlhəmi vardır,
Onu duyanların nə gözəl həmdəmi vardır.
Gül bağında şeyda bülbüllərin səsinə bax,
Onun könül öxşar həm zil, həm bəmi vardır.
O gül üzlü dilbərin xətrinə dəymə, könül,
O ala gözlərin həm qəmi, həm nəmi vardır.
Məcnun Leylinin eşqindən odlara yanıb,
Aşirlər üçün onun nə gözəl dəmi vardır.
Şakirəm, inanın musiqisiz yoxdur həyat,
Cana qan verən, dərdə dərman zəm-zəmi vardır.
* * *
Bir sərvi boylu, şux, incə qaməti bəzər istərəm,
O sərv boy, sərvinazı qoruyan xoş nəzər istərəm.
Solmuş qönçəli bir çiçəyə can verən musiqidir,
Hərdən özümü özümdən çıxan qəzəl istərəm.
Məni gözləriylə duyan bir mələyin təşnəsiyəm,
Ruhuma çox gələr, qəlbi oxşayan gözəl istərəm.
Gəl gülüm, Şakirlə bir gəzək bir tamaşadır dünya,
Bir güllü çəmən içində qol-qola gəzər istərəm.
GÖZLƏR
Hər səssiz baxışda bir nəğmə yaşar,
İlahi bir sevgi qaynayar, coşar.
Zirvələr dolanar, ümmanlar aşar,
Arabir səssizcə danışır gözlər.
Hər səssiz dalğada bir ümman varmış,
O dilsiz baxışda bir güman varmış,
Ay Allah, göz-gözə necə baxarmış,
Arabir səssizcə danışır gözlər.
Çiçəkli-çəmənli düzlər gözəldir,
İnsanda həyalı üzlər gözəldir,
Duymağı bacaran gözlər gözəldir,
Arabir səssizcə danışır gözlər.
Dil deyə bilməyən bircə baxış o,
Dolmuş buludlardan yağan yağış o,
Şakirin ömrünə sirli naxış o,
Arabir səssizcə danışır gözlər.
GÖZƏL DÜNYA,
GÖZƏLLƏRİN VAR OLSUN!
Azərbaycan Xalq Şairi
Zəlimxan Yaquba
Gözəl dünya, gözəllikdə bircəsən,
Duyanların gözlərində bircəsən,
Bal süzülən sözlərində bircəsən,
Gözəl dünya, gözəllərin var olsun!
Gözəl dünya, gözəlləri güldür, çən,
Qoyma axsın, göz yaşını sildir sən,
Pünhan eşqi sağlığında bildir sən,
Gözəl dünya, gözəllərin var olsun!
Qurban olsun şöhrət sənə, şan sənə,
Ömrüm sənə, günüm sənə, can sənə,
Ay ürəyim, ocaq olub yansana,
Gözəl dünya, gözəllərin var olsun!
Vəfasızda mərhəmətin eşqinə,
Xoşbəxtliyin, səadətin eşrinə,
Şakirdəki məhəbbətin eşqinə,
Gözəl dünya, gözəllərin var olsun!
XATIRLA
Qəflət qəm tufanın çaxsa qarşına,
Qasırğalar çırpsa dağı-daşına,
Ömrüm-günüm, baxma mənim yaşıma,
Bir çəməni, bir də məni xatırla.
Sevən seviləni necə sanırsa,
Məhəbbət eşqiylə səni anırsa,
Sevgi alovunda ürək yanırsa,
Bir çəməni, bir də məni xatırla.
Sənə də gözləlim deyənin varsa,
O qızıl şəfəqdən geyənin varsa,
Cananı Şakir tək öyənin varsa,
Bir çəməni, bir də məni xatırla.
NƏ DEYİM
Qoşa gəzib, qoşa duran çöllərə,
Sahilində gəzdiyimiz göllərə,
Bağçamızda açan qızıl güllərə,
Səni məndən soruşsalar nə deyim?
