Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Faldar kənd sakini Sultanov Təmraz Paşa oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Faldar kəndinə yollandıq və şəhidin qardaşı Xəzərlə görüşüb, xeyli söhbətləşdik: biz ailədə 7 uşaq olmuşuq, 4 oğlan 3 qız, Təmraz ortancıl uşaq olub. Atamız Paşa artıq rəhmətə gedib, anamız Fatma isə bu gün də, oğlunun yolunu gözləyir.
Qardaşım haqqında rəsmi məlumata gəldikdə isə;- Sultanov Təmraz Paşa oğlu1970-ci il aprelin 21-də Zaqatala rayonunun Faldar kəndində anadan olub. 1985-ci ildə Faldar kənd orta məktəbinin 8-ci sinifini bitirib. O, sinif yoldaşları arasında fəallığı və ailəsinə qarşı olduqca mehriban olması ilə tanınmışdır.
1988-90-cı illərdə Sovet Ordusu sıralarında İrkutsik şəhərində xidmət etmişdir.
1993-cü ildə milli ordu sıralarına, hərbi xidmətə çağırılmış və Şəmkir korpusuna təlimlər keçməyə aparılmışdır.
Bundan sonra isə Füzulidə döyüşə başlamışdır. 1994-cü il yanvarın 13-də döyüş zamanı itgin düşmüşdür. Şiddətli döyüşlərin birində ağır yaralanıb və qalıb neytral ərazidə. O, özü də yaralıları çıxardan zaman yaralanıb. Odur ki, döyüş yoldaşları ona deyəndə ki, səni də, birtəhər aparaq, Təmraz deyib ki, siz gedin, mənə görə qalmayın, çünki əsir düşə bilərsiniz.
O ki, qaldı qardaş kimi, o mənə həm qardaş, həm də, dost idi, çox sakit və tərbiyəli olub.
Təmrazın xidmət etdiyi vaxtlarda kəşviyyat bölüyünün komandiri onun haqqında öz fikirlərini rəsmi olaraq, yazıb:
KƏŞVİYYAT BÖLÜYÜNÜN KOMANDİRİ Z. M. MƏHƏRRƏMOV.
Xidməti xarakteristika. Sıravi Sultanov Təmraz Paşa oğlu xidmət zamanı komandirlərin rəğbətini qazana bilmiş və bir sıra açıq döyüşlərdə iştirak etmişdir. O 13.01.1994-cü ildə Şəxsi keyfiyyətlərini göstərərək, düşmənin üç nəfərini yerində məhv etmiş, və ona tapşırılan tapşırığı yerinə yetirərək, düşmən arxasına keçə bilmişdir. Tapşırığı yüksək səviyyədə yerinə yetirdiyinə görə komandir kimi ona təşəkkürnamə elan edirəm.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Təmraz Sultanovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.