KƏŞVİYYATÇI ŞƏHİDİMİZ FƏZAİL ƏLİYEV ŞANLI TARİX YAZANLARDANDIR.
İkinci Qarabağ savaşı “Vətən Müharibəsi” başlayan kimi Azərbaycan ordusunun hərbiçiləri çavuşundan generalına kimi hazır vəziyyətdə olub. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və 44 gün ərzində erməni əsgərini ağ bayraq qaldırmağa məcbur edənlərdən biri, bəlkə də, birincilərindən olan kapitan Fəzail Əliyevin dünyaya göz açdığı Zaqatala rayonu Bəhmətli kəndində olduq. Onu bu dünyaya gətirən və qəhrəman kimi yetişdirən ana-atayla görüşdük. Cahan Əliyev cavanlığında bir çox yerlərdə, o cümlədən Zaqatala tütün zavodunda işləmiş, ancaq hazırda ürəyindən bir neçə dəfə əməliyyat olunduğu üçün heç yerdə işləyə bilmir. Onunla və qəhrəman şəhidimizin anası Validə xanımla evdə görüşdük. Cahan kişi oğlu Fəzaillə bağlı ağızdolusu danışdı:” oğlum uşaqlıqdan hərb sahəsinə maraq göstərirdi, əgər yaşasaydı onun general olacağına heç kim şübhə etmirdi. Kəşviyyatçı kimi yaxşı ad-san qazanmışdı.
Dünyanın bir çox ölkələrində kurslara qatılmış və yaxşı nəticələr əldə edə bilmişdir. Türkiyə, Macarıstan, Çexiya və İngiltərədə keçdiyi kurslar yaxşı yadımdadır. İngilis və erməni dilini də, mükəmməl bilirdi. Çexiyada olanda erməni zabitləri Azərbaycan bayrağını təhqir etmək istəyərkən, Fəzail dözməyərək, onların cavabını əsil Azərbaycan oğlu kimi vermişdir.
Son telefon danışığımız 28 sentyabrda oldu. Mənə dedi ki, sən narahat olma hər şey qaydasındadır. Mən onunla təkcə ata-bala deyildim, biz həm də, dost idik. Hərbi sirr olduğu üçün və az danışmağı sevdiyinə görə çox məlumatımız yox idi. Ancaq şəhid olduqdan sonra dostları gəlib, onun haqqında xeyli danışdılar. Oğlumuz kəşviyyatçı komandir kimi, lazım olanından da, artığını edib, Füzulinin alınmasında xeyli şücaət göstərib. Erməni xəritələrini, çertjojlarını ələ keçirib, ordumuza təhvil verdikdən sonra yenidən irəli atılıb.
Sonadək döyüşüb, yaralı olduğu halda yenə də, döyüşüb və yoldaşlarını qorumaq üçün, özü həmişə irəlidə gedib.”
Anası Validə xanım da, oğul dərdi çəkməkdən beli bükülmüş bir anadır, ancaq oğlunun etdiyi qəhrəmanlığı ilə qürur duyur və fəxarət hissi keçirir. Haqqı da, var, axı qəhrəman oğul böyüdüb. Kəşviyyatçı komandir, kapitan Fəzail Əliyevin anasıdır. O, komandir ki, minalanmış sahədə irəli keçərək, özündən sonra gələn qrup üzvlərinə deyib ki, mənim ayaq izimlə gəlin ki, minaya düşməyəsiniz və əgər mən minaya düşərəmsə heç olmasa siz sağ qalasınız. Əlbəttə ki, belə oğulla təkcə Validə ana deyil, bütün Azərbaycan anaları fəxr edir.”
Fəzail Əliyev haqqında bildiyimiz bəzi məqamları oxucularımıza da, təqdim edirik ki, şəhid komandiri oxucularımız da, yaxından tanısın:”
Fəzail Əliyev 1996-cı ildə şəhid Ələddin Cavadov adına Bəhmətli kənd orta məktəbinə gedib və 8-ci sinfə qədər burada oxuyub. Təhsil aldığı müddətdə sinifdə seçilməyi bacarıb. Bilik və bacarıqlarından tək özü üçün yox, həm də sinif yoldaşlarının faydalanması üçün istifadə edib.
Hərb peşəsi elə bir sehrli sahədir ki, bəzən onu lap uşaqlıq illərindən kəşf etməyə başlayırsan. Fəzailin doğmaları deyir ki, o, hələ uşaqkən taxta parçalarını birləşdirib özünə avtomat silah düzəldərmiş. Qəribədir, illər keçəcək və o, taxta silah gerçəyi ilə əvəzlənəcəkdi.
Fəzail 2004-cü ildə Cəmşid Naxçıvaniski adına hərbi liseydə 3 illik tədrisini başa vurub. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub və oranı da müvəffəqiyyətlə bitirdikdən sonra, 1 il müddətinə Təlim-Tədris mərkəzində “Zabit ixtisası kursu”nu keçib.
