ZAKİR MURTUZOV SOVET ORDU SIRALARINDA -ALMANİYADA XİDMƏT EDƏN ZAMAN QAZANDIĞI HƏRBİ BİLİYİNDƏN, BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ MƏHARƏTLƏ İSTİFADƏ ETDİ.
Birinci Qarabağ savaşı başlayan vaxtı Azərbaycanın nizamlı ordusu yox idi. Azərbaycan sovet ordusunun heyətini öz ölkəsindən tam qovub çıxara bilməmişdi. Odur ki, özünün milli ordusunu yaratmaq üçün təcrübəli əsgərlərdən də, istifadə edirdi. Həmin əsgərlər də, illər öncə sovet ordusunda xidmət edərək, hərbi biliyə yiyələnmişdilər. Baxmayaraq ki, Azərbaycanın nizamlı ordusu yox idi, ancaq xalqımızın qeyrətli oğulları döyüşə getmək üçün növbəyə dayanırdılar. Əslində erməni cəlladlarının necə bir məxluq olduğunu dərk edən hər bir insan onlara qarşı döyüşməyə həmişə hazır idi. Belə ki, qız-gəlin, ana-bacı namusunu qorumaq üçün bütün kişilər erməni vandallarına qarşı vuruşmağa hazır olduqlarını hərbi komissarlıqların qarşısına toplaşaraq, sübut edirdilər. Zakir Murtuzov da, belə qəhrəman oğullarımızdandır. Zaqatalanın digər qeyrətli oğulları kimi Zakir Abdulsalam oğlu Murtuzov da, vətənin müdafiəsinə qalxan ilk qəhrəmanlarımızdandır. Zakir hərbi xidmətdə olduğu zaman qazandığı hərbi bilikləri sonradan Qarabağ müharibəsində istifadə edərək, ermənilərə qan uddura bilmişdi.
Şəhid Zakir Murtuzov haqqında bildiyimiz bəzi məlumatları oxucularımıza olduğu kimi çatdırmaq istəyirik: Murtuzov Zakir Abdulsalam oğlu 1971-ci il fevralın 23-də Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. 1992-ci il senyabrın 13-də müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1993 –cü ildə snayper gülləsi aldıqdan sonra Bakı şəhərində hərbi hospitalda dünyasını dəyişib. Zaqatala rayonu Yuxarı Tala kənd qəbirstanlığında dəfn olunub.
Şəhidimiz haqqında daha ətraflı məlumat toplamaq üçün Zaqatala rayonu Yuxarı Tala kəndinə yollandıq.
Murtuzov Zakirin qardaşı Fikrətlə görüşüb, şəhidimiz haqqında xeyli söhbətləşdik: Qardaşım Murtuzov Zakir Abdulsalam oğlu 1971-ci il fevralın 23-də Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. Dörd saylı Tala kənd səkkizillik orta məktəbini bitirdikdən sonra, Zaqatala rayonunda Peşə məktəbində çilingər ixtisası üzrə oxumuşdur. O, 1989-1991-ci illərdə Almaniyada, Sovet ordusunda xidmət edib. 1992-ci ilin iyul ayında mən özüm də, həqiqi hərbi xidmətdə idim, sonra 1992-ci ilin sentyabrın 13-də qardaşım Zakiri də, hərbi xidmətə çağırdılar.
Zakir 1993-cü ildə Ağdam rayonunun Şelli kəndi uğrunda gedən ağır döyüşlər zamanı aldığı snayper gülləsi nəticəsində komaya düşdü. Bakıda hərbi hospitalda bir ay yatdı və elə orada da, şəhidlik zirvəsinə ucaldı. Qardaşım yaralanan vaxtı mən hələ də, hərbi xidmətdə olmuşam.
Birinci Qarabağ müharibəsi zamanı Zakir kimi qeyrətli oğullarımız əliyalın da, olsa vətənin müdafiəsinə qalxdılar və döyüş meydanından yalnız şəhid olaraq, ayrıldılar.
Bu gün həmin qəhrəmanların ruhu şaddır, çünki “Müzəffər Azərbaycan Əsgəri” bütün şəhidlərimizin qisasını aldı. Cəmi 44 gün davam edən İkinci Qarabağ savaşı, “Vətən Müharibəsində” erməni əsgəri diz çökdürüldü. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsindən sonra Qarabağ torpaqlarında Müzəffər Azərbaycan əsgəri xidmət çəkir. Bu gün Zakirin də, uğrunda öldüyü Ağdam rayonunun Şelli kəndi azaddır və ağdamlıların geri qayıtmasını gözləyir. Qarabağ torpaqlarında Zakirin də, ruhu gəzir və bu gün o da, şaddır. Onun qisası alınıb, ümumiyyətlə bütün şəhidlərimizin qisası alındığı üçün ruhları şaddırlar.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü