SADƏ-KOLXOZÇU AİLƏSİNDƏ DÜNYAYA GÖZ AÇAN RAMİZ MAHMUDOV DÖYÜŞ MEYDANINDA ERMƏNİLƏRƏ QAN UDDURAN ŞƏHİDLƏRİMİZDƏNDİR.
Azərbaycan sovetlər birliyi dövrünün süquta yetməsi ərəfəsində öz müstəqilliyinə nail olan ilk ölkələrdəndir. Bunun üçün “Qanlı-20 yanvar” faciəsi yaşayan mətanətli xalqımızın qürurunu sındırmaq mümkün olmadı və müstəqil Azərbaycan dövləti yaradıldı. Düzdür bu sonradan xalqımıza və dövlətimizə çox baha başa gəldi. Belə ki, xain qonşularımız öz havadarlarının dəstəyi ilə yenicə müstəqilliyini əldə etmiş bir dövlətə hücum edərək, ərazi bütövlüyümüzü pozdu. Həmin dövrdə bütün qeyrətli oğullarımız kimi Ramiz Mahmudov da, silaha sarılaraq, vətənin müdafiəsinə qalxdı. Silah-sursatın və nizamlı bir ordunun yox səviyyəsində olduğu bir müddətdə ümid qaldı xalqın kişilərinə. Bəli, həmin vaxtı kişilər sözün hər mənasında bilə-bilə ölümə getdilər. Təkcə ordu gücü qeyri-bərabər deyildi, iqtisadi gücümüz də, fərqli idi. Belə ki, ermənilərə bütün dünyada yaşayan lobbilərinin gücüylə maddi yardımlar edilir, silah-sursat hədiyyə olunur, muzdlu döyüşçülər gətirilirdi. Azərbaycanda isə nə silah-sursat var idi, nə qida, nə də ki, nizamlı ordumuz var idi, odur ki, ermənilər öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının 20%-i işğal etdilər. Həmin illərdən xeyli bir vaxt keçdikdən sonra Azərbaycan döyüş meydanına çox fərqli bir formada girdi. İlham Əliyev Ali Baş komandan kimi həm siyasi həm də, komandan kimi öz gücünü təkcə ermənilərə deyil, bütün dünyaya göstərdi. Və cəmi 44 gün ərzində erməni cəlladlarının burunları ovularaq, işğal altındakı torpaqlarımızdan qovuldu. Açıq döyüşlərdə Azərbaycan xüsusi təyinatlısı nəinki ermənilərə, onların havadarlarına da, nə gücə sahib olduqlarını sübut etdi. Bununla da, Ramiz Mahmudov kimi şəhidlərimizin qanı yerdə qalmadı, qisasları alındı, indi onların ruhları şaddır.
Şəhid Mahmudov Ramiz Mahmud oğlu haqqında bildiyimiz qısa məlumatı olduğu kimi oxucularımıza çatdırmaq istəyirik: Mahmudov Ramiz Mahmud oğlu 1975-ci ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. 5 saylı Aşağı Tala kənd səkkizillik məktəbinin 8-ci sinifini bitirib, Peşə məktəbində aşpaz ixtisası üzrə oxuyub. 1994-cü ildə Füzuli, Tərtər rayonlarında gedən ağır döyüşlərdən sonra itgin düşüb.
Şəhid haqqında dolğun məlumat toplamaq üçün Zaqatala rayonu Aşağı Tala kəndinə yollandıq. Ramizin bacısı Rahilə xanım Şəhidimiz haqqında bizimlə həmsöhbət oldu: Ailədə 5 övlad, 4 qardaşın tək bacısı olmuşam. Ramiz böyük qardaşımdan sonrakı, ikinci qardaşım idi. Ramizlə biz çox yaxşı dost olmuşuq.
Qardaşım Mahmudov Ramiz Mahmud oğlu 1975-ci ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. 5 saylı Tala kənd səkkizillik məktəbinin 8-ci sinifini bitirib, Peşə məktəbində aşpazlıq üzrə oxuyub. Yemək bişirməyi xoşlayırdı. Bir müddət Sumqayıtda hərbi xidmət etdikdən sonra, 1993-cü ildə Qarabağa müharibəyə gedib. Öz istəyini dilə gətirə bilməyən, heç kimin qəlbinə dəyməyən bir qardaş idi. Müharibədə olanda ana-atama tez-tez məktub yazardi ki, məndən narahat olmayın, həmişə məktubun sonunda yazırdı ki, “Vətəni hər bir kişi qorumalıdır.” Aldığımız məlumata görə döyüşlərdə Pulemyotçu olub. Muharibədə qəhrəmanlıq göstərdiyinə görə komandirlərindən dəfələrlə təşəkkür alıb. 1994-cü ildə Füzuli, Tərtər rayonlarında gedən müharibə zamanı itgin düşüb.
Ramiz çox ailəcanlı bir qardaş idi, o, mal-heyvan növbəsinə gedirdi ki, pul qazanıb ailəmizə köməklik etsin. Anam Aja Mahmudova Dağıstandan idi. Ata-anam kolxozda işləyirdi. Atam kombayn sürücüsü, anam tütünçü olub. Mən isə bu gün də, tibb bacısı işləyirəm. Bizim ailəmiz əsil kolxozçu ailəsi olub.
Əsas odur ki, Ramiz kimi xalqımızın qeyrətli oğullarının şəhid olduqları torpaqlarda bu gün erməni deyil, Azərbaycan əsgəri dayanır.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər
Və Yazıçılar Birliyinin Üzvü.