VƏTƏNPƏRVƏR AİLƏNİN ŞƏHİD ÖVLADI -İSMAYIL İRAPOV QÜRUR YERİMİZDİR.
Həmişə Vətən dara düşən zaman vətənin qəhrəman oğulları, onun müdafiəsinə qalxar və canları-qanları bahasına onu müdafiə edərlər. İkinci Qarabağ savaşı, “Vətən” müharibəsi başlanan vaxtı da, Azərbaycan torpağında yaşayan, onun suyundan içən hər bir kəs, dilindən, dinindən, millətindən asılı olmayaraq, bütün qəhrəman oğullarımız vətənimizin müdafiəsinə qalxdılar.
Zaqatala rayonunda da, səfərbərlik elan olunan kimi bütün gənclər bir araya toplaşaraq, vətənimizin müdafiəsinə getməyə hazır olduqlarını nümayiş etdirdilər.
Zaqatala rayonu Əliabad qəsəbə sakini İrapov İsmayıl Nəsrulla oğlu isə həmin dövrdə həqiqi hərbi xidmətdə idi. Artıq altı ay idi ki, İsmayıl hərbin sirrlərinə dərindən yiyələnirdi. Necə deyərlər İsmayıl artıq təcrübəli əsgər idi. Odur ki, İkinci Qarabağ müharibəsi başlayan kimi İsmayıl İrapovu döyüşün ən qaynar nöqtələrinə apardılar.
İsmayıl işğal altında olan Qarabağ torpaqları haqqında, tərbiyə aldığı ailədə, daha çox atasından eşitmişdi. Belə ki, atası Nəsrulla İrapov Birinci Qarabağ müharibəsi iştirakçısı olub və qeyri-bərabər gedən döyüşlərdə yaralanıb. Onun vətəninə olan sevgisi, vətənpərvərliyi övladlarına da, keçib.
İrapov İsmayıl Nəsrulla oğlu 2002-ci il fevralın 23-də Zaqatala rayonu Əliabad qəsəbəsində dünyaya göz açıb. 2008-17 –ci illərdə Şəhid Adil Hacıyevin adını daşıyan “1” saylı Əliabad qəsəbə tam orta məktəbində təhsil alıb. İdmanın cüdo növünə böyük həvəs göstərib və bu idman növü ilə xeyli məşğul olub.
İsmayıl doqquzuncu sinifədək oxumasına baxmayaraq, təhsil aldığı məktəbdə yaxşı oxuyan şagird olub. O, oxumağın heç vaxt gec olmadığını vurğulayaraq, təhsildən ayrılıb və daha çox ailəsinə maddi yardım etmək istəyib. Çox düşüncəli, əxlaqlı, təlim-tərbiyəsi ilə seçilən biri olub. Görünür ailənin maddi rifahını yüksəltmək üçün özünü qurban seçib, əvəzində isə bacısını mütləq oxudacağını vurğulayırmış. İsmayıl ailə təsərrüfatını genişləndirmək üçün bütün gücüylə çalışıb-vuruşurdu. Qəsəbədəki fındıq zavodunda işləyib qazandığını isə qəpiyinə kimi valideynlərinə verir, gələcək arzularını dilə gətirirmiş. Həmişə birinci sözü bacısı Havva olarmış, onu hamıdan çox istəyir, Ali təhsil alması üçün əlindən gələni edəcəyini deyirmiş. İsmayıl doqquzuncu sinifdən sonra təhsilini dayandıraraq, ailə təsərrüfatını, büdcəni artırmağa tələsdiyi kimi, ölümə də, tələsərək, hamını gözüyaşlı qoydu.
İsmayıl 2020-ci ilin aprel çağırışçısı idi. Əvvəlcə Ağcabədi rayonu ərazisindəki “N” saylı hərbi hissədə hərbi xidmətə başlayan İsmayıl İrapovun valideynləri, andiçmə mərasimində ona sürpriz edərək, övladlarının görüşünə gediblər. İsmayıl bu görüşdən çox məmnun olub, sevinib ki, hərbi formada bacısı və valideynləri ilə görüşüb. Həmin görüşdə atasına deyib ki, hərbi xidmətdə işləri yaxşı gedir, orada özünə yeni dostlar tapıb.
