Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı.
Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Aşağı Tala kənd sakini Davudov Azad Əli oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Aşağı Tala kəndinə yollandıq.
Şəhidin anası Hacı Züleyxa xanımla görüşüb, xeyli söhbətləşdik. Züleyxa xanım Rus-dili ədəbiyyat müəllimidir. Müəllimə deyir ki, Azad digər övladlarımdan çox fərqlənirdi:” Uşaqlıqdan kişi xarakterli idi, nə ikiüzlü insanları, nə də ki, qeybət edənləri sevməzdi. Onun hündürboy, enlikürək olması, fiziki gücünün çox olmasına görə döyüş yoldaşları öz aralarında ona “Rembo” deyirdilər. Mən tez-tez onun yanına gedirdim, müharibədə oğlumu itirməkdən çox qorxurdum. Odur ki, Zaqatala rayon hərbi komissarlığından qeydiyyatdan keçərək, oğlumun yanına hərbi xidmətə getdim. Bir müddət qərargahda işlədim, sonra həyat yoldaşım xəstə olduğu üçün məcbur qalıb tərxis olundum.”
Birinci Qarabağ savaşı başlanan kimi Davudov Azad Əli oğlu da, erməni qəsbkarlarına dərs vermək üçün cəbhəyə can atırdı. Ancaq hələ yetərincə yaşı olmadığı üçün Azərbaycan Respublikasının qanunları buna imkan vermirdi. Nəhayət səbirsizliklə gözlədiyi gün Azadı da, döyüş bölgəsinə apardı.
Şəhid Azad Davudovu oxucularımızla yaxından tanış etmək məqsədilə onun haqqında qısa məlumatı təqdim edirik: Davudov Azad Əli oğlu 1974-cu il 15 iyulda Aşağı Tala kəndində anadan olub. 1981-91-ci illərdə orta məktəbdə oxuyub. Həqiqi hərbi xidmətə çağırılıb. Şəmkir rayonunda hərbi hissədə xidmət edib. Bir müddət hazırlıq keçib, daha sonra fevralın 5-də Ağdərə bölgəsinə aparılıb. Mühüm döyüş əməliyyatından sonra Ağdam bölgəsinə gedib. 1993-cu il iyunun 15-də şəhid olub. 1993-cü il iyunun 29-da Aşağı Tala kənd qəbirstanlığında dəfn olunub.
Subay idi. Qranatomyotçu olub. Snayperlə ürəyindən və alnından vurulub. Hazırda şəhidin doğulduğu küçə onun adını daşıyır.”
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Azad Davudovun da, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
312