Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Bəhmətli kənd sakini Zamanov Alqış Rais oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Bəhmətli kəndinə yollandıq.
Şəhidimizin ailə üzvlərilə görüşüb, xeyli söhbətləşdik.
Zamanov Alqış Rais oğlu 1972-ci il aprelin ayının 28-də Zaqatala rayonu Bəhmətli kəndində anadan olub. 1979-cu ildə Bəhmətli kənd tam orta məktəbinin 1 -ci sinifə daxil olub. 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirib. 1990-cı ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılıb. Rusiyanın Saxalin adasında 2 il hərbi xidmət keçib. Hərbi xidmətini bitirib qayıdandan sonra Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 1992-ci ilin oktyabr ayında Zaqatala rayonu hərbi komissarlığı tərəfindən yenidən hərbi xidmətə çağırılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdamın Cavahirli kəndində gedən döyüşlərdə 18 aprel 1994-cü il tarixində hərbi əməliyyat zamanı itgin düşmüşdür.
Bacısı Afaq ailəsiylə bağlı geniş məlumat verdi: Atam Zamanov Rais Xəlif oğlu, anam isə Zemfira Zamanovadır. Atam meşə gözətçisi, anam isə ibtidai sinif muəlliməsi işləyirdi. Alqiş valideyinlerimin ilk övladı idi, hami onu çox istəyirdi. Nənəm, qardaşim Alqışı hədsiz çox sevirdi, heç kəs onun itkin düşməsi ilə barışa bilmirdi. Nənəm rəhmətə gedən günə qədər hər gün Allaha dua edirdi ki, onu görmədən dünyasını dəyişməsin. Alqışla bağlı olan bütün niyyətlərimiz, arzularımız ürəyimizdə qalmışdi. Alqış çox şən, aktiv heçnədən qorxusu olmayan bir oğul idi. Məktəb illəri də, dəcəllikləriylə keçib. Sinif yoldaşlarından eşitdiklərimizə görə hamı onu xoş, gülərüzlü, çox zarafatcıl biri kimi xatırlayır. Biz hamımız ondan yaşca çox balaca idik. Valideyinlərimin dilindən onun haqqında çox eşidərdik. Birdə əlimizde olan şəkillərə baxaraq, onu tez-tez xatırlayırdıq.
Xatırlayıram bir gün məktəbdə kefsiz idim, qardaşım mənə yaxınlaşdı və sənə nə olub?,- dedi. Kefsiz olduğumu bildirdim. Mən onda 4-cü sinifdə oxuyurdum o, isə 10-cu sinifdə oxuyurdu. Mənə dedi ki, sən evə get, ona bildirdim ki, anam icazə verməz, dedi ki, sən qorxma deyərsən ki, məni Alqış göndərib. Mən özüm evə gələndə onlarla danışaram. Çox ürəkli cəsur bir oğlan idi. Bir gün yenə də, məktəb illərində məktəbin kolidorunda rastlaşdım və ona dedim ki, qələmim bitib yazmır gedib öz qələmini getirib verdi mənə. Dedim bəs sən?, dedi ki, məndən narahat olma.
Çox aktiv uşaqlıq illərimiz olub, çox da, istiqanlı idi. Artıq böyümüşdü özünə tapşırılan hər bir işi layiqli yerinə yetirirdi. Bizim hər işmizi həll etmək Alqışa həvalə olunmuşdu bir növ belə demək olarsa, ağsaqqallığı o edirdi.
Alqış 10-cu sinifi bitirmişdi, dilindən ən çox eşitdiyim mahnı isə “Küçələrə su səpmişəm” mahnısı idi.
O, tez-tez evimizdəki aynaya baxaraq, həmin mahnını oxuyardı. Alqış bizim üçün əvəzolunmaz olaraq qalıb. Valideyinlərimiz bizi çox mehriban biri-birimizə bağlı böyüdüblər. Alqış məktəb illərində futbol oynamağa gedər, güləşlə məşğul olardı. Hərdən rayon daxili yarışlara qatılardı. Güləşlərin birində fərqlənmə diplomu birdə gül qabı təqdim etmişdilər. Evə gələndə fəxrlə deyirdi “görürsünüz qardaşınız nələr yaradır?”. 28 ildən çoxdur hələ də, gül qabı bir xatirə olaraq, ondan bizə yadigar qalıb. Təəssüflər olsun ki, özü isə yoxdur. Alqış orta məktəbi 1989-cu il may ayının 25-də bitirib. Həmin il 27.12.1989-cu ildə Rusiya Federasiyasının Saxalin şəhərində hərbi xidmətə başlayıb. 1991-ci ildə öz vətəninə gəlib.
Alqış uca boylu idi, geyindiyi hərbi forma da, ona çox yaraşırdı. Onun geyindiyi uzun palto başında isti papağı çox əzəmətli görünüşü bu günkü gün də, gözümün qarşısındadır.
1992-ci ilin oktyabr ayında Zaqatala rayon Hərbi Komissarlığında qeydiyatdan keçərək, Birinci Qarabağ müharibəsində iştirak edib. Qardaşım şəhid (itkin) Alqış Zamanov Füzuli, Ağdərə istiqamətində döyüşmüş 3 ilə yaxın döyüş bölgəsində olub. Biz Alqışı bu 3 ilə yaxın müddətdə yalnız 2dəfə görə bilmişik. Çox gec - gec onunla əlaqə saxlamaq mümkün olurdu. Valideyinlərimiz ondan çox narahat idi. Son dəfə evə gəlişini belə xatırlayıram: 1994-cü il mart ayının 24-ü idi. Pəncəsindən güllə yarası almışdı, ayağını sürüyərək, gedirdi. Anam çox yalvarırdı ki, qalsın ayağındakı yara yeri sağalsın. O, isə razı olmadı, sadəcə 2 gün evimizdə qaldı. Anam istəyirdi ki, o yarasi düzəlincə evdə qalsın, Alqış isə deyirdi ki, “Mən qalım o qalsın bəs döyüşə kim getsin?” .
Alqiş tez-tez deyirdi:”Narahat olmayın yaramda orda düzələr” , ancaq gedəndə ayagını sürüyərək gedirdi və biz bundan çox narahat idik. Deyirdi ki, gedim çox tez qayıdacağam.
Ancaq çox təəssüf ki, gedişi son gediş oldu. Bir ay sonra 1994-cü ilin aprel ayında, kəndimizə, Alqışa qardaş qədər yaxın olan şəhid Cuma Cumayevin cənazəsi gəldi. Aprel ayının 18-i idi atam döyüş bölgəsinə yollandı çünki Alqışla Cuma bir- birinə çox dogma, çox yaxın dost, döyüş yoldaşı idi. Cuma Cumayevin şəhid olması bizi çox üzmüşdü.
Alqışın sonuncu döyüş bölgəsi Ağdam rayonunun Cəvahirli kəndində olmuşdu ve Cəvahirli kəndi uğrunda gedən döyüşlərdə itgin düşüb. 1994-cü il aprel ayının 24-dən bu günə qədər qardaşım Alqışdan heç bir məlumat ala bilmədik.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Alqış Zamanovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.