Atası Nəsrulla İrapov İsmayılın hərbi xidmət keçməsi barəsində dedikləri bəzi fikirləri olduğu kimi yazırıq: “Oğlum hərbi xidmətinin ilk günlərindən vicdanla, qeyrətlə əsgərliyə başlayıb. Komandirlərinin tapşırıqlarını layiqincə yerinə yetirib. Komandirləri oğlumun hərbi xidmətindən daima razılıq ediblər. Vaxtaşırı keçirilən hərbi təlimlərdə həmişə seçilən İsmayıl, çox vaxt sərrast atıcı kimi birinci yeri tuturdu. Oğlum dəfələrlə hərbi hissə komandirinin təşəkkürünü də almışdır. Bizim üçün çox qürurverici haldır ki, oğlum nümunəvi hərbi xidmətinə görə məzuniyyətə də, buraxılmışdır, ancaq o, evə gəlməkdən imtina etmişdir. Həmin vaxtlar artıq ermənilərin təxribatları səngimək bilmirdi. İsmayılla danışanda hər gün təlimlərdə olduğunu deyirdi. Onlar Azərbaycan hərbçisi olaraq, müharibənin qaçılmaz olduğunu bilirdilər. Ancaq bizimlə danışan zaman, hərbi sirr olduğuna görə, bu barədə heç nə bildirmirdi. Biz sosial şəbəkələrdən və qeyri-rəsmi mənbələrdən bilirdik ki, erməni faşistləri hər gün müasir artilleriyadan istifadə etməklə, iri çaplı silahlardan Azərbaycan ordusunun mövqelərini atəşə tuturlar. Əlbəttə ki, bu belə davam edə bilməzdi və etmədi də, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə “Vətən” müharibəsi başlandı və itirilmiş torpaqlarımız geri qaytarıldı.
Qəhrəman oğulu dünyaya gətirən Qəhrəman Ana, Naimə xanım da, oğlu haqqında ürək ağrısıyla danışır: Elə bil ki, ürəyimi çıxarıblar, ürəyim yoxdur. Oğlum çox mehriban, az yaşı olmasına baxmayaraq, ailə, ata-ana, bacı qeyrəti, “Vətən” qeyrəti çəkən bir kişi idi. Həmişə məni gizlincə gəlib, arxadan qucaqlayar və öpərdi. Onun qoxusunu çox sevdiyi paltarlarından alıram. Ailəcanlı olması, ailəyə bağlı olması, xüsusən də, bacısını hamıdan çox istəməsi bir an belə yadımdan çıxmır. Sevimli bacısını bizə tapşırmışdı. “Bacımdan möhkəm muğayat olun, onu qoruyun, xətrinə dəyməyin, işlətməyin, qoy dərslərini oxusun, məktəbi bitirən kimi ali məktəbə oxumağa aparacağam. Yeganə bacımı mənim əvəzimə də, tez-tez əzizləyin, ürəyi nə istəyirsə onu da alın. “Qardaşı” ölməyib ki, əsgərlikdən qayıdanda əvəzini çıxaram. ”
Naimə ana, ağlamaqdan, oğlunun dərdini çəkməkdən vaxtından tez qocalmağa başlayıb.
Ancaq Nəsrulla və Naimə xanım onu da, bilməlidirlər ki, İsmayıl artıq təkcə onların övladları deyil, o, bütün Azərbaycan xalqının oğludur və Allahın ən sevimli bəndəsidir.
Mətbuatda gedən bir çox məqalələrdə İsmayıl İrapovun qəhrəmanlığı haqqında geniş məlumatlar verilib. Təsadüfi deyil ki, İsmayıl İrapov “Vətən” müharibəsi zamanı göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən “VətənUğrunda” medalı ilə təltif olunub.
“Bəli, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl İrapov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.”
Bundan əlavə “Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl İrapov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.”
Onun döyüş komandiri olmuş, mayor Anar Quliyev İsmayıl İrapovun müharibədə göstərdiyi qəhrəmanlıqlardan da, danışıb: “Müharibə başlayan ilk gündən biz, İsmayılla birlikdə döyüşə başlamışıq. O, gənc olmasına baxmayaraq, qorxu nə olduğunu bilmirdi, əlindəki “TSKA” pulemyotu ilə erməniləri demək olar ki, dənləyirdi.
Əvvəlcə Cəbrayıl rayonu istiqamətindən döyüşə-döyüşə Füzuli rayonunu düşmən tapdağından azad etməyə başladıq. Bu bölgədə isə, daha ağır döyüşlərimiz oldu. Çünki, düşmən bu əraziyə daha çox canlı qüvvə, texnika toplamışdı. Bütün çətinliklərə baxmayaraq, üstümüzə mərmi, raket yağışı yağmasına baxmayaraq, döyüşçülərimiz mərdliklə döyüşərək, düşmənin həmlələrini dəf etdilər.