Bəzən kədərlənib, bəzən güləndə,
Xatirələr ürəyimi dələndə,
Hər bahar durnalar qonaq gələndə,
Səni məndən soruşsalar nə deyim?
İndi bu tənhalıq nə deyim haşa,
Bir zaman səninlə gəzərdik qoşa,
O yerlər şakiri çəkəndə başa,
Səni məndən soruşsalar nə deyim?
AY QIZ
Bu nə qədd, nə qamət, necə gözəlsən,
Bu yeriş, bu işvə - ömrə bəzəksən,
Qönçədən ayrılan tazə çiçəksən,
Sən məni təzədən yaşatdın, ay qız.
Necə mehrimansan, necə də gözəl,
De necə unudum səni de, gözəl,
İlahi qalıbsan gözümdə, gözəl,
Sən məni təzədən yaşatdın, ay qız.
Doldur ver. Doyunca içim kuzəni,
Allahım hardansa xəlq etdi səni?
Gözüm yaşlı ikən güldürdün məni,
Sən məni təzədən yaşatdın, ay qız.
Hanı o günlər ki, hey sevinərdin,
Mənim dərdim idi sənib də dərdin,
Sən güldün, güllərə əl eyləyərdin,
Sən məni təzədən yaşatdın, ay qız.
Dərdi dərd üstünə yazandı ömrüm,
Nə yaxşı sən gəldin uzandı ömrüm,
Üç gündə üç ili qazandı ömrüm,
Sən məni təzədən yaşatdın, ay qız.
Bütün dərdlərimi sənlə bölmədim,
Üç gecə fikirdən necə ölmədim?
Üç günün içində nələr görmədim?
Sən məni təzədən yaşatdın, ay qız.
Dərə bəmlə, zirvə-zillər haraylar,
Dəmi dəmlər, qəmi qəmlər haraylar,
Günü günlər, ili illər haraylar,
Sən məni təzədən yaşatdın, ay qız.
Sönmüş duyğulara təzə dad verdin,
Ölmüş məhəbbətə qol-qanad verdin,
Ömrümə-günümə elə ad verdin,
Sən məni təzədən yaşatdın, ay qız.
Bu da bir qismətmiş, bu da bir yazı,
Sənsiz neylər Şakir baharı-yazı?
Könlümə köklədin kamanı, sazı,
Sən məni təzədən yaşatdın, ay qız.
YOX, YOLA SALMIRAM
Ömrün çiçəklənən çağıdır hələ,
Yox, yola salmıram belə günləri.
Məhəbbət gəncliyin bağıdır hələ.
Yox, yola salmıram belə günləri.
Hər şey gözlərimdə təzə görünür,
Dünyanın işləri məzə görünür,
Sevənlər qol-qola gəzə, görünür,
Yox, yola salmıram belə günləri.
Dərin dəryalarda üzə biləsən,
Eşqin göylərində süzə biləsən,
Bütün yer üzünü gəzə biləsən,
Yox, yola salmıram belə günləri.
Ay Şakir, bunları sən yaxşı oxu,
Sözləri qəlbində çeşni tək oxu,
Ömrümün getsə də yarıdan çoxu,
Yox, yola salmıram belə günləri.
ÇƏMƏN İNCİMƏSİN,
GÜL İNCİMƏSİN
Çəməndə maşını sür yavaş-yavaş,
Çəmən inciməsin, gül inciməsin.
Gözəlin qəlbinə toxunma, qardaş,
Dodaq inciməsin, dil inciməsin.
Məhəbbət bağında qoru hər dəni,
Bəzəsin saçları o şux gərdəni.
Gözlərin üzündən çək o pərdəni,
Örpək inciməsin, tül inciməsin.
Şəbnəmlə yuyulan gülə toxunma,
O incə, o nazik belə toxunma,
Gözün üstündəki telə toxunma,
Gözlər inciməsin, tel inciməsin.
