Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala şəhər sakini Eminov Abdulla Həşim oğludur.
Abdulla haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala şəhərinə yollandıq. Anası və bacısı ilə görüşüb, şəhidimiz haqqında onlarla da, xeyli söhbətləşdik:
Eminov Abdulla Həşim oğlu 1962-ci il dekabrın 5-də Zaqatala şəhərində anadan olub. Şixəli Qurbanov adına orta mıktəbdə oxuyub. 1991-ci ildə Azərbaycan Mühəndislik Texniki Universitetini bitirib. Yaxşı dostcanlı, deyib-gülən, zarafatcıl, çox təəssübkeş idi. Ata-anası, bacı-qardaş ilə çox istiqanlı olub. Ailədə 4 uşaq olublar, 2 qız 2 oğlan. Abdulla uşaqlardan ortancılı olub.
Bacısı Nəsibə:O Bakıda oxuyurdu . Gəmi təmiri zavodunda işləyirdi və həm də, oxuyurdu. Biz Bakıya gedəndə bizə də, çox hörmət edirdi. 1992-ci ildə apreldə cəbhəyə könüllü gedib. 7 nəfər qohum və dostlar ilə birgə getdilər, 7-si də, şəhid oldular. Daha doğrusu itgin düşdülər.
Komandirləri, Milli Qəhrəman Ramiz Qəmbərov şəhid olan kimi, bir həftə sonra bizim uşaqların şəhid xəbəri gəldi. Qardaşım ilk gündən Ramizin yanında xidmət edirdi.
Müharibəyə gedən vaxtı rayonda qaz idarəsində işləyirdi. Şuşada son döyüşü olub. Anası Rəna 1932-ci il noyabr ayında doğulub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Abdulla Eminovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.