Kəşfiyyatçı zabitimizin ailə həyatı qurduğu xanım heç də uzaqlarda olmayıb. Hələ orta məktəbdə paralel sinifdə oxuduğu Əsmər xanıma
“mən gedirəm Bakıya oxumağa, gözlə məni” misralarının yazıldığı məktubu verib. Onun yolunu gözləyən Əsmər illər sonra Fəzaillə yenidən qarşılaşıb və bu qarşılaşma onların nişanlanmasına, daha sonra isə qovuşaraq evlənmələrinə səbəb olub. Bakıda 5 il Pirəkəşkül qəsəbəsində yaşayan cütlük ən xoşbəxt ailələrdən olub.
Fəzail və Əsmər cütlüyünün 2 övladı var. 8 yaşlı Xuşi və 3 yaşlı Cahid.
Fəzail övladlarına çox bağlı bir ata olub. İşindən vaxt tapdıqca övladlarına saatlarını, günlərini həsr edib. Qızı Xuşi məktəbli olduğundan Fəzailin onunla bağlı arzuları da, tükənməz olub. Onun təhsilinə önəm verib, bütün istəklərini gerçəkləşdirməyə çalışıb. Xuşi deyir ki, “mən böyüyəndə polis olacağam, çünki atam məni polis formasında görmək istəyirdi”.
Hər bir hərbiçinin xüsusi bir xidməti yolu var. Fəzail Əliyev fəaliyyəti dövründə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri, Əməliyyat İmkanları konsepsiyası kəşfiyyat bölüyünün dərin kəşfiyyat tağımının komandiri, kəşfiyyat məlumatlarının təhlili üzrə müavini, komandiri və hərbi hissənin kəşfiyyat bölməsi rəisinin məlumatların toplanılması üzrə köməkçisi vəzifələrində xidmət edib.
Dəfələrlə edilən təxribatlar onu göstərirdi ki, düşmən bir gün mütləq ordumuz tərəfindən layiqli cavabını alacaq. Düşmənin hücumuna əks hücum cavabı verən bölmələrimiz sentyabrın 27-dən onlara qənim kəsildi. Həmin vaxt döyüşə ilk girən bölmələrimizdən biri Fəzail Əliyevin xidmət etdiyi hərbi hissə olub. 27 sentyabr tarixində bölük komandiri Fəzailin xidmət yoldaşı Şamxal yaralandıqdan sonra, döyüş meydanından onu çıxardıb və özü qrup komandiri kimi döyüşü aparıb.
Vətən müharibəsində Qarabağın hər bir qarışı üçün 3000 minə yaxın şəhid verdik. Torpaqlarımızın azadlığı uğrunda kiminin döyüş yolu 44 gün, kiminin isə çox qısa çəkib. Onların içərisində kapitan Fəzail Əliyevin 3 günlük döyüş yolu Füzulinin Qaraxanbəyli kəndində tamamlanıb.
Şəhidliyindən 20 dəqiqə qabaq “Kəlmeyi-şəhadətini” söyləyərək, sentyabrın 29-da vətən uğrunda gözlərini əbədi yumub, qəhrəmanımız. Döyüşlər vaxtı ilk gündən sonuncu günədək Fəzailin yanında olan silahdaşı İslam Rzayev həmin günü belə xatırlayır.
Vətən müharibəsi başlayan gündən Fəzail doğmalarına nigaran qalmasınlar deyə döyüşlər barədə məlumat verməyib. Evdən çıxıb gedərkən də, ailəsindən halallıq alıb və təlimə gedəcəyini deyib. Bu səbəbdən Əliyevlər ailəsi nə Fəzailin qısa zaman ərzində şəhid olacağını, nə də ki, təlimlərin bu qədər geniş miqyaslı olacağını düşünməyiblər. Bəlkə də, bu səbəbdən onlar qəfil verilən şəhid xəbərinə inanmaqda çətinlik çəkiblər. Amma sentyabrın 30-u Zaqatala rayonu öz şəhidini 3 rəngli bayraqlarımızla və insanların izdihamı ilə qarşılayıb.
Hansı şəhid ailəsindən soruşsaq ki, “şəhid doğmanızı yuxunuzda görmüsünüzmü?“ hər biri, “bəli, görmüşük” cavabını söyləyəcək. Şəhid ailələri üçün yuxular sanki bir görüş yeridir, ən əzizini görüb, ona ruhən yaxın olduğunu hiss etmək kimi.
Fəzailin həyat hekayəsini dinləyərkən onun nə qədər dost canlı olduğunun şahidi olduq. Hələ kursant olduğu zamanlarda ən yaxın dostları olub. Hansı ki 2016-cı ilin Aprel döyüşləri və 2017-ci il fevral döyüşləri zamanı o kursant yoldaşlarını şəhid verib. Baş leytenant Elvin Namazov və baş leytenant Şahlar Nəzərov.
Fəzail qəhrəman qardaşlarının şəhidliyindən dərin sarsıntı keçirdib, onların yoxluğunu qəbul edə bilməyib. İndi özü də, onların cərgəsindədir.
Şəhidliyi ilə qovuşduğu əbədi cənnət diyarında, dostlarının yanındadır.
Şəhidliyindən sonra Fəzail Əliyev “Vətən uğrunda“ və ”Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Özü isə Vətənə, ailəsini və 2 övladını əmanət qoyub. O əmanətlərə hər zaman dəstək olmaq və şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhunu şad etmək hər birimizin vətəndaşlıq borcudur.
Allah Şəhidlərə Rəhmət Eləsin!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.