ŞƏHİD ÜMİD MƏMMƏDOV VƏTƏN MÜHARİBƏSİNİN CƏSUR DÖYÜŞÇÜLƏRİNDƏNDİR.
Məlum olduğu kimi İkinci Qarabağ savaşı “Vətən Müharibəsi” başlanan kimi Azərbaycanın qeyrətli oğulları silaha sarılaraq, vətənin keşiyində dayandılar. Şəhid Ümid Bəkir oğlu Məmmədov da, vətənimizin keşiyində dayananlardandır. Şəhid Ümid Məmmədov 11 avqust 2001-ci ildə Zaqatala rayonu Bəhmətli kəndində anadan olub. Bəhmətli kənd tam orta məktəbinin 9-cu sinifini bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb.
Əsasən kafe-restoranlarda ofisiant işləməklə valideynlərinə dəstək olmağa çalışıb. Bəkir kişinin ailəsində bir oğlan, bir qız uşağı böyüyüb. Bəhmətli kəndində olduğumuz zaman Bəkir kişinin ailəsini də, ziyarət etdik:” mənim iki övladım olub, Ümid və Lamiyə. Fəhləlik etsəm də, çalışmışam ki, onlar korluq çəkməsinlər. Oğlumla ata-bala olmaqla bərabər həm də, çox yaxşı dost olmuşuq.
O, uşaqlıqdan deyirdi ki, böyüyüb hərbiçi olacağam. İş elə gətirmişdi ki, müddətli həqiqi-hərbi xidmətə getmişdi. Oradan da, bizə xəbər göndərirdi ki, əsgərliyimi bitirib, hərbidə qalacağam. 2019-cu il oktyabrın 7-də müddətli həqiqi-hərbi xidmətə getdi, 2020-ci il oktyabrın 6-da isə, Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Düzdür şəhidin nəşini oktyabrın 10-da gətirdilər və biz də,
Bəhmətli kənd qəbirstanlığında dəfn etdik.”
Bəkir Məmmədov hazırda qardaşının evində yaşayır və təsərrüfatla məşğul olur. Şəhidin anası Rahilə xanım da, söhbətə qoşularaq, Ümid haqqında ağızdolusu danışdı:”Ümid bizim arxa-dayağımız, ümid yerimiz idi. Ailəcanlı uşaq idi, hərbi xidmətə getməzdən əvvəl işləyərək bizlərə dəstək olurdu. Deyirdi ki, işləyim qazanım bacımı da, köçürərik. Son zəngimizdən bir həftə əvvəl zəng etdi, xeyli danışdıq.
Deyirdi ana Lamiyəni köçürün, toyunu gecikdirməyin. Dedim ki, oğlum biz sənsiz toy etməyəcəyik. Dedi ki, mən gec gələcəyəm, dekabrda gələcəyəm. Mən də, dedim ki, eybi yoxdur, biz səni gözləyərik. Sən demə müharibədir, düşünürmüş ki, birdən şəhid olar, bacısının toyu yarımçıq qalmasın. Müharibədə də, ailəsini düşünürmüş, bizimlə danışanda isə, elə deyirdi ki, nə müharibə, nə döyüş, biz çox kənardayıq, yeyib-yatırıq. Belə deyə-deyə bizi rahat salırdı.
Ümid Şəhid oldu, mənim qol-qanadımı da, sındırdı. Mən qürur duyuram, fəxr edirəm ki, belə qəhrəman oğul böyütmüşəm.
Fəxr edirəm ki, oğlum Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarıyla 15-12-2020-ci ildə “Vətən Uğrunda”, 24-06-2021-ci ildə isə, “Cəsur Döyüşçü” medallarına layiq görülüb.
Şəhidimizin valideynləri qardaşı evində yaşamaqlarına baxmayaraq, Azərbaycan xalqına igid, cəsur oğul yetişdirərək, onu vətənə fəda ediblər.
Allah Şəhidlərimizə Rəhmət Eləsin!
Əlmaniz Ələkbərli
Azərbaycan Respublikası Jurnalistlər
Və Yazıçılar Birliyinin Üzvü.
824