ASLAN KİMİ DİGƏR ŞƏHİDLƏRİMİZİN DƏ, RUHU ŞADDIR, ÇÜNKİ ŞUŞADA ERMƏNİLƏR DEYİL, MÜZƏFFƏR AZƏRBAYCAN ƏSGƏRİ DAYANIR.
İkinci Qarabağ savaşı “Vətən Müharibəsi” başlayan gündən müzəffər Azərbaycan orduru ildırım sürəti ilə irəliləməyə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan və cəmi 44 gün ərzində Zəfərlə başa çatan Vətən Müharibəsi Azərbaycanın nüfuzunu dünyada biraz da, artırdı. Bu müharibədə Aslan Babasiyev kimi igid oğlanların, Şuşa uğrunda canlarını fəda edənlərin də, qisası alındı. Şuşa döyüşləri bu dəfə fərqli aparıldı, nizamsız və silahsız ordu ilə deyil, bütün dünyaya nümunə olacaq xüsusi təyinatlıların əlbəyaxa döyüşləri ilə aparıldı və qıssa müddət ərzində ermənilərin ən güclü əsgərləri Azərbaycan əsgəri önündə diz çökdülər. Bu adi bir məğlubiyyət deyildir, bu həm də, Azərbaycan kişisinin qisas aldığı gün idi.
Aslan Babasiyev kimi mərd oğullarımızın ruhu artıq şaddır.
Şəhidimiz haqqında bəzi məlumatları olduğu kimi yazırıq ki, oxucularımız da, onları yaxından tanısınlar: Babasiyev Aslan Mustafa oğlu 1970-ci il 29 avqustda Zaqatala rayonu Aşağı Tala kəndində anadan olub. Aşağı Tala kənd 3 saylı orta məktəbini bitirib. Bakı şəhərində peşə məktəbində suvaqçı peşəsinə yiyələnib. Bir müddət rayonumuzda Səməd Vurğun adına kolxozda çalışıb. 1992-ci ilin aprelin 17-də könüllü olaraq cəbhəyə gedib. Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun dəstəsində Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Şəhidimizin haqqında daha dolğun məlumat almaq üçün Aşağı Tala kəndinə yollandıq. Və Babasiyev Aslanın qardaşı İbrahimxəlil Babasiyev şəhidimiz haqqında xatirələrini bizimlə bölüşdü: Bizim əslimiz şəkilidir. Ata-anam 16 yaşlarında Zaqatala rayonunun Aşağı Tala kəndinə gəliblər və beləcə biz də, bu rayonda yaşamışıq. Atam və anam artıq rəhmətə gediblər.
Qardaşım Babasiyev Aslan Mustafa oğlu 1970-ci il avqustun 29-da Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. 1988-1990-cı illərdə Ukrayna Respublikasında hərbi xidmətdə olub. 1992-ci ildə könüllü olaraq Şuşaya, müharibəyə gedib. Zaqatala batalyonuna qoşulub, Ramiz Qəmbərovun yanında 6 nəfər getmişdilər. Elə 6 nəfər qardaşımda onların içərisində olmaqla 1992-ci il mayın 8-də şəhid olublar. Nəşləri neytral zonada qalıb, itgin kimi qəbul edirik.
Ailədə 3 oğlan, 3 qız olmaqla 6 uşaq olmuşuq. Aslan sonbeşiyimiz idi, subay olub.
Aslan canlı-cüssəli bir oğlan idi. O, deyirdi ki, ermənilər kimdi ki, bizim Xocalıda uşaqların gözünü çıxarsın vəyaxudda başqa əziyyətlər versin. Sovet ordusunda onlar bizim ayaqlarımızı yuyan olublar. Mən bu dərdə dözə bilmərəm, qardaş məni bağışla mən hökmən müharibəyə gedəcəyəm.
1993-cü ildə mən özümdə, Qarabağda, Tərtər, Ağdərə rayonlarında döyüşdə olmuşam. Sonra məni döyüşdən çıxarıb evə göndərdilər ki, sənin qardaşın şəhiddir. Hər evdən bir nəfər şəhid olubsa, ikinci qardaşı müharibəyə aparmırdılar.
Mən 8 ay döyüşlərdə iştirak etdim. Sovet vaxtı “BRDM” maşını vardı işə düşmürdü, onu mənə vermişdilər.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.