Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Aşağı Çardaxlar kənd sakini Qebedov Füzuli Hacımahama oğludur. Qebedov Füzuli Hacımahama oğlu 1973-cü il noyabrın 23-də Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində anadan olub. 1980-1988-ci illərdəkənd orta məktəbində təhsil alıb.
Daha sonra Qax Peşə məktəbində qaynaqçı peşəsinə yiyələnmək üçün orada təhsil alıb.
1992-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. Əvvəlcə Bakıda Daxili Qoşunlarda xidmət edib. 1992-ci il noyabrın 23-də ad günündə evlərinə gəllib, 25-də yenidən Bakıya gedib. Füzulinin dostu minaya düşmüşdü, onun ayaqlarını ambutasiya etmişdilər. Füzuli dostunu elə vəziyyətdə görüb və çox məyus olub. Bir neçə gün sonra valideyinləri eşidiblər ki, Füzuli artıq cəbhəyə gedib. Sonuncu məktubu digər kəndçisi, onun döyüş yoldaşı şəhid Ələsgər Şabanov gətirib.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Aşağı Çardaxlar kəndinə yollandıq.
Şəhidin doğulub, boya-başa çatdığı evdə olduq və onun qardaşı Fazil Qebedovla xeyli söhbətləşdik:biz ailədə iki qardaş olmuşuq. Füzuli məndən üç yaş böyük olub. O uşaqlıqdan çox ciddi bir adam olub, həmişə özündən böyük oğlanlarala yoldaşlıq edib. Qardaşımın özünəməxsus bir xasiyyəti var idi, o, həmişə sözünə yiyəlik edərdi. Ona görə də, onun xətrini hamı istəyirdi. Yalanı yox idi. Uşaqlıq dostu ilə mərc etmişdilər ki, kim əsgərliyə daha tez gedərsə o biri dost ona qonaqlıq verəcək. Odur ki, hər iki dost Həmzət və Füzuli eyni gündə əsgər getdilər. Həmzətin ayaqları minaya düşdüyünə görə, qardaşım daha da, qəzəblənmişdi və deyirdi ki, ermənilərdən qisas alacağam. Uşaq vaxtından fiziki cəhətdən çox güclü olub. Gözündə heç vaxt qorxu olmayıb. Dostları ilə birgı hardasa dava edəndə həmişə onu irəliyə verərdilər. Bundan əlavə musiqini də, çox sevirdi. O, yaxşı avar rəqsləri oynaya bilirdi. Atam musiqiçi olub, zurna ifaçısı, mən isə nağara ifaçısıyam. Füzuli deyib-gülən zarafatcıl biri idi. Mənə deyirdi ki, şəhid olsam, özünün sevdiyi bir avar mahnısı var idi, mahnının adı Məhəmmədə gedərsənmidir, həmin mahnını uca səslə oxutdurarsan. “
Fiziki işlərə meyli çox idi. Arada kərpiczavodda da, işləyib pul qazanıb. Şəhidin adını qardaşının oğluna veriblər. Atası Hacımahama və anası Nuriyyə illər öncə rəhmətə gediblər.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Füzuli Qebedovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.