O sərv boyundan mən necə doyum?
Kaş Şakir görəydi, olaydı toyun.
Aç gümüş kəməri, sən elə soyun,
Əllər inciməsin, bel inciməsin.
SEVGİ YAĞIŞLARI
Eşqim Məcnun təki eşqə düz olsa,
Sevgi yağışları yağdıracağam.
Səninlə hər gecəm bir gündüz olsa,
Sevgi yağışları yağdıracağam.
Tər sinən üstündə çiçək incələr,
Ətirlər qoxuyan ürək dincələr,
Açılsa hər yerdə güllər, qönçələr,
Sevgi yağışları yağdıracağam.
Bir ömür bəxş olur axı hərəyə,
Ömür ömür kimi yetə gərəyə,
Sevilən ürəyə, sevən ürəyə
Sevgi yağışları yağdıracağam.
Elə sev ki, heç vaxt üzün dönməsin,
Ömrün-günün bir də kədər görməsin,
Elə yan ki, məhəbbətin sönməsin,
Sevgi yağışları yağdıracağam.
Hərdən göy Xəzərə yaxınlaşarsan,
Yalçın qayalarla salamlaşarsan,
Şakir, xatirəylə hər an yaşarsan,
Sevgi yağışları yağdıracağam.
GÖZƏL GÖRMÜŞƏM
Mən gözəl görmüşəm, nazənin, incə,
Gözəllər görmüşəm, belləri incə.
Mən gözəl görmüşəm bal dodağında,
Gözəllər görmüşəm, xal yanağında.
Gözəllər görmüşəm, xurma baxışlı,
Gözəllər görmüşəm, sürmə naxışlı.
Mən gözəl görmüşəm, aydan da gözəl,
Gözəllər görmüşəm, günəşdən əzəl.
Mən gözəl görmüşəm, vəfalı gözəl,
Gözəllər görmüşəm, yazılsın əsər.
Əsərdə kəsərli sözlər gərəkdir,
Gözəldə mənalı gözlər gərəkdir.
SOLMAZMI?
De, mənim şeirimin ilıq nəfəsi
O lalə üzlərə işıq saçmazmı?
Yazdığım hər şeyin, hər sözün mətni
Sevən ürəklərdə alovlanmazmı?
De, mənim könlümün ilham pərisi,
Coşub çaylar kimi hey çağlamazmı?
Təbiət bəxş edən gözəl görəndə
Onun ürəyinə bir xal salmazmı?
GÖZLƏRİN
Dodağında nəğmə olub oxunan,
Üşüyəndə əllərinə toxunan,
Saçlarının ənbəridi qoxuyan,
Sakit sular kimi axır gözlərin.
Necə narın-narın yağır yağışlar,
Çəmənə xalını çəkər naxışlar,
Üz-üzə dayanıb qoşa baxışlar,
Hərdən xumar-xumar baxır gözlərin.
Leylinin dalınca Məcnun qaçanda,
Eşqə, səadətə qapı açanda,
Bəzən günəş kimi şölə saçanda,
Sevgi çələngini taxır gözlərin.
Sevib-sevildiyin bahar günləri,
Solmayaydı ömrün gənclik gülləri,
Beləcə ötəydi kaş fəsilləri,
Şişşək tək parlayıb çaxır gözlərin.
Şakirin gözündə qalmısan yaman,
Kaş ki, ayırmasın bizi Yaradan,
Qəsd edir o süzgün baxışlar hər an,
Məni yandırıban, yaxır gözlərin.
