Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı.
Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Kəpənəkçi kənd sakini Məmmədov Mayis İsgəndər oğludur.
Şəhidin haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Kəpənəkçi kəndinə yollandıq.
Şəhidin Güldənə İsayeva və qardaşı Mənsur Məmmədovla görüşüb, xeyli söhbətləşdik: oğlum Məmmədov Mayis İsgəndər oğlu 1975-ci il avqustun 1-də Zaqatala rayonunun Kəpənəkçi kəndində anadan olub. 1982-1993-cü illərdə Kəpənəkçi kənd orta məktəbində təhsil alıb. Əzizbəyov kolxozunda əkinçiliklə məşğul olub. Ailədə 6 uşaq olublar, 3 oğlan 3 qız. Mayis ortancıl övladım olub. Böyük oğlum İbrahim həmin vaxtlar könüllü olaraq, Ağdamda döyüşürdü. Ona görə də, Mayisi əsgər aparmırdılar. İbrahim yaralandı gəldi evə, müalicəyə. Mayisi yenə də, aparmırdılar.
Sonra özü könüllü olaraq, döyüşə getdi. 1994-cü il yanvarın 30-da, hərbi xidmətə getdi. Əvvəlcə Sumqayıtda, Nasosnuda xidmətə başladı. 3 ay tamam olmamış apardılar Tərtərə. Aprelin 24-də, ata-anası uşağın arxasınca getdik. Tərtərə Güllücəyə qədər getdik. Oğlumuzu tapa bilməyib geri qayıtdıq. Atəşkəs elan olunana kimi axtardıq Tərtər, Goranboy və s. Sonradan döyüş yoldaşları dedilər ki, yaralanıb səngərdə qalıb. Hadisəni yoldaşları bizə belə nəql etdilər. Ermənilər rasiyayla deyiblər ki, aprelin 24-də bizim soyqırım günüdür. Biz sizə qəfildən hücum edəcəyik. Mayisgildə təslim olmayıblar. Səhər saat 4-də ermənilər böyük artilleriya zərbələriylə hücuma keçiblər.
İyun ayinin 12-də Cocuq Mərcanlıdan xəbər gəldi ki, meyitləri dəyişmək istəyirlər. Ermənilər deyib ki, gəlin danışaq. Komendant bizi içəri buraxmadı. Yaxşı yadımdadır bir general varıydı, Qasımov Ramazan o bizə çox kömək edirdi. Biz içəri keçdik, yanımızda DTX- nümayəndəsi də, var idi. Onunla birgə getdik Cocuq Mərcanlıya. Orada dedilər ki, sizin uşaq Daşburundadır. Biz getdik ora, Ermənilər rasiyada meyidi dəyişmək üçün elə şey istəyiblər ki, Azərbaycan əsgərləri buna razılaşmayıblar. Qırmızı Xaz cəmiyyətinə deyiblər ki, uşaq sağdır, ancaq nə etdiksə uşağımı vermədilər.
Böyük oğlum da, bir neçə dəfə əsirdəyişmədə iştirak edib. Deyir ki, ermənilər dəyişəndən sonra arxadan atəş açdılar.
Ancaq bizimkilər sağ qala biliblər. Qərvənddə olub bu hadisə. İbrahim hazırda veterandır. 6 il əvvəl yenə də, siyahı verildi, orada da, sağ kimi
göstərilib.
Biz yenə də, onun yolunu gözləyirik. Subay olub. Fiziki cəhətdən çox güclüydü, yorulmurdu işdən. Baltayla odun yarmaqdan fiziki gücü daha çox olmuşdur. Ağlayırdı ki, atam məni niyə işə buraxmırdı. Onun arzusu uzaq yerlərə avtobus sürmək idi. Onun müəllimləri deyirdi ki, dərsindən 4 alsada tərbiyəsinə 5 verirdik. İllərlə uşaqları evdə tək qoyub şəhid axtardıq, uşaqlar başsız qalırdı. “Termosa” çay doldurub, maşına ərzaq yığıb orda yeyib yatırdıq. Bir dəfə bizə yaxın yerə qrad raketi də, atdılar, yanımızdakı binalar məhv oldu. Bizdə tez oradan uzaqlaşdıq.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Mayis Məmmədovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
268