ŞƏHİD KAMRAN HACIYEV DƏ, SOVETLƏR BİRLİYİ DÖVRÜNDƏ HƏRBİ XİDMƏTİNİ YARIMÇIQ QOYARAQ, QARABAĞA-VƏTƏNİ MÜDAFİƏ ETMƏYƏ GƏLƏNLƏRDƏNDİR
Hələ sovetlər birliyi tam dağılmadığına görə Azərbaycan torpaqlarında sovet əsgərləri dolaşmaqda idilər. Sovet imperiyası süquta yetmək ərəfəsində olduğu bir zamanda dünyada öz milli keyfiyyətləri olan yaltaqlıqla ermənilər özlərinə müəyyən güc topladılar. Və dünyadakı havadarları, erməni lobbisinin dəstəyi ilə “Böyük Ermənistan” yaratmaq iddiasıyla Azərbaycana hücum etdilər. Azərbaycan Mədəniyyətinin beşiyi olan Qarabağ bölgəsinə hücum edən erməni cəlladları heç nəyə baxmayaraq, nə ahıla, nə də ki, uşağa acımadılar. Və bir neçə dəfə böyük faciələr törədərək millətimizin gözlərini qorxutmaq istədilər. Bütün bunlara baxmayaraq, Azərbaycan kişisi döyüş meydanına toplaşdı. Baxmayaraq ki, nə silahımız var idi, nə də ki, dünyadan dəstəyimiz, xalqımızın qeyrətli oğulları bilirdilər ki, döyüşə əliyalın gedirlər və burada ölümdən qaçmaq olmayacaqdır, yenə də, erməninin üzərinə gedirdilər. Belə qeyrətli oğullardan biri də, Kamran Hacıyevdır. Şəhidimiz Kamran haqqında bildiyimiz bəzi qısa məlumatları olduğu kimi oxucularımıza çatdırırıq: Hacıyev Kamran İsa oğlu 1971-ci il 6-sı dekabrda Zaqatala rayonu Aşağı Tala kəndində anadan olub. Aşağı Tala kənd 3 saylı orta məktəbini bitirdikdən sonra kənddəki 172 sayli texniki-peşə məktəbinə daxil olub. Sonra bir müddət Səməd Vurğun adına kolxozda işləyib. 1989-1991-ci illərdə Kamran Hacıyev Ukrayna Respublikasında hərbi xidmətdə olub.
Kamran Hacıyev haqqında daha dolğun, ətraflı məlumat öyrənmək məqsədilə Zaqatala rayonu Aşağı Tala kəndində olduq.
Şəhidimiz Hacıyev Kamran haqqında qardaşı Nərimanla həmsöhbət olduq: Biz ailədə 2 qardaş olmuşuq. Kamranla mən həm qardaş, həm də yaxşı dost olmuşuq. Yüksək səviyyədə vətənpərvərliyi və ağır təbiətli olması ilə seçilirdi. Döyüşə gedən vaxtı subay idi. Qardaşım harada olmasından asılı olmayaraq, özünə tez dost tapan idi. Atam İsa və anam Pəri xanım haqqın dərgahındadırlar, rəhmətə gediblər. Qardaşım haqqında isə, bunları deyə bilərəm: Hacıyev Kamran İsa oğlu 1971-ci ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. Tala kənd 3 saylı orta məktəbinin 10-cu sinifini bitirdikdən sonra, Peşə məktəbində oxuyub. Bir müddət kolxozda tütün sahəsində işləyib. Ukrayna Respublikasının Donetski şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətini yarımçıq qoyaraq gəldi ki, Qarabağa müharibəyə getsin. 1992-ci ildə hərbi həkim komissiyasından keçərək, Qarabağa, birbaşa Ağdərə rayonuna, müharibəyə getdi. Kamran müharibədə Minaaxtaran olub. Ağdərə rayonu yaxınlığında çoxlu minalar tapıb və ermənilərin hücum etdiyi yerlərə basdırıb ki, öz silahlarıyla özlərini məhv etsin.
1992-ci ildə könüllü olaraq, cəbhəyə gedən Kamran Hacıyev Tərtər, Ağdərə və Ağdam bölgələrində erməni təcavüskarlarına qarşı cəsarətlə vuruşub və 1993-cü il fevralın 25-də xidməti vəzifələrini yerinə yetirərkən şəhid olub. Zaqatala rayonu Aşağı Tala kəndində dəfn olunub.
Vətən müharibəsinin Zəfərlə yekunlaşması sayəsində Kamran kimi bütün şəhidlərimizin qisası alındı və ruhları şad oldu.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər
Və Yazıçılar Birliyinin Üzvü.