ALAN DÜNYA - YALAN DÜNYA
Zaman səni solduracaq,
Alan dünya, yalan dünya,
Gör nələrlə dolduracaq,
Alan dünya, yalan dünya,
Bir gül ilə yaz olmayıb,
Sınıq könül saz olmayıb,
Köçənlərin az olmayıb,
Alan dünya, yalan dünya,
Gəlmişiksə köçməliyik,
Əkmişiksə biçməliyik,
Köroüsündən keçməliyik,
Alan dünya, yalan dünya,
Dizin-dizin sürünəydin,
Yar zülfünə bürünəydin,
Şakir kimi görünəydin,
Alan dünya, yalan dünya,
MƏNİ MƏNDƏN EYLƏYƏNİM
Gər sən mənə naz eyləmə,
Sevincimi az eyləmə,
Bir gül ilə yaz eyləmə,
Məni məndən eyləyənim.
Sənsiz üzüm gülməz olar,
Getsə əgər gəlməz olar,
Sevinc nədir bilməz olar,
Məni məndən eyləyənim.
Qaş-gözünü süzməginən,
Ümidini üzməginən,
Taleyindən küsməginən,
Məni məndən eyləyənim.
O İLLƏRİN XATİRƏSİ
Danışanda allanardı,
Yanaqlarda xallanardı,
Dodaqlarda ballanardı,
O illərin xatirəsi...
Əhdə vəfa düz olubdur,
Silinməz bir iz olubdur,
Könüllərdə köz olubdur,
O illərin xatirəsi...
Duyğu olub könüllərlə,
Sevgi olub ömürlərlə,
Yaşayacaq o günlərlə,
O illərin xatirəsi...
Necə kövrək çiçəkdi o,
Məhəbbətli ürəkdi o,
Xoş məramlı diləkdi o,
O illərin xatirəsi...
Onun odu sönməz olar,
Bir də geri dönməz olar,
Yaşadıqca ölməz olar
O illərin xatirəsi...
O sevgidə - təmiz baxış,
O ürəkdə - təmiz naxış,
O buludda təmiz yağış
O illərin xatirəsi...
VURULMUŞAM
Gəl məni yandırıb, yaxma,
Duruşuna vurulmuşam.
Elə baxma, elə baxma,
Baxışına vurulmuşam.
Hər yadıma düşəndə sən,
Gecə yuxum qaçır birdən,
Mənə gen açdığın hərdən
Ağuşuna vurulmuşam.
Vəfalı bir gözəl yarım,
Sinəsində qoşa narın,
Tərin üzdən narın-narın,
Axışına vurulmuşam.
Nə vədəndir, Şakir, sənin,
Quzeylərdən gəlir səsin.
Saçlarına düşən dənin,
Sərt qışına vurulmuşam.
BİR MƏHƏBBƏT VAR
O cavan ürəklər kimi sehirli,
Hər bahar qocalar hey cavanlaşır.
Cansıza can verir bəşəri sirli,
İkinci gənclikdə hey aşıb, daşır.
Məhəbbət qocaya, yaşa baxmayır,
Nə üzə, nə gözə, qaşa baxmayır,
Nə qədər ömür var sevir, sevilir,
Tufana, borana, qışa baxmayır.
Zamana, dövrana, vaxta baxmayır,
Qızıldan olsa da, taxta baxmayır,
Onunla yaşayır, onunla ölür,
Taleyə, qismətə, baxta baxmayır.
Sevgim cavanlaşır qocaldıqca mən,
İnsan da saflaşır hər ötən gündən,
Sonu bilinməyən bir məhəbbət var,
İtmirsən, ölmürsən, qocalmırsan sən!
TƏK OLSANDA
Payız gəlməmiş solar,
Dünya ona dar olar,
Sevinc, kədərlə dolar,
Qocalar tək qalanda.
İstidə soyuq kəsər,
Yazılmamış bir əsər,
Hamıdan umar, küsər,
Qocalar tək qalanda.
Tez kövrələr, daralar,
Bulud kimi qaralar,
Kiçicik söz yaralar,
Qocalar tək qalanda.
Divarlar buz bağlayar,
Yer titrər, göy ağlayar,
Şakir, səni dağlayar,
Qocalar tək qalanda.
