Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Dağlı kənd sakini Məmmədov Natiq Bəşir oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Dağlı kəndinə yollandıq.
Şəhidin atası Bəşir dayının qonağı olduq və oğlu haqqında xeyli söhbətləşdik:oğlum Məmmədov Natiq Bəşir oğlu 1975-ci il may ayının 11-də Zaqatala rayonunun Dağlı kəndində anadan olmuşdur.
1990-cı ildə Dağlı kənd orta məktəbinin rus dili bölməsinin 8-ci sinifini bitirdikdən sonra, təhsilini Qax rayonundakı 111 saylı Texniki Peşə məktəbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. Bir müddət kəndimizdə "Dağıstan "kolxozunda çalışmışdır. Natiq Məmmədov 1993-cü ildə milli ordu sıralarına çağırılmış, bir müddət təlim keçdikdən sonra Füzuli, Ağdam, Tərtər istiqamətində gedən ağır döyüşlərdə iştirak etmişdir. 1994-cu il 4 oktyabr hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsi zamanı şucaət göstərərək, Gəncə yaxınlığında üçtəpə deyilən yerdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı "adına layiq görülmüşdür. Dağlı kəndində yerləşən uşaq bağçası Natiq Məmmədovun adını daşıyır.
Natiq 1993-cü il mayın 18-də hərbi xidmətə gedib. Bakıda “NZS” qəsəbəsində xüsusi təyinatlı kimi hazırlanıb. Döyüş yolu Ağdamdan başlayıb. O evdən gizlin gedib hərbi komissarlığa və deyib ki, məni də, göndərin gedim Qarabağa. Türkiyəyə snayper öyrənməyə getmişdir. Mayın 11-də hərbi komissarlığın çağırış vərəqini də, götürüb evə gəldi. Məndə ona bir ata kimi dedim ki, ad günü edək sonra getsin. Odur ki, tarixi 18 maya dəyişdirdik.
Horadizin azad olunmasında Natiqin xidmətləri böyük olmuşdur. Tərtərdə xidmətə başladı, ancaq bu onun sonuncu döyüşü oldu. Sonra atəşkəs elan olundu, çünki
Bişkek razılaşması olmuşdu. Natiqə xidməti zamanı çavuş da vermişdilər. O Horadizdən sonra məzuniyyətə də, gəldi. Füzulidə olan vaxtı “Qrad” raketindən aldığı zərbədən gözlərində problem yaranmışdır. Odur ki, hospitalda yatdı və yenidən döyüşə getdi. 1994-cü il sentyabr hadisələri başladı. Gəncə qiyamına görə Natiqgil gətiriblər Üçtəpəyə. Döyüş yoldaşları deyir ki, alnına üzərində Allahu əkbər yazılan qara lent bağlayıb və irəliyə gedib. Döyüş yoldaşları deyiblər ki, belə irəli getmə səni vurarlar. O da, deyib ki, alnımıza nə yazılıbsa o da olacaq. Məzuniyyətə gələndə hərbi paltarını soyunmurdu. Deyirdi ki, dostlarım səngərdə qarın, palçığın içərisində, nər kimi oğullar dayanıblar, mən isti döşəkdə necə yatım? O, idmana meyilli idi, həyətdə turniklər və s. var idi. Qaxda oxuyanda karate idman növü ilə də, məşğul olub.
Sonuncu dəfə onlar yaralı dostlarını gizlədib, dərədən dikə tərəf qalxaraq, qiyamçıların arxasına keçmək istəyiblər, onları orada vurublar. O ki, qaldı oğul kimi, ata-ananın üzünə heç vaxt dik baxmazdı. Mənim ailəmdə 4 uşaq olub 2 oğlan 2 qız. Natiq ikinci uşaq olub. Ata-ana bacı qardaşa qarşı çox həssas istiqanlı olub. Evin bütün işlərini öz üzərinə götürmüşdü.
20 yanvar hadisələrini televiziyada göstərirdilər. O, buna dözməyib əlini stola bərk vurub dedi ki, belə vəhşilik olar?
Oğlum çox vətənpərvər idi, həmin vaxtı çox uşaq Rusiyaya işləməyə gedirdi. Oğluma dedim ki, sən niyə getmirsən? Dedi ki, mən on ildən sonra geri gələndə məhəllənin uşaqları mənə “dezertir” desinlər. Belə kişilik olar?, heç vaxtı mən kənara getmərəm.
Onun nəşini gətirən zaman siyasi proseslərin çətin vaxtları idi. Millət küçələrə axışıb Natiqin nəşini xüsusi qarşıladılar. “
Bəşir dayı Ümummilli lider Heydər Əliyevlə də, görüşüb Prezident aparatında, şəhid ailələri ilə görüşdə. 1968-ci ildə Bəşir dayı özü də, Çexoslavagiyada olan çevrilişdə sovet əsgəri kimi iştirak edib. Qiyamı yatırdıblar. Natiqin adını nəvəmə verdim. Ali təhsillidir və hal hazırda hərbi xidmətdədir.
Natiqin atası Bəşir dayı və anası Səfiyyə xanım bu gün də, nəvələrini vətənpərvərlik ruhunda böyüdürlər.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Natiq Məmmədovun da, qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.