Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Aşağı Çardaxlar kənd sakini Muradov Fazil Rəşid oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Aşağı Çardaxlar kəndinə yollandıq. Şəhidin həyat yoldaşı Qənirə xanımla onun haqqında xeyli söhbətləşdik: “həyat yoldaşım Muradov Fazil Rəşid oğlu 1969-cu ildə Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində anadan olub. 1976-86 -cı illərdə kənd orta məktəbində oxuyub. 1987-89-cu illərdə Sovet ordusunda xidmət edib. Bir müddət kolxozda, tikintidə işləyib. İki il mənim arxamca gəlib-getdi. Sonunda bacımla danışdı və mən onun fikrinin ciddi olduğunu görüb, ona razılıq verdim. Elçi göndərdi və biz ailə qurduq. Aillə qurduqdan bir neçə ay sonra o, Rusiyaya, işləməyə getdi. Ailə olaraq bir yerdə təxminən beş ay bir yerdə yaşadıq.
Şəhid olduqdan sonra uzun müddət kolxozda tütünçülüklə məşğul olmuşam. Uşaqları çox çətinliklə böyütdüm. Fazilin atası Rəşid rəhmətə gedib, anası Gülnaz xala isə sağdır.“
Fazilgil ailədə yeddi uşaq olublar, şəhid evin ortancıl övladı olub. Şəhidimiz 1992-ci ilin aprel ayında ailə qurub. Fazil cəbhəyə gedəndə geridə onun həyat yoldaşı Qənirə Vəliyeva və bir də, beş aylıq oğlu var idi.
Fazil Muradov 1993-cü ilin iyulunda çağırışla həqiqi hərbi xidmətə gedib. Baxmayaraq ki, cavan ailəsi var idi, ancaq Fazil Qarabağa, aktiv döyüşlərə yollanıb. Bir ay vuruşduqdan sonra 1993-cü il avqustun 15-də Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində dəfn olunub.
Şəhidin həyat yoldaşı Qənirə Vəliyeva Fazilin adını oğul nəvəsinə verib, balaca fazilin artıq yeddi yaşı var.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Fazil Muradovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.