MƏHƏBBƏTİM
Saçlarıma düşsə də dən.
Hər nə yaşda olsam da mən,
İlk eşqimdən, gəncliyimdən,
İlham alır məhəbbətim.
Əsən sərin küləklərdə,
Ən xoş arzu, diləklərdə,
Könül sevən ürəklərdə
Qonaq qalır məhəbbətim.
Bircə sözün naxışında,
Baharın ilk yağışında,
Duyanların baxışında
Məskən salır məhəbbətim.
SEVMƏYƏ SEVİLMƏYƏ
Sevgililər günü üçün
Elə bil külək əsir,
Göz görür, ağıl kəsir,
Qız görüşə tələsir,
Sevməyə-sevilməyə.
Eşitməyən eşitsin,
Bilməyənlər də bilsin,
Axan göz yaşı silsin,
Sevməyə-sevilməyə.
Bax ulduza, bax Aya,
Gəl bahara, gəl yaya,
Biz gəlmişik dünyaya,
Sevməyə-sevilməyə.
KİM DOYUB Kİ...
Ömrün əziz illərindən,
Sevinc dolu günlərindən,
Çiçəyindən, güllərindən,
Kim doyub ki, mən də doyum?
Quzeyindən, yağışından,
Məhəbbətin naxışından,
Gözəllərin baxışından –
Kim doyub ki, mən də doyum?
SƏN GÖRÜŞƏ GƏLƏNDƏ
(mahnı)
Musiqisi: Şahin Qarayevindir
Yatar könlüm oyanar,
Al şəfəqə boyanar,
Uçan quşlar dayanar,
Sən görüşə gələndə.
Sevinirəm fərəhdən,
Danışıram diləkdən,
Sözüm gəlir ürəkdən,
Sən görüşə gələndə.
Bülbül gül üstə qaçar,
Qönçələr, güllər açar,
Hər yana ətir saçar,
Sən görüşə gələndə.
Məhəbbətlə qaçaram,
Sənə könül açaram,
Qanad açıb uçaram,
Sən görüşə gələndə.
Sevgisiylə öyünər,
Ürək tez-tez döyünər,
Dünya gözəl görünər,
Sən görüşə gələndə.
Qoluma qüvvət gəlir,
Könlümə vüsət gəlir,
Gözümə nur ələnir,
Sən görüşə gələndə.
Saf mərhəmət duyuram,
Hüsnü rəğbət duyuram,
Böyük şəfqət duyuram,
Sən görüşə gələndə.
Xumar gözlər baxanda,
İki ürək bir canda,
Gəncləşirəm bir anda,
Sən görüşə gələndə.
Necə sevməyim səni,
Sevdirə bildin məni.
Ay ömrümün gülşəni,
Sən görüşə gələndə.
Gül Şakirin üzünə,
Yox demirsən sözünə.
Yaraşırsan özünə
Sən görüşə gələndə.
SƏN GÖRÜŞƏ GƏLMƏYƏNDƏ
Kimi gəzir gözüm sənsiz,
Sən görüşə gəlməyəndə.
Səbrim yoxdur dözüm sənsiz,
Sən görüşə gəlməyəndə.
Varmı sevənmənim qədər?
Qəlbimi çox sıxır kədər,
Ömrüm-günüm gedər hədər,
Sən görüşə gəlməyəndə.
İnandığım keçir gendən,
Qəm üstünə gətirir qəm,
Dərdim artır günü-gündən,
Sən görüşə gəlməyəndə.
Solacaqdır gülüm sənsiz,
Lal olacaq dilim sənsiz,
Ay olacaq ilim sənsiz,
Sən görüşə gəlməyəndə.
Ömür gedir yavaş-yavaş,
Görüşsüz keçməyəydi kaş,
Hey Şakiri sıxır təlaş,
Sən görüşə gəlməyəndə.
CEYRAN MƏNDƏN AYRI GƏZMƏ
Ürəyimə xal düşübdür,
Ceyran məndən ayrı gəzmə.
