Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala Şəhər sakini Xurşudov Namiq Əli oğludur.
Şəhid haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala şəhərinə yollandıq.
Şəhidimizin anası 77 yaşlı Gözəl anayla görüşüb xeyli söhbətləşdik:
Oğlum Xurşudov Namiq Əli oğlu 1974-cü il avqustun 9-da şəhərdə doğulub. 1992-ci ildə şəhər 1 saylı orta məktəbi bitirib. 1993 -cü il yanvarın 12-də həqiqi hərbi xidmətə gedib. 1993-cü il fevralın 12-də isə Qarabağa, döyüşə gedib. Bir neçə gün sonra, 16-da, yoxa çıxıb. Hadisə Sərsəng su anbarı ətrafında olub. 1993-cü ilin fevral ayından ilin sonuna kimi döymədiyim qapı qalmadı. Bütün dövlət qurumlarında oldum.
Ailədə 3 uşaq olublar 2 oğlan 1 qız. Namiq evin sonbeşiyi olub. Rəssamlığı olub taxta yonub. Oğlum əvvəlcə Şəmkirdə hərbi hissədə olub. Son döyüşündə 60 nəfər birgə itgin düşüblər. Namiqə deyirdik ki, bacı qardaşın oxuyur bəlkə gözləyəsən, cəbhəyə getməyəsən. O da, deyirdi ki, ana-bacının namusunu kim qoruyacaq? Mən dostlarımla birgə gedib Vətəni kişi kimi qorumalıyam.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Xurşudov Namiq Əli oğlunun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.