Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Muxax kənd sakini Qədirov Nazim Qədir oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə rayonun Muxax kəndinə yollandıq. Nazimin anası Nazmiyyət xanımla görüşüb, xeyli söhbətləşdik: “Ailədə 5 uşaq olublar 2 qardaş 3 bacı, Nazim son beşik olub. Çox sakit bir uşaq idi. Bütün günü idmanla məşğul olurdu. Həyətdə daşları turniki var idi. Subay oğlan idi gününü fiziki güc yığmağa həsr edirdi.
Atası Qədir (rəhmətə ) Qədirov oğlu şəhid olan kimi fikirdən yaddaşını itirdi. Şəhid xəbəri gələn günü 2-ci oğlumda stress yaşadı və ruhi xəstə oldu. Bir müddət sonra o da, dünyasını dəyişdi.
Biz tez-tez gedirdik cəbhəyə, Ağdama gəzmədiyimiz kənd, səngər qoymadıq, oğlumuzu axtarırdıq tapırdıq, görüşürdük və sonra geriyə gəlirdik. Füzuli qəbirstanlığındakı döyüşlərdə şəhid oldu. Onlar səkkiz nəfər, xüsusi seçilmiş güclü döyüşçülər olublar. Hamısı da, şəhid olublar. Şəhidin qardaşı oğlu Kamil Qədirov Vətən müharibəsində iştirak edib. Şəhidin adını digər oğlum öz uşağına qoyub.
Oğlum haqqında saatlarla danışsam da, yorulmaram: “Oğlum Qədirov Nazim Qədir oğlu 1972-ci il aprel ayının beşində Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1980-cı il Muxax kənd 2 saylı orta məktəbin I sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1988-ci ildə Zaqatala 172 saylı texniki-peşə məktəbində orta təhsilini davam etdirməklə traktorçu-maşinist ixtisası şöbəsinə daxil olmuşdur. 1991-ci ildə həmin texniki-peşə məktəbini bitirmiş, həm orta təhsil, həm də, traktorçu-maşinist təhsili almışdır. 1991-ci ilin oktyabrında Azərbaycan Milli Ordusuna hərbi xidmətə çağırılmışdır.
Daxili qoşunlarda xidmət edib. 1992-ci ilin yanvarında cəbhəyə, döyüş bölgəsinə göndərilmiş, bir sıra aktiv döyüşlərdə vuruşmuşdur. Ağdərə, Ağdam, Füzuli rayonlarının ərazilərində Çaldıran, Dranbon, Canyataq, Gülyataq, Qalayçılar, Boyəhmədli, Papravənd, Salahlı kəndləri Fərrux dağı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 22 dekabr 1993-cü ildə Füzuli rayonu ərazisində, Mahmudlu kənd qəbirstanlığı yaxınlığında gedən döyüşlərin birində omasından və ürək nahiyyəsindən aldığı güllə yarasından şəhid olmuşdur. “
Qədirov Nazim Qədir oğlu 1994-cü il yanvarın 9-da anadan olduğu Zaqatala rayonunun Muxax kəndində dəfn edilmişdir. Şəhidin adı əbədiləşdirilibdir, belə ki, Zaqatala rayonunun Zəyəm kənd kitabxanası şəhid Qədirov Nazim Qədir oğlunun adını daşıyır.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Nazim Qədirovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.