Bizim cəsur döyüşçümüz İsmayıl İrapov 4 dəfə məni ölümdən xilas etdi, döyüş meydanından daha təhlükəsiz əraziyə çıxartdı. 2 oktyabr 2020 –ci il tarixində Füzulinin Qaraxanlı kəndində gedən döyüşlər İkinci Qarabağ, “Vətən” müharibəsində olan ən ağır döyüşlərimizdən biri oldu. Həmin vaxt düşmən hücumunu Ağdam istiqamətindən gözləyirdik. Lakin, faşist ermənilər Füzuli rayonunun hər tərəfindən hücuma keçərək, artilleriyadan, minaatanlardan, digər iri çaplı silahlardan bizim mövqelərimizi ardıcıl atəşə tutmağa başladılar. Artilleriyadan atılan mərmilər daha çox can alır. Biz, rayonun “Vodapad” adlanan yerdə və Qaraxanlı kəndində düşmənin dağıtdığı evlərin xarabalıqlarlarında yerləşmişdik. Düşməni ərazidən qovub, torpaqlarımızı onlardan təmizləmək istəyirdik. Daha güclü istehkamlar qurmuş erməni azğınları havadarlarının köməyi ilə əks hücumlarımızın qarşısını həmin anda dəf edirdilər.
Həmin döyüşdə düşmən tərəf əsasən 82 –lik və 120 –lik minaatanlardan istifadə edirdilər. Mərmi yağışı altında tez-tez yerimizi dəyişməli olurduq. Mən, digər döyüşçülərimizlə, İsmayıl və Elvin Məlikovdan 30-40 metr aralıda idim. Düşmənin atdığı mərmilərin əksəriyyəti onların yaxınlığına düşdü. Düşmənin minamyot 82 –nin mərmisi bu dəfə onların yerləşdiyi mövqenin lap yaxınlığına düşdü. Artıq onların silahları susmuşdu. Çox çətinliklə də, olsa özümü döyüşçülərimin yanına yetirdim. Artıq gec idi, çünki, hər ikisi ağır yaralanmışdılar. Son nəfəsləri idi. Yaralarını bağlasam da, təəssüflər olsun ki, onları xilas edə bilmədim. İsmayılın göz qapaqlarını bağladım, həmin döyüşdə daha 6 nəfər hərbiçimiz də ağır yaralandı. Şəhid və yaralılarımızı çox çətinliklə də, olsa döyüş meydanından çıxarda bildik. Heyf belə mərd döyşçülərimizdən...”
Şəhid valideynləri deyir ki, İsmayıl hər dəfə telefonla danışan zaman deyirdi ki, məndən narahat olmayın. Siz özünüzə yaxşı baxın, biz yalnız irəli gedirik. İnşaallah torpaqlarımızı işğaldan azad edib, sonra da, sağ-salamat qayıdıb evimizə gələrik.
İsmayıl cəmi altı ayın əsgəri idi, əlbəttə ki, nə qədər ürək-dirək versən də, valideyn üçün övlad acısından ağır dərd yoxdur. Bunu hamı bilir, o cümlədən bir jurnalist və yaxınları Şəhid olmuş Azərbaycanlı kimi mən də, bilirəm. Ancaq övlad itirməklə Şəhid valideyni olmaq fərqli hissdir. Şəhid İsmayıl İrapov şanlı tarix yazdı, Azərbaycan hərb tarixinə adını qızıl hərflərlə, həm də, əbədi yazdı. Neçə ki, Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, xalqımız, dövlətimiz İsmayıl kimi qəhrəman oğullarımızla qürur duyacaq.
Sizin İsmayıl artıq Zaqatala rayonu Əliabad qəsəbəsinə deyil, bütün Azərbaycan dövlətinə və əlli milyonluq Azərbaycan xalqına məxsusdur, bax bunu heç vaxt unutmayın və həmişə başınızı dik tutun. Sizin böyütdüyünüz Şəhid İsmayıl İrapovun ruhu qarşısında baş əyirik.
Allah Şəhidimizin ruhunu şad eləsin, Allah rəhmət eləsin.
Əlmaniz Ələkbərli.
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
879