Dodağımdan bal düşübdür,
Ceyran məndən ayrı gəzmə.
İlhamımı səndən aldım,
Məhəbbət zəngini çaldım,
Təkcə sənə meyil saldım,
Ceyran məndən ayrı gəzmə.
Sındıq zaman gərdişindən,
Gəlişindən, gedişindən,
Əl çək belə vərdişindən,
Ceyran məndən ayrı gəzmə.
Qəlbim sənsiz deyib gülməz,
Getməyir ömrümüz əbəs,
Eşidirəm bir doğma səs,
Ceyran məndən ayrı gəzmə.
İlk talelər dəydi daşa,
İztirablar qoşa-qoşa.
Şakirlə vur ömrü başa,
Ceyran məndən ayrı gəzmə.
AXTARA-AXTARA
Qaldı gözüm bu yollarda,
Səni axtara-axtara.
Al yanaqdakı xallarda
Səni axtara-axtara.
Zülmətə işıq saçaram,
Gecə-gündüz hey qaçaram,
Sübhü, səhəri açaram
Səni axtara-axtara.
Eyləmişəm neçə nəzir,
Ürəyimi sıxır əzir,
Hər gün, hər an, gözüm gəzir,
Səni axtara-axtara.
BAĞLADI
Ürəyimi dağladı,
Könlüm də qan ağladı,
Neçə işıqlı günün
Yollarını bağladı.
Sevinc dolu illərin,
Necə gözəl günlərin,
Sevən iki ürəyin
Qollarını bağladı.
MƏHƏBBƏTİDİR
Kim nə bilir ürəyindən nələr keçir, nələr keçir,
Onu duyan qəlblər bilər, nələr keçir, nələr keçir.
Duyan könül nəğməsidir yaşadacaq hər an səni,
Duy, ey könül, qoy yaşatsın bir eşq üçün dövran səni.
Kim əli boş gəlib gedir yoxsa məhəbbətdən fayda,
Ömür yolu zimistandır hər gün belə keçsə toy da.
Füzuli, eşqindir dedin uca göylərin mehrabı,
Səndən sonra kim bildi ki, nə şirinmiş eşqin camı.
İç, ey könül o şərbətdən qoy yaşatsın ellər səni,
Köçüb getsən bu dünyadan daim izlər illər səni,
Min illərdir yer üzündə işıq saçır, şölələnir.
Varsa, Şakir, ömrünəgər, doy o tamdan səadətdir,
Yer üzündə bir dərya var, məhəbbətdir, məhəbbətdir.
UĞURSUZ SEVGİ
Üzümə dəydikcə narın qar, yağış,
Yadımdan çıxmayır o xumar baxış.
Biz qoşa gəzərdik şehli çəməndə,
Deyərdim xoşbəxtəm doğrudan mən də.
Nə tez unutdun sən ötən günləri?
O gizli baxdığın toy-düyünləri,
Deyirdin sevəcəm ölüncə səni,
Bəs hanı o sevgi, tez atdın məni?
O vaxtdan gözlərim yollarda qaldı,
Üzdəki o qoşa xal harda qaldı.
Dedim ki, a ceyran, gəl üzmə məni,
Axır ki, söylədin: sevmirəm səni.
Bu da ilqarımız, bu da sevgimiz,
Sadiq olaq, gəl qoruyaq onu biz.
Bir zaman eşqinlə yaşadımm həran,
Nə gecə, nə gündz çıxmadın yaddan.
Əfsus ki, bu sevgi yalanmış, yalan,
Sən oldun canımı odlara salan.
O gündən xəstə tək yatıram inan,
Nə həyat görünür, nə üzülür can.
Xəyalın çox uzaq yol gedir Şakir,
Bu dünya əvvəldən yaranıbdır sirr.
Uğursuz eşqindən kim olur peşman,
Nə həyat görünür, nə üzülür can.
