Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Aşağı Tala
kənd sakini Abdurahmanov Fərman Ramazan oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Aşağı Tala kəndinə yollandıq.
Şəhid haqqında rəsmi məlumatları olduğu kimi çatdırmaq istəyirik: Abdurahmanov Fərman Ramazan oğlu 1975-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 02.07.1993-cü ildə həqiqi hərbi xidmətə çağrılıb. 14.01.1994-cü Füzuli rayonunun Əhmədxanlı kəndi uğrunda gedən ağır döyüşlərdə itkin düşüb.
Şəhidimiz haqqında ətraflı məlumatları isə, onun qardaşı qızı Nəzmiyyə xanımla həmsöhbət olduqdan sonra əldə edə bildik: Abdurahmanov Fərman Ramazan oğlu 1975-ci il iyunun 14-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuşdur. Ailədə üç qardaş olublar. 1981-ci ildə Tala kənd orta məktəbinə gedib. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Füzulidə Zəngilan batalyonunda olub. 1994-cü ilin yanvarında əsir götürülüb, Qarabağ bizimdir dediyi üçün alnına xaç çəkib doğrayıblar. 23 nəfər olub bunlardan biri də Cavid Hüseyinovdur. Yeni il hədiyyəsi gətirmişik deyə Cavid Hüseyinova veriblər o da, torbanı açanda görüb ki, əmim Fərman və yanındakı əsirlərdir. Onları Xocalıda ağacın dibində basdırıblar.
Əmimi heç görməmişəm qohumlarımız, qonşularımız həmişə deyirlər ki, çox mehriban, zarafatcıl oğlan olub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Fərman Abdurahmanovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.