MİLLİ QƏHRƏMAN FAİQ ƏMİROV ZAQATALALILARIN QÜRUR YERİDİR.
Azərbaycanın Milli Qəhrəmanı Faiq İsfəndiyar oğlu Əmirov Zaqatala rayonu Bəhmətli kəndində sadə kəndli ailəsində dünyaya göz açıb. İsfəndiyar kişinin səkkiz övladı olub, altı qardaş iki bacı. Bu günlərdə Milli qəhrəmanımızın ailəsində olduq, ata-anası artıq haqq dünyasında olduğuna görə qardaş və bacıları ilə görüşdük. Ata ocağında qardaşı İmran yaşadığı üçün onunla görüşdük. İmranla bərabər qardaşı Əhməd və bacısı Təranə xanımla da, söhbətləşdik, daha çox bacısı ürək yanğısı ilə danışdı:”Qardaşım həqiqi-hərbi xidmətə getmişdi, ancaq həmin vaxtlar hərbi xidmət beş ilə kimi uzanırdı. Müharibənin odu, alovu içindən sağ-salamat çıxmışdı. Baxmayaraq ki, dəfələrlə yaralanmışdı, cəbhəni tərk etmirdi və sona kimi döyüşdü. Daha sonra Bakı şəhərinə mühafizədə xidmət etməyə başladı. Beləliklə də, 1995-ci il Dövlət çevrilişinə cəhd zamanı Faiq Azərbaycan dövlət suverenliyinin qorunması üçün canından belə keçdi.
O, təkcə bizim yox, Azərbaycanın qəhrəman oğlu idi. Onun qəhrəmanlığından hələ uzun illər danışılacaq. İkinci dəfə yaralandıqdan sonra çoxlu qan itirdiyi üçün meşədə qalmışdı. Bir neçə gün sonra cəbhə yoldaşları tapıb, xəstəxanaya gətirmişdilər. Sağaldıqdan sonra evə deyil, yenidən cəbhəyə qayıtmışdı. Qardaşımın sevdiyi qız da, olub, ancaq arzuları yarımçıq qaldı.”
İmran da, qardaşının qəhrəmanlığından danışdı:”Qardaşım müharibənin ən ağır vaxtlarında döyüşdə oldu, əliyalın, silah-sursatın tapılmayan vaxtlarında kişi kimi döyüşdü. O, sözün hər mənasında xalq qəhrəmanı idi. Bu günün onun adına Zaqatala şəhərində böyük bir küçə var, kəndimizdə bulaq kompeksi vardır. Qardaşımız bizim qürur yerimizdir, onunla fəxr edirik. Oxuduğu məktəbdə də, həmişə anılır, foto guşəsi də, vardır.”
Faiq Əmirov haqqında bioqrafik məlumatları oxucularımıza da, təqdim edirik:”
22.6.1975, Zaqatala rayonunun Bəhmədli kəndində doğulub. – 17.3.1995 – şəhid olub.-Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 4.4.1995, ölümündən sonra.
22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmətli kəndində doğulmuşdur. 1992-ci ildə doğma kəndlərində orta məktəbi bitirmişdir. Bir müddət təsərrüfat işləri ilə məşğul olmuşdur. 2 iyul 1993-cü ildə Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır.
O, xüsusi təyinatlı hərbi hissədə xidmət edirdi. Ağır təlim- məşqlərdən sonra da, cəbhəyə, Füzuli, Tərtər, Ağdərəyə gedərək, o torpaqlar uğrunda gedən qanlı döyüşlərdə iştirak edib. Qızğın döyüşlərin birində ayağından yaralanıb. O, hospitalda müalicə olunub, yenidən döyüş bölgəsinə qayıdır. Cəbhədə atəşkəs elan edildikdən sonra onların batalyonu öz əvvəlki yerinə qaytarılır.
17 mart 1995-ci ildə onun xidmət etdiyi batalyon da dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edib. Bütün döyüş yoldaşları
kimi o da arzu edirdi ki, qarşıdurma qansız-qadasız ötüşsün. Çox təəssüf ki, bu mümkün olmadı. Nahaq qurbanlar verildi. Həmin qurbanlardan biri də, qəlbi Vətən üçün, xalq üçün qurub-yaratmaq eşqi ilə döyünən Faiq oldu.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bəhmətli kənd qəbristanlığında dəfn edilib.
Allah şəhidlərimizə rəhmət eləsin.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.