Yaşamaq, yaratmaq eşqi azalır,
O küsür həyatdan, ömür az qalır.
YAŞAYACAQDIR
2010-cu il Mübariz ilinə həsr edirəm
Şəhidlərin ruhu şad olsun deyə,
Özünü odlara atdı mübarız.
Canıyla-qanıyla öz torpağında
Böyük arzusuna çatdı Mübariz,
Özünü torpağa qatdı Mübariz.
O igid oğlumuz, igid qəhrəman,
Canını vətənə eylədi qurban.
Dilində bir Vətən, bir Azərbaycan,
Milli qəhrəman tək yatdı Mübariz,
Özünü torpağa qatdı Mübariz.
Göstərib hünəri şücaətiylə,
Düşməni məhv etdi fərasətiylə,
Qorxmaz qeyrətiylə, cəsarətiylə,
Mübariz addımı atdı Mübariz,
Özünü torpağa qatdı Mübariz.
Təzə Mübarizlər doğulacaqdır,
Mübariz adını daşıyacaqdır.
Lakin 210 Mübariz ili
Tarixdə həmişə yaşayacaqdır.
YAŞADIR MƏNİ
Allah verib mənə bu düşüncəni,
Yaşadır Vətənə məhəbbət məni.
Könlüm vəfalıdır, ürəyim dolu,
Çox zəngin olubdur ömrümün yolu.
Vətən mənim üçün həyat simvolu,
Mən ana yurduma bağlıyam, yəni
Yaşadır Vətənə məhəbbət məni.
Coşur hər kəs burda qeyri-ixtiyar,
Bu torpaq hamını edib bəxtiyar.
Onun Heydər kimi bir Öndəri var,
Elə dahi insan yox mən biləni,
Yaşadır Vətənə məhəbbət məni.
Görürük hər yerdə dirçəliş, surət,
Bürüyüb hər yeri sevinc, səadət.
İndi İlham kimi güclü şəxsiyyət,
İdarə eyləyir doğma Vətəni,
Yaşadır Vətənə məhəbbət məni.
Ölkəmin üçrəngli al bayrağı var,
Doqquz cür iqlimi, xoş torpağı var,
Zəngəzur, Naxçıvan, Qarabağı var,
Tanrıbəxş eyləyib bu xoş töhfəni,
Yaşadır Vətənə məhəbbət məni.
Xəzərdə buruqlar verib baş-başa,
Yaraşır Qoşqarda sanki daş-daşa.
Mil, Muğan düzləri olub tamaşa,
Var dağlar qoynunda dumanı, çəni.
Yaşadır Vətənə məhəbbət məni.
Ömrümün bir günü getməyib hədər,
Eyləyib Vətənim məni bəxtəvər.
Sevirəm mən onu bu dünya qədər,
Unuda bilərmi sevən sevəni,
Yaşadır Vətənə məhəbbət məni.
Vətənin bizlərə ehtimadı var,
Onun da Tanrıya ehtiqadı var.
Azərbaycan kimi gözəl adı var,
Hamı əzizləyir bu xoş kəlməni.
Yaşadır Vətənə məhəbbət məni.
Göz qoyub belə bir zəngin torpağa,
Sevincdən ürəyim dönübdür dağa.
Elə bir cənnətdir başdan ayağa,
Kim sevməz ay millət, belə ölkəni,
Yaşadır Vətənə məhəbbət məni.
Azərbaycan mənim iftixarımdır,
Zaqatala mənim şah damarımdır.
Çobankol öz kəndim, xoş diyarımdır,
Mən necə sevməyim belə guşəni,
Yaşadır Vətənə məhəbbət məni.
Şakirəm, hər kəsi eylərəm agah,
Olmayıb qəlbimdə xəbislik, tamah.
Məni şair kimi yaradıb Allah,
Yazıram hər daim gözüm görəni,
Yaşadır Vətənə məhəbbət məni.