SOVETLƏR BİRLİYİ DÖVRÜNDƏ HƏRBİ XİDMƏTDƏ RABİTƏÇİ OLAN ŞƏHİDİMİZ TEYMUR CANIMOV QARABAĞDA HƏM DƏ, PULEMYOTÇU OLUB.
Teymur bəlkə də, sovetlər birliyinin sonuncu Azərbaycanlı əsgərlərindən olub. Azərbaycan artıq yenicə müstəqilliyini elan etmişdi ki, onu xain qonşularının əli ilə müharibəyə sürüklədilər. Bu qəfil hücumlara hazır olmayan və hələ nizamlı ordu yarada bilməyən suveren dövlətimiz Qarabağda rayonların itirilməsi bahasına da, olsa müharibədən qaçmırdı. Xalqın qeyrətli oğulları əliyalın da, olsa döyüşlərə könüllü gedir, düşmənlə açıq döyüşlərə girməkdən qorxmurdu. Nəzərə alsaq ki, silah-sursat sarıdan döyüşlər qeyri-bərabər idi, ancaq buna baxmayaraq, Azərbaycanın qeyrətli oğulları döyüş meydanında ermənilərin qarşısından qaçmırdılar. Şəhid olaraq, torpağa qarışır, vətənə xəyanət etmirdilər. Havadarlarından həm silah, həm də, maddi dəstək alan azğın ermənilər isə qalibiyyətin dadını çıxararaq, daha da, azğınlaşırdılar. Şükürlər olsun ki, bir müddət sonra hərtərəfli güclənən Azərbaycan əsgəri İkinci Qarabağ savaşı, “Vətən Müharibəsində” erməniləri cəmi 44 gün ərzində, açıq döyüşlərdə diz çökdürdülər.
Birinci Qarabağ savaşında canını vətənə fəda edən şəhidimiz Canımov Teymur Həmzət oğlu haqqında bildiyimiz bəzi məlumatları oxucularımıza təqdim etmək istəyirik: Canımov Teymur Həmzət oğlu 1973-cü ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. Ukrayna Respublikasının Odessa şəhərində 10 ay hərbi xidmət etdikdən sonra, geri, vətənə qayıtmış və könüllü olaraq, Zaqatala batalyonuna qoşulub müharibəyə getmişdir.
Qarabağ müharibəsində Pulemyotçu olub. 1992-ci ildə Ağdərə və Füzuli rayonlarında baş verən döyüşlərdə iştirak edib.
Şəhidimiz haqqında daha çox məlumat toplamaq üçün Aşağı Tala kəndinə yollandıq. Canımov Teymur haqqında qardaşı Tehranla xeyli söhbətləşdik: Biz 4 bacı, 4 qardaş olmaqla ailədə 8 uşaq olmuşuq. Evimizin böyük övladı Teymur idi. Atam Həmzət və anam Zalxay xanım rəhmətə gediblər.
Qardaşım Canımov Teymur Həmzət oğlu 1973-cü ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. Aşağı Tala kənd 5 saylı səkkizillik məktəbin 8-ci sinifini bitirdikdən sonra, Peşə məktəbində çilingər ixtisası üzrə təhsil alıb. Ukrayna Respublikasının Odessa şəhərində 10 ay hərbi xidmət etdikdən sonra, geri gəldi. Və könüllü olaraq, Zaqatala batalyonuna qoşulub müharibəyə getdi. Teymur çox yaxşı rabitəçi idi, 1992-ci ildə Qarabağda, Ağdərə və Füzuli rayonlarında baş verən döyüşlərdə iştirak edib. Qarabağda artıq Pulemyotçu kimi də, ad-san qazanmışdı. 1994-cü ildə qəhrəmancasına şəhid olub. Nəşini gətirmədikləri üçün itgin kimi qəbul edirik.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər
Və Yazıçılar Birliyinin Üzvü.